Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyinə həsr edilən  təntənəli yığıncaqda

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin ÇIXIŞI

08.02.2023 09:59
92
A+
A-

- Hörmətli tədbir iştirakçıları!

Əziz qonaqlar!

Bacılar və qardaşlar!

İlk növbədə, icazə verin, Sizin adınızdan və öz adımdan möhtərəm Prezidentimizə 30 illik yubileyimiz münasibətilə təbrikinə, xoş sözlərinə və qiymətli tövsiyələrinə görə dərin təşəkkürümüzü bildirim.

Bildiyiniz kimi, 22 nəfər həmkarlar ittifaqı lideri uğurlu fəaliyyətlərinə görə ölkəmizin orden və medalları ilə təltif edilmişdir. Bu qayğıya görə də cənab Prezidentimiz İlham Əliyevə minnətdarıq.

30 il bundan əvvəl - 1993-cü il fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) təsis olunub. Bu münasibətlə Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini, bu təsisatda çalışan və qurumun səmərəli fəaliyyətinə mühüm töhfələr verən hər bir şəxsi səmimi-qəlbdən təbrik edir, xoş və firavan həyat arzulayıram.

Əziz qonaqlar, bu gün bizimlə birlikdə olan, sevincimizi bölüşən dövlət və hökumət nümayəndələrinə, deputat və sosial tərəfdaşlarımıza, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, xarici ölkə həmkarlar ittifaqlarının nümayəndələrinə, bütün media təmsilçilərinə və digər qonaqlarımıza “Xoş gəlmisiniz” deyirəm.

İzin verin, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin, Vətənimizin azadlığı və müdafiəsi naminə şəhid olmuş oğul və qızlarımızın, həyatını itirmiş həmkarlar ittifaqı liderlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Hörmətli həmkarlar!

Bu salonda oturanların da bir çoxlarının yadındadır ki,  sovetlər birliyi dağıldıqdan sonra bütün sahələrdə köklü islahatlar aparmaq zərurəti meydana çıxdı. Həmkarlar ittifaqlarının ozamankı strukturu islahatlar keçirməyə imkan vermirdi. Ona görə də 1992-ci ildə zamanın tələbini daha yaxşı dərk edən bir qrup həmkarlar ittifaqı lideri - Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri həmkarlar ittifaqlarının sədrləri növbədənkənar qurultay çağırmaq təşəbbüsünü qaldırdı.

Yeri gəlmişkən, o vaxt mən Avtonəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqına rəhbərlik edirdim. Təşəbbüs öz bəhrəsini verdi. 1993-cü il fevralın 5-də keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Bu elə bir dövrdə baş verdi ki, həmkarlar ittifaqlarının sanatoriyalarını, hətta inzibati binasını əlindən almağa çalışırdılar. 1992-ci ildə ovaxtkı ölkə başçısı mərhum Əbülfəz Elçibəy bizim inzibati binamızın Xarici İşlər Nazirliyinə, sanatoriyalarımızın isə Səhiyyə Nazirliyinin balansına verilməsi barədə qeyri-qanuni sərəncam imzalamışdı. Həmkarlar ittifaqlarının qətiyyəti, atdığı qabaqlayıcı addımlar öz bəhrəsini verdi. Yenidən hakimiyyətə qayıtmış Ulu Öndər Heydər Əliyevin imzaladığı 15 dekabr 1993-cü il tarixli 42 saylı Fərmana əsasən, 1992-ci ildə verilmiş həmin sərəncam ləğv edildi. Sağlamlıq və müalicə ocaqlarımızın Səhiyyə Nazirliyinin balansına verilməsi ilə bağlı sərəncam isə 25 oktyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə ləğv olundu. 

1994-cü ildə keçmiş postsovet məkanında birincilər sırasında  Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu.

Hörmətli tədbir iştirakçıları!

Bu gün məhz həmin qanun sayəsində AHİK öz sıralarında 1,5 milyonadək həmkarlar ittifaqı üzvünü birləşdirir. Bu quruma 27 həmkarlar ittifaqı mərkəzi, o cümlədən 501 şəhər, rayon həmkarlar ittifaqı təşkilatı, 60 birləşmiş həmkarlar ittifaqı komitəsi, 14202 ilk həmkarlar ittifaqı təşkilatı daxildir.

Biz fəaliyyətimizin ən vacib istiqamətlərindən birini qarşılıqlı əmək və sosial-iqtisadi münasibətlər əsasında formalaşan sosial tərəfdaşlıq prinsipində görürük. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Sazişin bağlanması sosial tərəfdaşlığın müsbət nümunəsidir.

Həmin sənədin əsasında sahə həmkarlar ittifaqı respublika komitələri tarif sazişi, ilk həmkarlar ittifaqı təşkilatları isə kollektiv müqavilələr imzalayırlar. Hazırda 11476 kollektiv müqavilə, 122 tarif sazişi fəaliyyət göstərməkdədir.

AHİK yarandığı gündən işçilərin sosial təminatlarına dair qanun və proqramların, normativ-hüquqi sənədlərin işlənib hazırlanmasında fəal iştirak edir. İndiyədək qanunverici və icra orqanlarının hazırladığı 544-dən çox qanun layihəsinə öz təkliflərimizi vermişik. Onların əksəriyyəti nəzərə alınmışdır.

Həmin təkliflərdən birini xüsusi vurğulamaq istəyirəm. Əmək Məcəlləsinin 2008-ci ildə dəyişdirilmiş 80-ci maddəsinə əsasən, işəgötürən həmkarlar ittifaqı üzvünü həmkarlar ittifaqı təşkilatının razılığı olmadan işdən azad edə bilməz. İşçini işdən azad etmək istəyən işəgötürən müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış təqdimat yazır. Müəssisənin həmkarlar ittifaqı təşkilatı isə on gün müddətinə bu məsələyə öz münasibətini bildirir. Təkcə ötən il həmkarlar ittifaqı təşkilatlarına 739 belə müraciət edilmişdir. Müraciətlərin 36 faizinə mənfi cavab verilmişdir. Yəni 264 nəfər öz iş yerlərində saxlanılmışdır.

Bu da nəticədə həmkarlar ittifaqlarının nüfuzunun artmasına və sıralarımızın genişlənməsinə imkan yaradır.

Yeri gəlmişkən, fəaliyyətimizin ilk illərindən indiyə kimi 3 milyona yaxın ərizə və şikayətə baxılıb, 100 minə yaxın işçinin pozulmuş  hüquqları bərpa olunub.

2023-cü il yanvarın 1-dək həmkarlar ittifaqlarına 162078 ərizə və şikayət daxil olmuşdur. Onların 97%-i müsbət həllini tapmışdır. Əmək hüquqlarının müdafiəsi ilə bağlı 1698 müraciət almışıq. AHİK və üzv təşkilatlarına işə bərpa ilə əlaqədar olunan 225 müraciətdən 135-i müsbət həll edilib. Məhkəmələrdə əmək mübahisəsinə aid 11 iddia qaldırılmışdır ki, onların da əksəriyyəti təmin olunmuşdur. 

Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaranmasının təşəbbüskarı da AHİK olmuşdur. Bu komissiyanın yaranması zərurəti bizim təşəbbüsümüzlə həm Baş Kollektiv Sazişə salınmış, həm də Layiqli Əmək üzrə ölkə proqramlarının layihələrinə daxil edilmişdir. Qurumun tərəfimizdən hazırlanmış Əsasnamə layihəsini BƏT-in ekspertləri də müsbət qiymətləndirdi.  Nəticədə 30 sentyabr 2016-cı ildə Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradıldı. Bu günədək komissiyanın iclaslarında 26 məsələ müzakirə olunmuşdur. AHİK 2018 və 2021-ci illərdə Komissiyaya sədrlik edib.

Fürsətdən istifadə edib, qarşılıqlı konstruktiv əməkdaşlığa, işçilərin sosial-iqtisadi problemlərinin həllində, onların rifah halının yaxşılaşdırılmasında birgə fəaliyyətlərinə görə tərəfdaşlarımıza - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına səmimi təşəkkürlərimi çatdırmaq istərdim.

Əziz həmkarlar!

Əhalinin rifah halının yaxşılaşdırılmasını rəqəmlər daha yaxşı ifadə edir. Son 30 ildə ölkəmizdə əhalinin gəlirləri 8,9 dəfə çoxalmışdır, orta aylıq əməkhaqqı 10,7 dəfə artaraq 829 manata çatmışdır. 2023-cü ilin əvvəlinə olan məlumata görə, ölkəmizdə 133 milyard 825,8 milyon manat həcmində ümumi daxili məhsul istehsal olunmuşdur. Ölkəmizin xarici borcu isə ümumi daxili məhsulun 9,5 faizini təşkil edir. Bu rəqəm inkişaf etmiş ölkələrlə müqayisədə belə ən yaxşı göstəricilərdəndir.

Biz uzun illər idi ki, Yenidən Baxılmış Avropa Sosial Xartiyasının tələblərinə uyğun olaraq, minimum əməkhaqqının mərhələlərlə orta aylıq əməkhaqqının azı 60 faizi həddinə çatdırılması üçün hökumət orqanları ilə danışıqlar aparırdıq. Respublika Prezidentinin cənab İlham Əliyevin bu ilin əvvəlində imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam ilə minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata çatdırıldı. Bu isə orta əməkhaqqının 40-42 faizi deməkdir. Ümumilikdə bu il pensiya və digər sosial ödənişlərə  artımlar edilmişdir. Bunun üçün ölkə büdcəsindən əlavə 750 milyon manat vəsait ayrılmışdır. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcəkdir.

Xanımlar və cənablar!

İnsanlara qayğı mövzusuna toxunmuşkən yaxın keçmişə də nəzər salmalıyıq. Məlumdur ki, 2019-cu ilin sonlarından başlayaraq bütün dünya gözlənilmədən böyük bir təhlükə ilə üz-üzə qaldı. Koronavirus adlı qorxunc xəstəlik insanların kabusuna çevrildi, dünyada 100 minlərlə insan bu xəstəliyin qurbanı oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında görülən tədbirlər nəticəsində dövlətimiz bəşəriyyətin başı üstünü qəfil almış COVID-19-la mübarizədə vəziyyəti nəzarətdə saxlaya bildi.

Bununla əlaqədar olaraq Prezidentin sərəncamı ilə Nazirlər Kabineti Tədbirlər Planı hazırladı. Məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması məqsədilə işsizlikdən sığorta ödənişlərini təmin etmək, işçilərə lazımi maliyyə dəstəyi göstərməklə onların iş yerlərinin qorunması, işsiz və müvəqqəti işini itirən, aztəminatlı təbəqəyə məxsus olanlara müavinətin verilməsi üçün 3,5 milyard manatdan çox vəsait sərf edildi. 

Pandemiya şəraitində işçilərin əsassız ixtisarlarının, işdən azad edilməsinin qarşısının alınması məqsədilə AHİK, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası adından işəgötürənlərə bildiriş göndərildi.

Ölkəmizin digər qurumları ilə yanaşı, AHİK və üzv təşkilatları da koronavirus infeksiyasının qarşısının alınması işinə yardımçı olmaq üçün bütün imkanlarını səfərbər etdi. Koronavirusla Mübarizəyə Dəstək Fonduna, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə, Naxçıvan Muxtar Respublikasına koronavirusla mübarizə üçün vəsaitlər köçürüldü. Bu məqsədlər üçün eyni zamanda aztəminatlı ailələrə ərzaq və maddi yardımlar göstərilməsinə 20 milyon manatdan çox vəsait xərclədik.

Dəyərli həmkarlarım!

Koronavirus bəlası ilə birlikdə Azərbaycanın başının üstünü daha böyük bir fəlakət aldı.

Azərbaycanın 20 faizə qədər ərazisini təxminən 30 il işğal altında saxlayan Ermənistan 2020-ci il sentyabrın 27-də sərhədlərimizdə yeni təxribatlar törətdi. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatı başlandı. 44 gün davam edən ağır döyüşlər ermənilərin əzəli torpaqlarımızdan rüsvayçılıqla qovulması ilə nəticələndi. 30 illik işğal sona çatdı.

10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin döyüşlərin dayandırılması  barədə birgə bəyanat imzaladılar.

Döyüş meydanında məğlubiyyətə uğramış Ermənistan beynəlxalq miqyasda Azərbaycana qarşı qərəzli siyasət kampaniyası aparır. Bu da, təbii ki, sülh müqaviləsinin bağlanmasına maneçilik törədir. Bəzi dövlətlər, siyasi dairələr, konkret desəm, Fransa Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi tutub.

Bu günlərdə Avropa İttifaqının parlamentində Azərbaycana qarşı heç bir əsası olmayan, qərəzli qətnamə qəbul edilib.

Mən bu kürsüdən fransalı həmkarlarıma müraciət edirəm: haqqı, ədaləti bir kənəra qoyub hansısa maraqlar naminə ermənipərəst siyasət yürüdənlərin Azərbaycana qarşı məkrli mövqeyinə etiraz edin! Siz bununla həm Azərbaycanda, həm də Ermənistanda minlərlə işçinin hüquqlarını qorumuş olarsınız.

Məlumat üçün diqqətinizə çatdırım ki, Azərbaycan həmkarlar ittifaqları 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə “Silahlı Qüvvələrə Yardım Fondu”na,  “YAŞAT” Fonduna, Qarabağ Dirçəliş Fonduna, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan və müharibədən əziyyət çəkən sakinlərə, Naxçıvan Muxtar Respublikasının həmkarlar ittifaqlarına və eləcə də  şəhid ailəsi və qazilərə 10 milyon manatdan çox vəsait xərcləmişdir. 

Şəhid ailələrinə və qazilərə yardım göstərmək,  eyni zamanda dövlətimizin bu sahədə yükünün bir hissəsini öz üzərinə götürmək məqsədilə AHİK-in İcraiyyə Komitəsinin qərarları ilə erməni təxribatı nəticəsində aparılan döyüş əməliyyatlarında şəhid olmuş 202 hərbçinin 347 övladı himayəyə götürülüb. Onların hər biri 18 yaşına çatana qədər maddi yardımla təmin olunacaqdır. Himayəyə götürülmüş uşaqlara təqribən 5 milyon manatdan çox vəsait xərclənəcəkdir.

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət nəticəsində əlil olmuş şəxslərin 2022-ci ilin sentyabr-dekabr aylarında sanatoriya-kurort müəssisələrində müalicə və istirahətlərini təşkil etmək məqsədilə AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə 357.000  manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına alınmış 400 ədəd yollayış qazi və şəhid ailələrinə pulsuz verilməsi üçün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir.

Hörmətli tədbir iştirakçıları!

AHİK həssas əhali qruplarının, şəhid ailələrinin, qazilərin özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə 2021-2022-ci illərdə Memorandum imzalamışdır. Memoranduma uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əvəzsiz olaraq 450.000 (dörd yüz əlli min) manat məbləğində maliyyə vəsaiti ayırmış və müvafiq qaydada xərclənmişdir. Eyni zamanda bu məqsədlər üçün Naxçıvan Muxtar Respublikasına 150.000 (yüz əlli min) manat vəsait köçürülmüşdür. Bununla yanaşı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə də Konfederasiya arasında sosial həssas əhali qrupları üzrə sahibkarlığın inkişafına yardım göstərilməsi sahəsində Əməkdaşlıq Sazişi imzalanmış və müvafiq olaraq 150.000 (yüz əlli min) manat vəsait ayrılaraq aidiyyatı üzrə sərf edilmişdir.

Hörmətli həmkarlar!

Məşğulluq məsələlərinə toxunmuşkən Beynəlxalq Əmək Təşkilatı və sosial tərəfdaşlarımızın iştirakı ilə işlənib hazırlanmış “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nı yada salmamaq olmaz. Həmin sənədin həyata keçirilməsi ilə bağlı AHİK-in İcraiyyə Komitəsi Konsepsiya qəbul etmişdir.

BƏT-in dəstəyi ilə Bakıda və regionlarda bu mövzu ilə bağlı 43-ə yaxın seminar, konfrans və dəyirmi masa keçirilmişdir. BƏT-in sabiq Baş direktoru Qay Rayder 2018-ci ildə Bakıda səfərdə olmuş, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlığı yüksək qiymətləndirmiş, əlaqələrin davamlı olmasını arzulamışdır.

AHİK ölkəmizdə ratifikasiya olunmuş 58 konvensiyanın tələblərinin yerinə yetirilməsi üçün bütün imkanlarından istifadə edir. Biz, həmkarlar ittifaqları olaraq, işçilərin sosial problemlərinin həllinə xidmət göstərə biləcək digər konvensiyaların da ratifikasiyasında maraqlıyıq.

AHİK-in İcraiyyə Komitəsi tərəfindən “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri 2015-2030-cu illər Gündəliyi-Həmkarlar ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası” sənədi qəbul edilmiş və BƏT-lə birlikdə bir sıra tədbirlər həyata keçirilmişdir.

Sevindirici haldır ki, Konfederasiyamız BƏT tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş iki prioritet həmkarlar ittifaqı təşkilatından biridir.

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirən keçmiş sovet dövlətləri arasında yeganə ölkədir ki, Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumunda üç dəfə (2017,  2019 və 2021-ci illərdə) Könüllü Milli Hesabat təqdim edib. Bu göstəriciyə görə ilk onluqda yer alır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da ötən il Dayanıqlı İnkişaf Məqsədlərinin öhdəliklərini yerinə yetirmək üçün Azərbaycanda həyata keçirilən tədbirlərə dair öz könüllü qiymətləndirmə hesabatını hazırlayıb. Burada 5 il ərzində görülən işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumatlar verilibdir. Bu hesabatla bağlı yerlərdə müvafiq tədbirlər keçirilmiş, 3000 həmkarlar ittifaqı fəalının iştirakı ilə seminarlar təşkil edilmişdir.

Hörmətli tədbir iştirakçıları!

Dayanıqlı İnkişaf Məqsədlərində hər bir işçi üçün layiqli iş yeri və təhlükəsiz istehsalat mühiti yaradılmasına xüsusi önəm verilir. Layiqli əməyin konseptual əsaslarını təşkil edən elementlər içərisində əməyin mühafizəsi mühüm yer tutur.

Bunu nəzərə alaraq 2009-cu ildən “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə keçiririk. Ötən dövr ərzində bu tədbirə 20500 müəssisə və təşkilat qatılıb, onlardan 530-u bu yüksək ada layiq görülərək Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Həmkarlar ittifaqının tələbi ilə son 6 ildə 19824 iş yerində həyata keçirilmiş attestasiya 708 texnoloji avadanlıq, maşın və mexanizmlər standartlara uyğunlaşdırılmış, 12022 işçinin əlverişsiz iş şəraitində çalışdırılmasına son qoyulmuşdur.

Dayanıqlı İnkişaf Məqsədləri gender bərabərliyini də prioritet vəzifələr səviyyəsinə qaldırdı. AHİK hələ 2006-cı ildə “Gender siyasəti Konsepsiyası”nı qəbul etmişdir. Konsepsiyaya əsasən, “Kollektiv müqavilələrdə gender yanaşmasını tətbiq etmək” və “Həmkarlar ittifaqı təşkilatlarının rəhbərliyində kişi və qadınların təmsil edilməsinin tarazlaşdırılması” üzrə tövsiyələr hazırlanmış, Konfederasiyanın nəzdində “Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəz” yaradılmışdır.

Həmkarlar ittifaqı üzvlərinin 52 faizini qadınların təşkil etməsi bizi bu məsələyə xüsusi həssaslıqla yanaşmağa çağırır. Hər il gender bərabərliyini səciyyələndirən statistik hesabatların araşdırılması qadın və kişilər üçün bərabər hüquq və imkanların təmin olunmasında vacib addımlar atıldığını göstərir.

Təsadüfi deyildir ki, gender problemləri ilə bağlı məsələ Milli Məclisdə müzakirə edilərkən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatında AHİK-in gördüyü işlər müsbət qiymətləndirilmişdir. Dayanıqlı İnkişaf Məqsədləri daha bir məsələni ön plana çəkdi - gənclərlə iş.

Həmkarlar ittifaqı üzvlərinin 38,5 faizini gənclər (29 yaşadək) təşkil edir. Hazırda sahə həmkarlar ittifaqlarının böyük əksəriyyətində Gənclər Şurası fəaliyyət göstərir və gənclərlə mütəmadi iş aparılır.

Ayrı-ayrı sahələrdə fəaliyyət göstərən gənclər arasında müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağın artırılması, qüvvə və bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi, həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsi məqsədilə “İlin peşəkar gənci” fəxri adı təsis edilmişdir. İndiyədək əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyətlər qazanmış 434 gənc “İlin peşəkar gənci” fəxri adına layiq görülüb.

C.Naxçıvanski adına Hərbi Liseyin əlaçı müdavimlərinə hər il həmkarlar ittifaqlarının pul mükafatı verilir. Həmçinin ali təhsil müəssisələrində təhsildə uğur qazanmış, ictimai işlərdə fərqlənmiş tələbələrə də “Adlı təqaüd” verilir. İndiyədək 3000 nəfərə qədər gənc bu təqaüdə layiq görülüb. Bir neçə ali məktəbdə aztəminatlı ailələrdən olan 300-dək tələbənin nahar xərcləri, onlarla imkansız tələbənin təhsil haqlarının 30%-i, bəzilərinin isə 100%-i həmkarlar ittifaqı tərəfindən ödənilir. Hər il tələbə-gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, onlarda elmə marağın aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində addımlar atılır.

Gənclər həmkarlar ittifaqlarının idman təşkilatlarında da təmsil olunur. Ötən illər ərzində idmançılarımız dünya, qitə çempionatlarında, Olimpiya, İslam Həmrəyliyi, Avropa oyunlarında 2639 qızıl, 2028 gümüş, 2496 bürünc medal qazanmışlar.

Hörmətli həmkarlar!

Şübhəsiz ki, idman sağlamlığın rəhnidir. Amma üzvlərimizin sağlamlığı da diqqətimizdədir. Hər il sanatoriya-kurort müəssisələrində orta hesabla 130.000-ə yaxın, o cümlədən sosial sığorta vəsaitləri hesabına 20.000 vətəndaşımız dincəlir, müalicə olunur. Həmkarlar ittifaqlarının özünün büdcə vəsaiti hesabına hər il orta hesabla 110 mindən çox həmkarlar ittifaqı üzvü, onların ailələri sanatoriya-kurort və istirahət ocaqlarından istifadə edirlər. Sahə həmkarlar ittifaqları toplanan üzvlük haqlarına qənaət edərək yeni istirahət ocaqları tikməyə təşviq edilmişdir. Təhsil, Dəmiryolçular, Dövlət İdarələri və İctimai Xidmət, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı respublika komitələri öz üzvləri üçün istirahət evləri inşa etmişlər. Hər il minlərlə sahə həmkarlar ittifaqı üzvü və onların ailələri bu obyektlərdə dincəlirlər. 

   Nəzərinizə çatdırım ki, həmkarlar ittifaqı üzvlərinin uşaqları da bu xidmətlərdən istifadə edirlər. Həmkarlar ittifaqının təşkilatçılığı ilə hər il 35.000-ə yaxın uşaq istirahət ocaqlarında dincəlir.

