Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Builki qəbul prosesi xarici təcrübəyə əsaslanır

Səbəbi isə mütəxəssislər dünya təcrübəsinə əsaslanmaqda görür.

22.09.2023 00:31
384
A+
A-

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları əvvəlki illərdən forma və strukturuna görə kifayət qədər fərqlənib. Keçid ballarının aşağı olması, tələbə adını qazananların sayının artması və s. ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Səbəbi isə mütəxəssislər dünya təcrübəsinə əsaslanmaqda görür. Çünki bir çox ölkələrdə hətta imtahansız, bir attestat kifayət edir ki, istədiyin ixtisas üzrə universitetə qəbul olasan. Azərbaycanda da universitetlərə qəbul ola bilməyən və yaxud da az bal toplayaraq ödənişli təhsilə düşən abituriyentlərin xaricdə daha aşağı ödənişlə təhsil almağa meyil etməsi dövrü başlamışdı. Bu meyilin digər bir səbəbi də xarici diplomla ölkədə əmək bazarına daxil olmaq istəyənlərə xüsusi rəğbətin göstərilməsi, hətta eyni vəzifəni yerinə yetirdikləri halda özəl müəssisələrin bir çoxunda onlara daha yüksək əməkhaqqının təyin edilməsidir. Yəqin ki, ölkədə təhsilin əlçatanlığını təmin etmək üçün aşağı balla abituriyentlərin universitetlərə qəbulu da bu prosesin qarşısının alınmasına dəlalət edir.

 

 Bəs bundan sonra necə olacaq? Balların aşağı düşməsinin müsbət və mənfi yönləri nələrdir? Ümumiyyətlə, ali təhsil almaq üçün il ərzində nə qədər tələbə xaricə üz tutur? Ölkədə onların diplomlarının tanınmasında nə kimi problemlər yaranır?

Bu və ya digər suallarımızı “Ege” dərsxanələrinin təsisçisi və direktoru Malik Məmmədov, Təhsil üzrə mütəxəssis Kamran Əsədov cavablandırdılar.

Malik müəllim dedi ki, hazırda xarici ölkələrdə öz vəsaiti hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı 45-50 min nəfərə yaxındır. Təxmini hər il orta hesabla 8-10 min tələbə ölkə xaricinə üz tutur. Onlardan 25-30 mini qardaş Türkiyədə, 8-9 mini Ukraynada, 5 minə qədəri Rusiya və Gürcüstanda, qalanları digər Avropa və ABŞ universitetlərində təhsil alırlar: “Türkiyə və dünyanın nüfuzlu universitetlərinə qəbul olan tələbələr çox yüksək və keyfiyyətli təhsil alırlar. Eyni zamanda oxuduqları universitetlərdə təhsillə yanaşı, praktika da çox yüksək səviyyədə təşkil olunur. Ona görə tələbələr ixtisaslarında özlərini peşəkar şəkildə yetişdirə bilirlər. Amma Ukrayna, Gürcüstan və Rusiyada təhsil alanlar bu məsələdə ciddi problem yaşayırlar. Çünki əmək bazarına daxil olarkən müsahibə mərhələsində həmin gənclərin ya tədris dilini bilmədikləri, ya da təhsil aldıqları ölkədə cəmi 2-3 dəfə olduqları ortaya çıxır”.

M.Məmmədov xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı ortaya çıxan problemlərə aydınlıq gətirərək dedi ki, avqust ayı üzrə 783 məzunun xaricdə təhsil haqqında sənədinin tanınması ilə bağlı müraciətindən 716-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

- Mənfi qərara səbəb olan amillər nələrdir?

- Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 60, dövlət nümunəli olmayan diplom səbəbi ilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Malik müəllim Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi üçün ali təhsil müəssisələrində peşəkar kadrların sayının çoxaldılmasının vacibliyini vurğuladı. Bildirdi ki, tələbələr, sadəcə, nəzəriyyənin öyrədilməsi nəticəsində, təcrübə tərəfdən geri qalır, bununla da öz ixtisaslarında peşəkarlaşa bilmirlər.

“Ümumilikdə ali məktəblərimizə bu il 50 mindən çox şagird qəbul olunub. Bu, ölkədə ali təhsilli vətəndaşların sayının artırılması istiqamətində yaxşı haldır”. Bunu ekspert Kamran Əsədov bildirdi. Dedi ki, bu il birinci ixtisas qrupunda riyaziyyat-kimya, riyaziyyat-informatika alt qruplarının yaradılması, informatikanın əlavə fənn olaraq daxil edilməsi birinci ixtisas qrupundakı dəyişiklik idi və bu, qəbula öz təsirini göstərdi. Əvvəlki illərdə formalaşmış yüksək ballar ciddi şəkildə dəyişib. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Proseslərin avtomatlaşdırılması fakültəsinə qəbul (ingilis dili, dövlət sifarişli) 600 balın üzərində idisə, bu il həmin ixtisasın keçid balı 200-ə düşüb. Eynilə 1-ci ixtisas qrupunda 18 min plan yerinin 13 mini dövlət sifarişli idi və bu il bu qrup üzrə plan yerlər kəskin şəkildə artmışdı. Ona görə də bu qrup üzrə 200 balla dövlət universitetlərinə ödənişsiz ixtisaslara qəbul olmaq mümkün olub.

K.Əsədov qeyd etdi ki, hətta Gəncə və Lənkəranda 1-ci qrup üzrə 175, 2-ci qrup üzrə 160, 3-cü ixtisas qrupunda ibtidai sinif müəllimliyinə 200, 4-cü qrup üzrə ali təhsil müəssisələrinə 150 balla qəbul olub. Həmçinin strateji ixtisas olan müəllimliyə minimum balla bölgələrdə qəbul olmaq mümkün olub. Xüsusən Texniki, Memarlıq və inşaat, Xarici dillər universitetlərində 200 balla ödənişsiz ixtisaslara qəbul olma ali təhsilin əlçatanlığına xidmət etsə belə, biz ən aşağı ballarla ali məktəblərə tələbə qəbulunu həyata keçirmiş olduq. Yalnız yüksək balların formalaşdığı ixtisas qruplarına qəbulu Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, İqtisad Universitetində müşahidə etdik: “Təəccübləndirən digər məqam isə Tibb Universitetinin Tibb bacısı ixtisasına 450-480 balla qəbul olduğu halda, bu il bu qrupda 150 balla ali təhsil almağın mümkünlüyü idi”.

Ekspert bildirdi ki, gələcəkdə həmin universitetlər tərəfindən tələbələrə yüksək təhsil verilməsə, kadrların əmək bazarına daxil olmasında müəyyən qədər problemlər yarana bilər. Xarici ölkələrin təcrübələrinə əsaslansaq, ali məktəblərə qəbul əksər ölkələrdə əlçatandır, hətta imtahansız qəbul da var. Lakin orada universitetlər tam təhsil verməmiş, yəni qoyulan qaydalara riayət etməyən, istənilən nəticəni verməyən, oxumayan, qiymət almayan tələbəyə diplom vermir. Bizdə də, hesab edirəm ki, bundan sonra ali təhsil müəssisələrinin üzərinə böyük yük düşür. Çünki onları əmək bazarına tam mütəxəssis kimi yetişdirmək lazımdır.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: