Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bahalaşmanın qarşısını almaq mümkündürmü?

Suallarımızı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və iqtisadçı-ekspert Natiq Cəfərli cavablandırıb.

08.09.2021 10:43
83
A+
A-

Son vaxtlar ərzaq məhsullarında qiymət artımı müşahidə olunur. Qiymətlərin bu tempdə artımı vətəndaşlar arasında narazılığa səbəb olur. Bəs qiymətlərin qalxmasına səbəb nədir? Bahalaşmanın qarşısını almaq mümkündürmü?

Suallarımızı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və iqtisadçı-ekspert Natiq Cəfərli cavablandırıb.

E.Hüseynov bildirdi ki, hazırda bahalaşma prosesi gedir və təəssüf ki, ölkəmizdə bahalaşan  qiymət bir daha enmir. Cənab Prezident iqtisadiyyatla bağlı iclaslarda dəfələrlə deyib ki, ölkədə karter sövdələşmələri, inhisarçılıq var və bütün bunların qarşısını almaq üçün müvafiq qurumlara tapşırıqlar verir. Lakin  hələ də bununla bağlı antiinhisar Məcəlləsi qəbul olunmayıb. Bunun səbəbini isə  qanunlarda axtarmaq lazımdır. 1995-ci ildə qəbul olunmuş “İstehlakçıların hüquqlarını müdafiə” haqqında qanuna 7 dəfə dəyişiklik edilsə də, heç bir müsbət nəticə əldə olunmayıb.  Qiymətlərin bahalaşması istehlakçının hüququnun pozulması deməkdir. İstehlakçı hüquqlarını qoruyan qanunlar kompleksi tezliklə yenilənməlidir.  Amma hazırda bu qanunları həyata keçirən dövlət qurumları iflic vəziyyətindədir. Ona görə ki, Azərbaycanda sahibkarlara hər cür dövlət dəstəyi  göstərilir, onların hüquqları dövlət səviyyəsində müdafiə olunur. Onlara, demək olar ki, toxunulmur, yoxlanılmır. Lakin investorlar bütün bunlardan sui-istifadə edərək  istehlakçı hüquqlarını  kobud şəkildə pozurlar. Fikrimcə, sahibkarlar da məsələyə anlayışla yanaşmalı, təkcə öz mənafeyindən deyil, həm də istehlakçı mənafeyindən çıxış etməlidirlər.

E.Hüseynov  gizli bir məqamın da olduğunu vurğuladı. Bildirdi ki, böyük marketlər taxçaları qarış-qarış mal istehsalçılarına  və yaxud təchizatçılara satırlar. Əldə etdikləri pullar isə dövriyyədən gizlədilir. Bu yaxınlarda  mənə marağıma səbəb olan şikayət ərizəsi göndərilib.  Arı balı istehsalçısı olan şəxs qeyd edib ki, mağaza şəbəkəsinə balımı qoymaq üçün müraciət etdim, lakin bunun üçün 18 min manat pul verməli olduğumu dedilər. Axı bu insanlar bizim vətəndaşımızdır, qiymətlərlə bu qədər oynamaq olmaz.  Düşünürəm ki, Nazirlər Kabineti bu məsələni araşdırmalıdır, marketlər üçün xüsusi qaydalar yaradılmalıdır. Bəzən hökumətin sosial proqramlarına marketlər dəstək verməlidir. Misal üçün,  zavod çörəklərinin qiymətinə hökumət qeyri-qanuni nəzarət edir. Lakin onu deyim ki, çörək biznesi ilə məşğul olan adamlar  bir qırmızı xəttin sərhəddindədirlər. Çünki dünya bazarında buğdanın, unun qiyməti qalxır. Azərbaycanda isə onu süni saxlamaq istəyirlər.  Marketlər bu işdə addım atmalıdırlar və sosial çörək istehsalçılarından yerpulu almamalıdırlar. Nə əlavə olunursa,  onu alsınlar.

E.Hüseynov onu da qeyd etdi ki, hazırda biznes qurumları müəyyən karter sövdələşmələri ilə qiymət təyin edirlər.  Hazırda ölkədə karter sövdələşmələri tüğyan edir. Məhz  buna görə də qiymətlər qalxan tempdə inkişaf edir. 

Natiq Cəfərli isə,  rəsmi hesablamalara görə, qiymət artımında son vaxtların ən yüksək göstərici müşahidə olunduğunu vurğuladı.  Qeyri-rəsmi hesablamlara görə isə, ərzaq qiymətlərinin artımı daha sürətlə gedir. Artım ikirəqəmli hədd səviyyəsinə qalxıb. Bunun obyektiv səbəbi bütün dünyada ərzaq bahalaşması ilə də əlaqələndirilir. Ərzaq indeksində son bir ildə  daha çox artım müşahidə olunur.  Səbəbi isə  pandemiya ilə əlaqədar sərhədlərin qapanması,  həm də logistikanın bahalaşması  ilə əlaqədardır. Eyni zamanda bir çox ölkə pandemiya ilə bağlı olaraq ərzaq məhsullarının ixracatına mütləq məhdudiyyətlər qoyur. Misal üçün, Rusiyanın taxıl ixracatında hər tona görə 50 avro əlavə  ixracat vergisi  qoyması da  ərzaq bahalaşmasına səbəb olan amillərdən biridir. O cümlədən Azərbaycana idxal olunan məhsullarda da bahalaşma müşahidə olunur.

İqtisadçı-ekspert onu da qeyd etdi ki,  rəqabətsizlik mühiti, məmur biznesi, vergi siyasətinin yanlış olması nəticə etibarilə qiymət artımında mühüm rol oynayan amillərdəndir.  Lakin bunun qarşısını inzibati yollarla ala bilmərik. Dövlət qiymətlərə müdaxilə edə bilməz. Sadəcə, dövlətin əlində alətlər var ki, bu alətlərlə vəziyyəti sabitləşdirmək olar.  Misal üçün, qiymətlərin bahalaşması müşahidə edilən ərzaq məhsullarının gömrük rüsumlarını sıfırlamaq olar, həmçinin əlavə dəyər vergisini azaltmaq olar. Nəticə etibarilə həmin məhsulların qiymətinin enməsinin şahidi olarıq.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: