Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan torpaqlarında  Azərbaycan qanunları işləyəcək

Bu gün Azərbaycan regionda güclü dövlətə, geosiyasi cəhətdən əhəmiyyətli bir gücə çevrilmişdir.

15.09.2021 10:41
11
A+
A-

Məlum olduğu kimi bu ilin avqust ayında İrana məxsus yük maşınları rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçmişdi.  Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın (4 yük maşını, 31 yanacaq tankeri) 70 dəfə Laçın dəhlizinə daxil olmuşdu. Bundan sonra İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq nota verilmiş və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlarından ciddi narahatlıq ifadə olunmuşdu. Bütün bunlara baxmayaraq, bir ay sonra - avqustun 11-dən sentyabrın 10-dək xüsusən yanacaq və sürtkü yağları ilə dolu 58 yük maşını müxtəlif məqsədlər üçün yenidən Xankəndiyə daxil oldu.

Sual yaranır: bu xəbərdarlıqlara İran tərəfi niyə məhəl qoymur? Hansı nəzarət tədbirləri görülməlidir ki, belə halların qarşısı alınsın? Bütün bunlar rus sülhməramlılarının gözü qarşısında baş verir?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev yaxın keçmişə qayıdaraq İranla münasibətlərimizə diqqət yetirdi: “I Qarabağ savaşında həm Rusiya, həm də İran Azərbaycana qarşı, yumşaq formada desək, heç də dostcasına davranmamışdılar. Rusiyanın Pskov hava desantı diviziyasının Azərbaycan torpaqlarının, o cümlədən də Sərsəng su anbarının işğalında rolu var və bu, faktlarla təsbit olunub. Eyni zamanda da qonşu İranın o zaman Ermənistanın işğalçılıq siyasəti yeridən hakimiyyətinə kəşfiyyat dəstəyindən tutmuş silah və ərzaq dəstəyinəcən hər cür yardım etdiyi heç kimə sirr deyil. Hətta Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan əgər İran olmasa, o zaman ölkəsinin ayaq üstə qətiyyən qala bilməyəcəyini vurğulamışdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hər iki dövlətlə - Rusiya və İranla öz əlaqələrini məhz pozitiv notlar üzərində formalaşdırır. Amma çox təəssüf ki, Vətən savaşı dövründə də Rusiyadan Ermənistana humanitar yük və yaxud da tikinti materialı adı altında daşınan silah-sursatın, texnikanın bir hissəsi məhz İran üzərindən keçirilərək aparılmışdı. Biz artıq heç kimin müsəlman təəssübkeşliyi haqqında nağıllarına inanmırıq. Bu günlər ərzində özünü müsəlman kimi göstərən, din adından çıxış edənlərin bir çox hallarda dindən nə qədər uzaqda olduqlarını gördük. Əgər din adından çıxış edənlər, doğrudan da, özlərini təqdim etdikləri kimi olsa idilər, onda gərək onlar məscidləri darmadağın edən, o məscidlərdə donuz saxlayan Ermənistana nəinki yardım edər, hətta düşmən mövqedə olardılar. Qərbin bütün təzyiqlərinə rəğmən onlara qarşı sanksiyalarda yer almaq istəmədiyimiz təqdirdə, hətta yarım milyard dollara qədər kredit təklif etdiyimiz halda, bizə qarşı olan bu cür hərəkət yolverilməzdir.

Artıq bildiyiniz kimi, İrandan gələn yüklər Qubadlıdan keçərkən Azərbaycan tərəfindən yoxlanılır və onlardan gömrük rüsumu tutulur. Düşünürəm ki, bu, çox düzgün yanaşmadır. Sülhməramlı adı altında Azərbaycan ərazisində müvəqqəti hərbi kontingentini yerləşdirən ölkə də bilməlidir ki, Azərbaycanın öz torpaqlarına kimin gəldiyini izləmək, yeri gələrsə, qarşısını almaq haqqı var. Onlar artıq qəbul etməlidirlər ki, Azərbaycan torpaqlarında Azərbaycan qanunları işləyəcək”.

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov məsələyə münasibət bildirərək dedi ki, Azərbaycanın rəsmi qaydada etirazına, bütün texniki imkanlardan istifadə edərək nəzarət kameraları vasitəsilə əraziyə nəzarətinə baxmayaraq, bunların baş verməsi Azərbaycan və İran arasında olan siyasi, iqtisadi, humanitar münasibətlərə mənfi təsir göstərir və bu münasibətləri kölgə altına salır: “Əgər İran tərəfi bu addımları Gorus-Qafan yolunun Azərbaycan tərəfindən bağlanılmasına etiraz əlaməti olaraq edirsə, bu, yalnış yanaşmadır. Çünki məsələnin kökündə Azərbaycanın sərhəd xidmətinə edilən hücum və ondan sonra ərazidə aparılan əməliyyat və axtarış tədbirləri olmuşdur. Strateji əhəmiyyətli M2 magistral xətti İran, Ermənistan, Gürcüstan arasında əlaqəni təmin edir və bu magistral xəttin bir hissəsi suveren Azərbaycan ərazisindən keçir. Hazırda baş verən proseslərlə bağlı olaraq həmin ərazidə nəzarət Azərbaycan tərəfindən gücləndirilib.

Sizin də sual verdiyiniz kimi, bütün bu olanlar - Azərbaycan ərazisinə daxil olan İrana məxsus yük maşınları Rusiya sülhməramlılarının gözü qarşısından keçir. Düzdür, Müdafiə Nazirliyi tərəfindən bu hadisələrlə bağlı onlara müvafiq məktublar göndərilib. Ancaq düşünürəm ki, nəzarət mexanizmləri istiqamətində daha kəskin addımlar atmaq lazımdır. Bu gün Azərbaycanın kameralar vasitəsilə əraziyə nəzarət etməsinə, etiraz notasının təqdim olunmasına rəğmən hələ də bu qanunsuz fəaliyyətlər baş verirsə, Vətən müharibəsində, eləcə də 30 il ərzindəki işğal dövründə İran tərəfindən ermənilərə nə kimi dəstək göstərilməsini təsəvvür etmək heç də çətin deyil.

Bu gün Azərbaycan regionda güclü dövlətə, geosiyasi cəhətdən əhəmiyyətli bir gücə çevrilmişdir. Ona görə də İran bütün bu amilləri nəzərə alaraq müvafiq korrektələr etməli, geosiyasi vəziyyətə baxmalı, Azərbaycanla olan siyasi məsələləri yenidən dəyərləndirməli və bu yöndə müvafiq addımlar atmalıdır. Çünki bu cür yürüdülən siyasət gələcəkdə regional gərginliyə gətirib çıxara bilər”.

Aliyə ARİFQIZI

Foto