Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Firmama olan borcun ödənilməsi barədə məhkəməyə müraciət etmək istəyirəm. 8000 manat əsas borcdur, 9500 manat isə faizlərdir. Deyirlər ki, əsas borc 10000 manatdan az olduğuna görə işə sadələşdirilmiş qaydada baxlmalıdır. Bu qayda barədə məlumat verməyinizi xahiş edirəm.

Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilə bilər.

30.06.2021 10:14
12
A+
A-

Firmama olan borcun ödənilməsi barədə məhkəməyə müraciət etmək istəyirəm. 8000 manat əsas borcdur, 9500 manat isə faizlərdir. Deyirlər ki, əsas borc 10000 manatdan az olduğuna görə işə sadələşdirilmiş qaydada baxlmalıdır. Bu qayda barədə məlumat verməyinizi xahiş edirəm.

Səbinə VƏLİYEVA, Sumqayıt şəhəri.

 

- Mülki Prosessual Məcəllənin 23-1 fəslinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar kiçik iddialar adlanır və bu cür işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizə məhkəməyə ümumi qaydada verilir. Borc kommersiya fəaliyyəti ilə bağlı olduğuna görə kommersiya məhkəmələrinə müraciət olunmalıdır. Amma qanun əsas borcun məbləğinin 10000 manatdan az olması halında deyil, ümumilikdə borcun (sizin firmaya borc 17500 manat təşkil edir) həmin məbləğdən az olması halında işə sadələşdirilmiş qaydada baxılmasını tələb edir. Buna baxmayaraq, nəzərinizə çatdırmaq istəyirik ki, məhkəməyə verilən ərizədə ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdehin adları, onların poçt ünvanları, iddiaçının tələbi və onun əsaslandığı hallar, tələbin əsaslığını təsdiq edən sənədlə, əlavə edilən sənədlərin siyahısı qeyd edilməli, ərizə ümumi qaydada verildikdə iddiaçı tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir.

Ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının elektron imzası ilə təsdiq olunur.

Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilə bilər.

Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

 

İşəgötürən tərəfindən Əmək Məcəlləsinin hansı maddələrinə əsasən işçinin əmək müqaviləsinə xitam verilə bilər? Deyirlər ki, bu qaydalar pozulduqda işəgötürən cərimə olunur. Bu barədə  məlumat verməyinizi xahiş edirəm.

 

Əhməd ƏHMƏDOV, Ucar rayonu.

- Əmək Məcəlləsinin 68-ci maddəsində qeyd edilir ki, əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Bu əsaslar aşağıdakılardır;

a) tərəflərdən birinin təşəbbüsü;

b) əmək müqaviləsinin müddətinin qurtarması;

c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar;

d) tərəflərin iradəsindən asılı olmayan hallar;

e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əgər belə hal olarsa, bu, əmək qanunvericiliyinin pozulması hesab edilir və bu, inzibati məsuliyyətə səbəb olur.

 

55 yaşım var. 5 uşaq anasıyam, əmək müqaviləsi ilə işləyirəm. 5 uşağa görə pensiyaya çıxa bilərəmmi?

 

Şəhnaz NƏSİROVA, Lənkəran şəhəri.

- Qanunvericiliyə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Qanunun 7-ci maddəsinin tələblərinə əsasən isə, bu il iyulun 1-dək 62 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

55 yaşınız olduğu üçün yaşınız hər uşağa görə 1 il olmaqla 5 il azaldılsa da, yaşınız bu pensiyaya çıxmağa imkan vermir. Əgər bu il iyulun 1-nədək 57 yaşınız tamam olsa və pensiya təyinatı üçün maddədə qeyd olunan digər şərtlər də mövcud olsa idi, onda Siz pensiya təyinatı üçün müvafiq orqana müraciət edə bilərdiniz. Onda bu pensiya hüququndan istifadə edə bilərdiniz. Lakin yaşınız buna imkan vermir.

Qeyd edək ki, qadınlar üçün yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-nədək hər il 6 ay artırılır. Nəzərə alın ki, Sizin də yaşınız buna uyğun olaraq hər il 6 ay azaldılmaqla, başqa şərtlər də tam olmaqla, yaşa görə əmək pensiyası hüququ qazanacaqsınız.

ETİKETLƏR: