Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əhalinin sosial müdafiəsini gücləndirəcək addım

Prezident İlham Əliyev oktyabrın 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

20.10.2021 11:01
27
A+
A-

Prezident İlham Əliyev oktyabrın 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncamda ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasının aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biri olduğu vurğulanır, son illər əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımların atıldığı qeyd olunur.

Sənəddə deyilir ki, dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaradıb. Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir.

Bunları nəzərə alaraq, Nazirlər Kabinetinə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Millət vəkili Tahir Mirkişili deyib ki, ölkə başçısının siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşı dayanıb. O, bunu tarixin bütün anlarında sübut edib. Dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq hissəsi, əlavə gəlirlər daim vətəndaşların sosial vəziyyətinin daha da güclənməsinə yönəldilib. Dövlət qarşısında duran nəhəng və çətin layihələrin maliyyə tələblərinə baxmayaq, Prezident İlham Əliyev oktyabrın 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncam birbaşa 2 milyona yaxın insanı əhatə edəcək. Milli Məclisə daxil olacaq 2022-ci ilin Dövlət Büdcəsi layihəsində sosial xərclərin əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Hesad edirəm ki, əhalinim gəlirlərinin (maaş, pensiya, təqaüd və sairə) xeyli dərəcədə artımına gətirib çıxardacaq by dəyişikliklər kommunal sahədə əhalinin xərclərinin artan hissəsini bir neçə dəfə üstələyəcək.

Millət vəkili qeyd edib ki, ölkədə idarəetmənin təkmilləşməsi, maliyyə şəffaflığı, büdcə vəsaitlərinə edilən qənaət, zərərlə işləyən sahələrin zərərdən çıxarılması dayanıqlı iqtisadi artım modeli qurmaq yolunda atılan mühüm addımlardır. Dayanıqlı iqtisadi artım modelinin isə son məqsədi vətəndaşların daha yaxşı və təhlükəsiz yaşayışını təmin etməkdir.

-Maaş və pensiya artımı kimlərə şamil olunacaq?

-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, dövlət başçısının imzaladığı Sərəncam sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımın atılmasına imkan verir.

Sərəncamın icrası olaraq əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Həmçinin minimum əməkhaqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək. Pensiya və sosial müavinət artımı tədbiri isə 450 min şəxsə müvafiq sosial ödənişin artırılmasına imkan verəcək.

Təqaüd artımı istiqaməti isə tələbələrin rifahına dəstək məqsədi daşıyır. Təqribən 130 minədək tələbənin təqaüdündə artım olacaq.

Sərəncamın icrası ilə sosial ödəniş artımı həmçinin aztəminatlı əhali kateqoriyasına aid ailələri də əhatə edəcək.

Ümumilikdə 1 milyon 800 min vətəndaşı əhatə edəcək Sərəncam onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Təkliflərin hazırlanması           üzrə işlərə başlanılıb

Maliyyə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, Sərəncamdan irəli gələn tapşırıqların 2022-ci ilin dövlət büdcəsi layihəsində əks etdirilməsi üçün müvafiq təkliflərin hazırlanması üzrə işlərə artıq başlanılıb.

Bununla əlaqədar 2022-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinə baxılır, əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının maliyyə təminatının yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilir. Dövlət büdcəsi layihəsinə müvafiq düzəlişlərin edilməsi ilə bağlı təkliflər ən qısa müddətdə Nazirlər Kabinetinə təqdim olunacaq.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb və qısa müddət ərzində bu təkliflər yekunlaşdırılaraq təqdim ediləcək.

ETİKETLƏR: