Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ordumuz artıq dünyanın ən peşəkar orduları siyahısında yer alır

Bütün bunları deməkdə məqsədim odur ki, istər qeyri-hökumət təşkilatları, istər mətbuat, istər siyasi partiyalar, istərsə də, dövlət hakimiyyəti orqanları qələbəmizi təmin etmək naminə bütün güclərini ortaya qoyaraq birlikdə hərəkət etdilər”.

22.09.2021 10:12
10
A+
A-

“Ordumuz müasir silahlardan istifadə edərək və ağıllı taktika işlədərək qələbəmizə səbəb oldu”. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev məsələ ilə bağlı danışarkən bildirdi. Dedi ki, 44 günlük savaş zamanı Azərbaycan Ordusu böyük bir peşəkarlıq nümayiş etdirdi: “Düzdür, döyüş meydanında qələbəni təkcə ordu təmin eləmir, eyni zamanda bu məsələlər diplomatik müstəvidə də öz həllini tapmalıdır. Onun üçün də hesab edirəm ki, Ordumuzun göstərdiyi qəhrəmanlığı Prezidentimiz də diplomatik müstəvidə nümayiş etdirdi. Biz tam olmasa da, müəyyən qədər Ermənistanı əsas müttəfiqlərinin dəstəyindən məhrum edə bilmişdik.

Bu müharibədə biz onun da şahidi olduq ki, Prezident İlham Əliyevin dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr Azərbaycanın maraqlarının birmənalı şəkildə qorunmasını dünyaya çatdırmış oldu. Azərbaycan Respublikasının Parlamentinin rolu haqqında da danışmaq istərdim. Həmin müddət ərzində, başda sədr Sahibə Qafarova olmaqla, bütün komitələr bu istiqamətdə əllərindən gələni edirdi. Parlamentin “dostluq qrupları” çox aktiv sürətdə işləyir, dünya parlamentlərinə məktublar göndərərək haqq səsimizi çatdırmağa çalışırdı.

Diasporamızın da bu sahədə işləri danılmazdır. Bəli, bunu qəbul etməliyik ki, bizim diasporamız erməni diasporası ilə müqayisədə onlar qədər güclü deyil. Ancaq yenə də düşünürəm ki, lazımi yerlərdə səsimizi çatdıra bildik. Təbrizdə yaşayan soydaşlarımızın “Qarabağ Azərbaycandır!” şüarı ilə küçələrdə yürüyüşü milli şüurun oyanması, milli kimliyin dərk edilməsi demək idi. Bu da təbii ki, İran hökumətinin siyasətinə təsir edən amillərdən idi. Bu cür yürüşlərin dünyanın dört bir yanında keçirilməsi erməni vandalizmini, təcavüzünü dünyaya çatdırmaqla yanaşı, eyni zamanda milyonlarla azərbaycanlının bir amal uğrunda birləşməsi demək idi. Düşünürəm ki, qələbəmizi Ordumuzla yanaşı, Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşən xalqımızın birliyi də təmin etmiş oldu”.

Q.Həsənquliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da fəaliyyətindən bəhs etdi: “İstər Vətən müharibəsi dövründə, istərsə də, postmüharibə dövründə həmkarlar ittifaqlarının şəhid ailələrinə göstərdiyi qayğı və diqqət danılmazdır. Şəxsən mənim müraciətim əsasında Xətai rayonunda 100-dən artıq şəhid ailəsinə həmkarlar ittifaqları tərəfindən yardım edildi. Pandemiya dövründə də eyni ilə 50-dən çox ailəyə yardım göstərildi.

Bütün bunları deməkdə məqsədim odur ki, istər qeyri-hökumət təşkilatları, istər mətbuat, istər siyasi partiyalar, istərsə də, dövlət hakimiyyəti orqanları qələbəmizi təmin etmək naminə bütün güclərini ortaya qoyaraq birlikdə hərəkət etdilər”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev də məsələyə münasibət bildirdi. Dedi ki, torpaqlarımızın işğaldan azad olunması Ali Baş Komandan İlham Əliyev qətiyyətinin, rəşadətli Azərbaycan Ordusu və şəhadəti şərəf sayan Azərbaycan xalqının birgə vəhdətidir: “Məhz bu üç məfhuma söykənərək Azərbaycan xalqı bu müharibədə qələbə qazandı. Eyni zamanda, ermənilərin özləri, orduları haqqında yaratdıqları mif darmadağın oldu. Bütün dünya gördü ki, Azərbaycanın haqq səsinin qarşısında heç nə dayana bilməz. Bunula yanaşı, biz müasir hibrid müharibənin necə aparılmalı olduğunu dünyaya nümayiş etdirdik. Burda təbii ki, həm orduda olan müasir texnika, eyni zamanda informasiya müharibəsi, diplomatik sahədə olan qələbələr də mütləq şəkildə qeyd olunmalıdır. Azərbaycan Ordusunun müasir texnikadan - ən çox da pilotsuz uçan aparatlardan istifadə etməsi insan itkisinin qarşısını alan və bizi qələbəyə daha tez yaxınlaşdıran əsas amillərdən oldu”.

Deputat dedi ki, ordumuzun göstərdiyi igidlik ermənilərin yaddaşında unudulmaz izlər qoyub: “Azərbaycan Ordusunun peşəkarlığı - həm dağda, həm də düzənlik sahədə çətinliklərin öhdəsindən gəlməsi, eyni zamanda NATO standartlarına uyğun olaraq vuruşması çox mühüm məsələ idi. Belə ki, Ordumuz artıq dünyanın ən peşəkar orduları siyahısında yer alır. Aparılan döyüş taktikası, ən çətin şəraitdə hər şeyin öhdəsindən gələ bilmə bacarığı dünyanın diqqətini Ordumuza cəmləşdirdi”.

İnformasiya mübarizəsindən də söz açan A.Nağıyev bildirdi ki, bu sahədə İlham Əliyevin rolu danılmazdır: “Suallara 4 dildə - hər auditoriyanın öz dilində cavab verməsi artıq Prezidentin qələbəsi idi.

Bu gün artıq sərhədlərimizin, infrastrukturun yenidən bərpa olunması istiqamətində mühüm işlər gedir. Bu işlərin fonunda noyabrın 8-də biz 30 illik həsrətə son qoyan Zəfər bayramımızı qeyd edəcəyik”.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: