Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycanın beynəlxalq proseslərə təsir etmək imkanları daha da artacaq

Məsələ ilə bağlı millət vəkili Arzu Nağıyev, “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri Anar Əliyev və politoloq Yalçın Hacızadənin fikirlərini öyrəndik.

02.03.2022 11:53
44
A+
A-

Regionda sülhün qorunmasında və təhlükəsizliyin təmin olunmasında maraqlı olan Azərbaycan Türkiyə ilə bağlanan Şuşa Bəyannaməsindən sonra digər qonşu ölkə olan Rusiya ilə fevralın 22-də müttəfiqlik haqqında Bəyannamə imzaladı. Bəyannamədə milli maraqlara, bərabərhüquqlu əməkdaşlığa, BMT-nin mərkəzi rolunu qəbul etməklə, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, xüsusən iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına, qarşılıqlı hörmət prinsiplərinə riayət edilməsi göstərilir. Dövlət əhəmiyyətli məsələləri özündə ehtiva etsə də, ancaq bu sənəddə bəzi aydınlıq gətirilməsi lazım olan məqamlar da var.

Ümumiyyətlə, Azərbaycanı bu sənədi imzalamağa nə təhrik etdi, belə bir addımı atmaq nə üçün lazım idi? Məlumdur ki, hazirda Rusiya ilə Ukrayna arasında müharibə gedir və Qərb ölkələri, Amerika, demək olar ki, Rusiyanı bloklayıb. Rusiyanın hazırkı durumunda bu sənədin imzalanması bizə nə kimi təsir edə bilər?

Məsələ ilə bağlı millət vəkili Arzu Nağıyev, “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri Anar Əliyev və politoloq Yalçın Hacızadənin fikirlərini öyrəndik.

Arzu müəllim bildirdi ki, son hadisələr istər qonşuluq siyasətində, istərsə də xarici siyasətdə mütləq şəkildə öz ərazi bütövlüyünə təhdidin qarşısının alınması məqsədilə müvafiq bəyannamələrin imzalanmasının məqbul hal olduğunu göstərdi. Bu, qarşılıqlı olaraq hər iki dövlətin ərazi bütövlüyünün və suverenliyinin tanınmasını təsdiq edən bir sənəddir.

Digər bir sualınıza gəldikdə isə, Ukrayna ilə Rusiya arasında gedən müharibə dolayı yollarla Azərbaycan üçün təsirləri ola bilər: “Lakin bu, o demək deyil ki, biz bu sənədi Rusiya ilə imzalamışıqsa, digər dövlətlər bizə qarşı da hər hansı bir təhdid variantına keçsinlər. Həmin sənədi biz NATO-nun üzvü olan Türkiyə ilə də imzalamışıq. Hər bir dövlətin öz xarici siyasəti var. Rusiya bizim qonşu və tərəfdaş dövlətimizdir, bizim iqtisadi, siyasi, hərbi, mədəni, humanitar qarşılıqlı münasibətimiz var. Onu da qeyd edim ki, bizim Rusiya ilə bu sənədi imzalamağımız Rusiyaya arxalanan Ermənistana və onların havadarlarına heç də xoş olmayan bir addımdır. Çünki Rusiya və Ermənistan təkcə hərbi cəhətdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında deyil, eyni zamanda həm MDB məkanında, həm də Avrasiya İqtisadi Birliyində, necə deyərlər, bir yerdədirlər. Təbii ki, Rusiyanın Azərbaycanla hər hansı bir qarşılıqlı münasibəti onları qıcıqlandırmaya bilməz”.

Anar Əliyevə görə bir çox istiqamətləri özündə əks etdirən bu razılaşma Azərbaycanın regional nüfuzunu və gücünü daha da artırmış oldu. Şuşa Bəyannaməsindən sonra Azərbaycan bu sənədlə dövlət təhlükəsizliyinə, sərhəd toxunulmazlığına, ərazi bütövlüyünə və suverenliyinə dünya güclərindən biri hesab olunan və Cənubi Qafqazda birbaşa proseslərə təsir etmək imkanlarına sahib Rusiya tərəfindən təhlükəsizlik qarantiyası almış oldu: “Eyni zamanda hesab edirəm ki, bu razılaşma ilə Azərbaycan həm də bir çox iqtisadi istiqamətdə əməkdaşlıq məsələlərini nəzərdə tutan bir razılaşmaya imza atmış oldu. Belə ki, 43 bənddən ibarət olan Moskva Bəyannaməsinin çox böyük bir hissəsində məhz Rusiya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da gücəndirilməsi, ticari münasibətlərin həcminin daha da artırılması, xüsusilə də malların sərbəst axınını təmin edəcək razılaşmalar öz əksini tapır. Və bu razılaşma ilə Azərbaycan məhsullarının çox geniş əhatəsi olan Rusiya bazarlarına çıxmasına imkanları daha da genişlənəcəkdir. Digər tərəfdən də, təbii ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyası istiqamətində həyata keçirilən dövlət siyasətinə əlavə bir güc, imkanlar da qatacaqdır. Onu da deyim ki, Cənubi Qafqazda baş verən proseslərdə, xüsusilə Ermənistan-Azərbaycan arasındakı münasibətlərin tənzimlənməsində və Qarabağdakı separatçı qüvvələrin tərk-silah edilərək Azərbaycan ərazisindən çıxarılması məsələlərində artıq Rusiya Azərbaycanın yanında yer aldığını ifadə etmiş oldu. Eyni zamanda hesab edirəm ki, Ermənistanla müxtəlif istiqamətli kommunikasiya əlaqələrinin qurulmasına, siyasi, iqtisadi, diplomatik münasibətlərin formalaşmasına, Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan hissəsində işlərin daha sürətli şəkildə görülməsinə əlavə güc, əlavə dəstək verildi”.

A.Əliyev dünyanın böyük güclərindən hesab edilən Rusiya ilə yürüdülən xarici siyasətin Azərbaycanın beynəlxalq proseslərə təsir etmək imkanlarını daha da artıracağını qeyd etdi: “Düşünürəm ki, müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə kifayət qədər Azərbaycanın maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyətli bir sənəddir. Mən dövlət təhlükəsizliyinin təmin olunması baxımından müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməni Şuşa Bəyannaməsinin davamı hesab edirəm. Ona görə də düşünürəm ki, Azərbaycana qarşı təxribat törətmək, cənubi Qafqazda baş verəcək proseslərin pozulmasında maraqlı olan qüvvələr atdıqları hər addımı bir daha düşünmək məcburiyyətində qalacaqlar”.

Yalçın Hacızadə dedi ki, Rusiya ilə müttəfiqlik Bəyannaməsi imzalamağımız onun işğalçılıq siyasəti nəticəsində məruz qalacağı sanksiyaların bizim üçün hər hansı bir məsuliyyət yaradacağını düşünmək düzgün olmaz. Yəni bu Bəyannamə bizim Rusiyanın nə işğalçılıq siyasətini dəstəklədiyimizi göstərir, nə də ki, ona tətbiq olunacaq sanksiyaların birbaşa olaraq bizə aidiyyətini. Azərbaycan dövləti digər ölkələrlə münasibətlərdə gücdən istifadəni qəbul etmir. Ona görə də Rusiyanın dağıdıcı hücumuna məruz qalan Ukraynaya müxtəlif növlü dəstək göndərib və göndərməkdə də davam edəcək.  Qaldı ki, bizimlə imzalanmış Bəyannaməyə görə, Rusiyanın Ermənistana olan münasibətinin dəyişəcəyini gözləmək sadəlövhlük olardı. Ermənistan Rusiya üçün Cənubi Qafqaza təsir aləti, eyni zamanda Rusiyanın iqtisadi və siyasi vassalıdır. Düşünürəm ki, nə Rusiya Ermənistandan əl çəkməz, nə də Ermənistanın onun vassalığından çıxmasına imkan verməz.

Aliyə SƏMƏDOVA