Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qarabağda qadın sahibkarların təqdim etdiyi layihələr də yer alacaq

Bundan başqa mənfəət, gəlir, torpaq, əmlak vergiləri də 10 il müddətində sadələşdirilmiş vergidən azad olunur.

21.12.2022 09:53
34
A+
A-

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə çalışan şəxslərin aylıq gəlir və maaşları 10 il müddətində məcburi dövlət sosial sığorta haqlarından azad olunacaq.

Bəs, əgər işçilərdən Sosial Müdafiə Fonduna ödəmələr olmasa, bu, onların pensiya kapitalında necə əks olunacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov dedi ki, Azərbaycan Respublikası Prezidentinin “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrası olaraq həmin ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, müasir infrastrukturun yaradılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması, eyni zamanda əmək resurslarının səmərəli idarə olunması üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur.

Bu istiqamətdə tədbirlərdən biri kimi, həmin ərazilər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrin subsidiyalaşdırılması mexanizminin tətbiqi də nəzərdə tutulub. Belə olan halda sığortaolunanların ödəmələri və fərdi hesablarında pensiya kapitalının toplanması prosesi yenə də davam edəcək. Ödənilən sosial sığorta haqlarının isə dövlət büdcəsi tərəfindən  subsidiyalaşdırılması nəzərdə tutulur.

“İşğaldan azad edilmiş ərazilərdə çalışmaq istəyən sahibkarların sayı məlumdurmu? Qadın sahibkarlar da, yəqin ki, fəaliyyət göstərəcək. Onların da sayı kifayət qədər olacaqmı?” sualını cavablandıran deputat dedi ki, qadınların ölkənin ictimai-siyasi həyatında rolu dövlət üçün prioritetdir. Bunu bütün dövlət qurumlarında çalışan, istərsə də sahibkarlıqla məşğul olan xanımlarımızın fəaliyyətini izlədikdə aydın görmək mümkündür: “Təbii ki, işğaldan azad edilən ərazilərdə qadın sahibkarların təqdim etdiyi dəyərli layihələr də yer alacaq. Əgər onların təklifləri rentabelli və ərazilərimizin abadlığı üçündürsə, niyə də olmasın. Məncə, bu barədə danışmaq, hələ ki, tezdir. Yəni indi işğaldan azad edilmiş ərazilərdə infrastruktur və logistika layihələri həyata keçirilir”.

İqtisadçı-ekspert Eldəniz Əmirov dedi ki, işğaldan azad olunmuş ərazilərimizdə müxtəlif 10 illik güzəştlər nəzərdə tutulur ki, bunlar da vergi, gömrük, əlavə dəyər vergisi (ƏDV) və idxal olunmuş məhsullarla bağlı olan güzəştlərdir. Həmçinin sosial sığorta məsələlərində də güzəştlər var. Amma bu, yığım məsələsinə öz mənfi təsirini göstərməyəcək, çünki sahibkarlar bu ödənişlərdən azad olunurlar. Beləliklə, burada əməkdaşların pensiya kapitalına da hər hansı bir əks göstərişdən söhbət gedə bilməz: “Bundan başqa, mənfəət, gəlir, torpaq, əmlak vergiləri də 10 il müddətində sadələşdirilmiş vergidən azad olunur. Eyni zamanda öz fəaliyyətlərinə birbaşa təsir edən idxal məhsullarına, avadanlıqlara, texnoloji vasitələrə də bu müddət ərzində ƏDV, gömrük-vergi güzəştləri tətbiq olunmur. Və nəhayət, mehmanxana və oteldə qalanlar üçün nağdsız ödənişlərin 30 faiz ƏDV-sinin geri qayıdışı da həyata keçirilir. Qadın sahibkarların fəaliyyətinə gəlincə isə, ümumiyyətlə, ölkədə qadın sahibkarlar sahibkarlarımızın 21 faiz üzərindən təxminən 5-də birini təşkil edir. Bu ərazilərdə qadın sahibkarların fəaliyyəti, təbii ki, olacaqdır. Amma hansı nisbətdə olacaq, onu indidən demək çox çətindir. Orada fəaliyyətə başlaması üçün bəzi sahibkarlar artıq müraciət edirlər. Və demək olar ki, onların sayı çoxdur. Müraciətlərin qeydiyyatı aparılır, sistemləşdirilir. Mərhələli şəkildə fəaliyyətə icazə veriləcək. Amma, hələ ki, sülh müqaviləsinin imzalanmaması, minadan təmizləmə işlərinin yekunlaşmaması bu işi bir qədər ləngidir”.

 

Aliyə SƏMƏDOVA