Hörmətli tədbir iştirakçıları!

AHİK həm də həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirməkdədir. AHİK-in İcraiyyə Komitəsinin qərarları ilə tarixi və bayram günlərində respublikamızın paytaxtı və 76 rayonunda yaşayan aztəminatlı ailələrə, o cümlədən şəhid və qazi ailələrinə bayram sovqatları göndərilir. 2020-ci ilin aprel ayından 2022-ci ilin sonunadək bu qəbildən olan 27.000-ə yaxın ailəyə bayram sovqatları göndərilmişdir. Bundan əlavə, AHİK və həmkarlar ittifaqlarının bütün vəsilələri hər il ehtiyacı olan 145000 işçiyə ümumilikdə 11 milyon manata yaxın maddi yardım göstərir.

Əziz dostlar!

Tədbirin əvvəlində qeyd etdik ki, bu salonda 50-yə yaxın əcnəbi həmkarımız bizimlədir. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dünya ölkələrinin 70-dən çox həmkarlar ittifaqları mərkəzi ilə əməkdaşlıq edir.

Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq həmkarlar ittifaqı hərəkatında oynadığı rol nəzərə alınaraq AHİK-in rəhbəri son üç seçkidə BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib. Yeri gəlmişkən, bu yaxınlarda AHİK-in nümayəndəsi Pan Avropa Regional Şurası Qadınlar Komitəsinin prezidenti seçilmişdir.

Hörmətli tədbir iştirakçıları!

Çıxışımın əvvəlində qeyd etdiyim kimi, Azərbaycan uzun illər müharibə şəraitində yaşayıb. Yüz minlərlə insanımız həyatını itirib, xeyli sayda vətəndaşımız itkin düşüb. Müharibənin  bütün ağırlığını xalqımız öz taleyində yaşayıb. Bildiyiniz kimi, Rusiyanın Ukraynaya təcavüzü bir ilə yaxındır ki, davam edir. Ukraynadan bizim əməkdaşlıq etdiyimiz iki təşkilatın nümayəndələri Bakıya gəlmək istəyirdilər. Lakin son anda cəbhədə vəziyyətin gərginləşməsi ilə əlaqədar qərarlarını dəyişdilər. Biz müharibənin bütün dəhşətlərini yaşamış bir xalq olaraq qətiyyətlə bu müharibəni pisləyir, Rusiyanı öz qoşunlarını Ukraynadan geri çəkməyə çağırırıq. Yeri gəlmişkən, bu müharibənin əvvəlindən Azərbaycan Ukraynanın yanında  yer almışdır. Bu günə qədər Ukraynaya milyonlarla dollarlıq yardımlar göstərilmişdir və göstərilir.

Biz də dost ölkənin həmkarlar ittifaqlarına maddi və mənəvi dəstəyimizi əsirgəmirik.

Biz Belarusda baş verənlərdən də çox narahatıq. Bu yaxınlarda müttəfiqimiz olan Belarus Demokratik Həmkarlar İttifaqları Konqresinin rəhbərləri azadlıqdan məhrum edilmişlər. Biz Belarus hökumətindən onları tezliklə azadlığa buraxmağı tələb edirik.

Hörmətli tədbir iştirakçıları!

AHİK-in hədəfləri yoxsulluğun bütün formalarına son qoymaq, sağlam yaşamı təmin etmək, rifah halını yaxşılaşdırmaq, keyfiyyətli təhsilə, gender bərabərliyinə nail olmaq, məşğulluğu və layiqli əməyi təşviq etmək, qlobal əməkdaşlığı canlandırmaq olan Dayanıqlı İnkişaf Məqsədlərinin bu gün qarşımıza qoyduğu çağırışlardır. Əminəm ki, onların fonunda 2030-cu ilədək həmkarlar ittifaqları da “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, həmin hədəflərə çatmaq uğrunda mübarizə aparmaq üçün bütün səylərini səfərbər edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm!

ETİKETLƏR: