Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Postpandemiya dövründə vergi, gömrük və biznes islahatları

2022-ci ildən hökumət İT sektorunda, xüsusilə startaplarda fəaliyyət göstərən kiçik və orta sahibkarlara vergi güzəştləri verib.

27.04.2022 11:42
18
A+
A-

Hökumət postpandemiya dövründə biznesə dəstək məqsədilə yeni iqtisadi inkişaf paketi hazırlayır. Sənəddə biznes mühitinin yaxşılaşdırılması ilə bağlı institusional islahatlar, vergi-gömrük güzəştlərinin davam etdirilməsi, müxtəlif iqtisadi stimulların verilməsi, biznes cəlbediciliyinin yüksəldilməsi, məşğulluğa müsbət təsir edən motivasiyaedici tədbirlərin görülməsi, özəl sektorun maliyyə bazarlarına çıxışının yaxşılaşdırılması ilə bağlı hədəflər müəyyənləşib. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, iqtisadiyyata və biznesə geniş dəstək paketi vergi-fiskal və maliyyə-iqtisadi xarakterli olmaqla, ortamüddətli dövr üçün əsas çərçivəni əhatə edir.

İqtisadiyyat nazirinin fikrincə, biznesə dəstəyin ən təsirli və nəticə əsaslı mexanizmləri sırasında vergi və gömrük stimullarının tətbiqi daha çox əhəmiyyət kəsb edir. Burada həm vergi güzəşti və azadolmaların səmərəliliyinin təmin edilməsi, həm də vergi inzibatçılığının təkmilləşdirilməsi, o cümlədən, vergi-gömrük rüsumlarının ödənilməsi ilə bağlı məmur-vətəndaş təmasının minimuma endirilməsi nəzərdə tutulur. Optimallaşmış vergi rejiminin qəbulunda məqsəd vergi yükü azaldılmaqla, həmçinin inzibati prosedurlarda güzəştlər və tətillər verilməklə, vergi sisteminin və inzibatçılığının çevikliyinin qorunması, sahibkarlıq subyektlərinin stabil fəaliyyətinin təmin edilməsidir.

Hökumətin planı yaxın 5 ildə kiçik və orta sahibkarlığın iqtisadi dəyərdə rolunu 2 dəfəyə yaxın artırmaqdan ibarətdir. Ölkə üzrə sahibkarlıq subyektlərinin 99 faizinin kiçik və orta biznes subyektləri olması kiçik və orta sahibkarlığın böyük potensiala malik olduğunu göstərir. Son illərdə kiçik və orta sahibkarlığın maliyyə dayanıqlılığının artırılması, aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, güzəştli kreditlər verilməsi, lisenziyaların azaldılması, icazələrin asanlaşdırılması, yoxlamaların dayandırılması və digər görülmüş işlər məhz bu biznes qrupunun fəallığına hesablanıb. Bunun nəticəsidir ki, 2021-ci ildə mikrosahibkarlıq subyektlərinin ümumi dövriyyəsi üzrə 31 %, kiçik sahibkarlıq üzrə 79 %, orta sahibkarlıq üzrə isə 139 % artım qeydə alınıb. Ancaq bunlarla yanaşı, kiçik və orta biznesin inkişafının stimullaşdırılmasına, iş adamlarının biznes layihələrinin həyata keçirilməsinə dəstək məqsədilə təkmil və çevik dövlət dəstəyi mexanizminin yaradılması və daha rəqabətli sahələrə vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

2022-ci ildən hökumət İT sektorunda, xüsusilə startaplarda fəaliyyət göstərən kiçik və orta sahibkarlara vergi güzəştləri verib. Vergi Məcəlləsinin 13.2.80-ci maddəsinə əsasən, innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, mikro, kiçik və orta sahibkarlığı təşviq edən və  “Startap” şəhadətnaməsi əldə edən şəxslərə 2022-ci ildən güzəştlər qüvvədədir. 3 il müddətinə verilən həmin şəhadətnamənin sahibləri gəlir vergisindən azad olunublar. Məcəllənin 106.1.23-cü maddəsinə əsasən, hüquqi şəxslər də  mənfəət vergisindən azad olunub. Hökumət startapların yaradılması və inkişaf etdirilməsini prioritet istiqamət elan  edib, 2025-ci ilə qədər biznes inkubatorları və startap layihələrinin inkişaf etdirilməsi, model müəssisələrin yaradılması nəzərdə tutulub. İl ərzində ən azı 25 startap layihəsinin başlanması planlaşdırılır. Bu məqsədlə vergi güzəşt və azadolmanın yeni istiqamətləri hazırlanacaq.

Digər bir əsas hədəf ixracın stimullaşdırılmasını təşviq edən, ənənəvi bazarlarda yerli biznesin payının artırılması və yeni bazarlara çıxışın asanlaşdırılmasıdır ki, burada da vergi və gömrük orqanlarının üzərinə xüsusi vəzifə düşür. Belə ki, vergi orqanları sahibkarların ixrac qabiliyyətini stimullaşdırmaq üçün müxtəlif vergi motivasiyalarına üstünlük verəcək. Həmçinin, tənzimləyici stimullarla xarici investorlara yerli şirkətlər üçün mövcud olan əmlak üzərində mülkiyyət hüququnun verilməsi, valyuta nəzarəti məhdudiyyəti və ya kapital tələblərinin azaldılması, əcnəbi işçilərin işə qəbulu kimi bərabər təminatların həlli nəzərdə tutulur.

Gömrük orqanları isə ticarətin asanlaşdırılması yolu ilə sahibkarlığın inkişafına dəstək verəcək. Plana əsasən, ixracın tamamilə elektron idarəetmə sistemi vasitəsilə həyata keçirilməsi təmin ediləcək ki, bu da hazırda mövcud olan elektron gömrük xidmətinin təkmilləşdirilməsi əsasında həyata keçiriləcəkdir. Belə ki, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sisteminin yaradılmasının genişləndirilməsi, ixracın tamamilə elektron idarəetmə sisteminin təmin edilməsi və gömrük bəyannamələrinin birbaşa biznes ofisindən Dövlət Gömrük Komitəsinin müvafiq qurumlarına təqdim olunması planlaşdırılır.

Ticarətin asanlaşdırılması istiqamətində digər prioritetlərdən biri də yeni beynəlxalq sazişlərə qoşulma yolu ilə “Made in Azerbaijan” brendi üzrə malların Avropa və Asiya bazarlarına asan və manesiz çıxışının təmin edilməsidir. Hökumət hesab edir ki, bu islahatlar sayəsində idxal-ixrac, tranzit əməliyyatlarına sərf edilən vaxt azalacaq, xərclər minimuma enəcək.

Biznes islahatlarının digər vacib hədəfi beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılmasıdır ki, biznes cəlbediciliyinin yüksəldilməsində vergi islahatları mühüm yer tutur. Vergi islahatları bu iqtisadi siyasət tədbirlərində 2 istiqamət üzrə fokuslanıb. Birinci istiqamət beynəlxalq hesabatları biznes rəqabətliliyini müəyyən edən “Biznesə başlama” (biznesə başlamaq üçün tələb olunan inzibati prosedurların sayı, sərf olunan vaxt və xərclərin dəyəri, həmçinin ödənilmiş minimum kapitalın həcmi) göstəricisi üzrə son illərdə əhəmiyyətli addımlar atılıb. Vergi orqanları  kommersiya hüquqi şəxslərin qeydiyyatı üçün yerinə yetirilməli olan prosedurların sayını 2-yə, sərf edilən müddəti 3 günə endirib. Onlayn qeydiyyat üçün elektron imzanın alınması üzrə 1 gün, onlayn qeydiyyatdan keçmə üzrə isə (VÖEN və ƏDV qeydiyyatı daxil) 2 günə bərabərdir. Ancaq bununla yanaşı, həmin göstəriciləri daha da azaltmaq nəzərdə tutulur. İkinci istiqamət  olan “Vergilərin ödənişi” üzrə aparılan islahatlar sayəsində isə vergi yükü kifayət qədər aşağı salınıb. Həmin göstəriciyə  əsasən, orta ölçülü şirkətin il ərzində ödəməli olduğu vergi və ödəmələr, həmçinin onların inzibatçılıq yükü müəyyən edilir. Vergi və ödəmələrə müxtəlif mənbələrdən olan mənfəət və gəlirlərə görə vergilər, o cümlədən əmlak icarəsindən vergilər, dividend və kapital vergiləri, maliyyə köçürmələrindən əldə edilən gəlirdən vergilər, işəgötürənin ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak, avtomobil və yol vergiləri və sair aid edilir. “Vergilərin ödənişi” göstəricisi ölkəmizdə sosial müdafiə ayırmaları, mənfəət və əlavə dəyər vergisi üzrə 159 saata bərabərdir və ümumi vergi yükü 39 % təşkil edir. Vergi orqanı hazırda bu göstərici üzrə də yükün azaldılmasına çalışır.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: