Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Növbədənkənar VII qurultay:

yeni sədr, yeni vəzifələr

28.08.2024 23:44
78
A+
A-

Avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VII Qurultayı keçirilib. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canını vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Dövlət Himni səsləndirilib.

Qurultayın gündəliyində əsas məsələ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni sədrinin seçilməsi olub. Bu məsələyə keçməmişdən əvvəl AHİK sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev qısa hesabat məruzəsi ilə çıxış edib.

O, ötən dövr ərzində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən danışıb, həmkarlar ittifaqları üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının qorunması və müdafiəsi istiqamətində atılan real addımları qeyd edib.

AHİK-in beynəlxalq nüfuzunun xeyli yüksəldiyini diqqətə çatdıran S.Möhbalıyev qurumun səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.

Səttar Möhbalıyev sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı səbəbindən vaxt məhdudiyyətini nəzərə alaraq, AHİK-in sədri vəzifəsindən istefa verməsi ilə bağlı təklifini qurultay iştirakçılarının diqqətinə çatdırıb.

Qurultay təklifi qəbul edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib.

O, qurultayda çıxış edib. Deyib ki, hörmətli qurultay nümayəndələri, əvvəla, mənə etimad göstərdiyinizə görə sizə təşəkkürümü bildirirəm. Biz sizinlə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçiliyimizin ən parlaq dövrünü yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurla davam etdirdiyi praqmatik siyasi kursun nəticəsidir ki, ölkəmiz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Azərbaycan bütün ərazisi boyunca və mahiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. 44 günlük haqq savaşında qazanılan möhtəşəm qələbə Prezident cənab İlham Əliyevin yenilməz qətiyyətini, Ordumuzun qüdrətini, xalqımızın milli birliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

30 ildən sonra Böyük Qayıdış Proqramı çərçivəsində məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtması, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa işlərinin həyata keçirilməsi ölkəmizin iqtisadi, siyasi, sosial inkişafının daha da sürətləndirilməsində böyük rol oynamaqdadır.

Hörmətli həmkarlar,

Bu gün cəmiyyətimizdə əhəmiyyətli yer tutan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da qarşısında mühüm vəzifələr durur. Təbii ki, Konfederasiya bu günədək uğurlu fəaliyyət göstərmiş, işçilərin maraqlarına yönəlmiş bir çox layihəyə imza atmışdır. Mən fürsətdən istifadə edərək bir daha  Konfederasiyanın kollektivinə təşəkkürümü bildirirəm. Üzv təşkilatların rəhbərlərinə və kollektivlərinə təşəkkür edirəm ki, məhz onların sayəsində Konfederasiya ölkəmizin siyasi, ictimai, iqtisadi inkişafında vacib, fəal iştirakçıya çevrilmişdir. Növbəti dövrdə də bizim fəaliyyət kursumuzun ana istiqamətini məhz şəffaflıq, bərabərlik və heç kimin kənarda qalmaması prinsipi təşkil edəcəkdir.

Biz işimizi cənab Prezidentin rəhbərliyi ilə ölkədə həyata keçirilən müasir qlobal çağırışlara cavab verən genişmiqyaslı islahatlara uyğun quracağıq. Təşkilatımız dövlətimizin iqtisadi və sosial strategiyasının icrasında aktiv iştirak edəcəkdir. Hesab edirəm ki, bunun üçün lazımi potensial və resurslar mövcuddur. Təbii ki, ilk növbədə mövcud vəziyyət təhlil olunacaq, mənfi, müsbət tərəflər təhlil ediləcəkdir. Konfederasiyanın fəaliyyətinin gələcəkdə ən yaxşı təcrübələrə uyğun qurulması istiqamətində konkret addımlar atılacaqdır. Mövcud rəqəmsal həllər tətbiq edilməklə Konfederasiyanın fəaliyyətinin daha da səmərəli təşkili, göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması istiqamətində konseptual və sistemli tədbirlər həyata keçiriləcək, proqramlar qəbul olunacaqdır. Yəni üzvlərin qanunvericiliklə təsbit olunmuş hüquqlarının təmin edilməsinə, yüksək rəqabətə malik insan kapitalının inkişafına, o cümlədən üzvlərin səriştə əsaslı bilik və bacarıqlarının artırılmasına səy göstərəcəyik. Üzvlərin, eləcə də gənc nəslin yüksək ixtisaslı kadrlara çevrilməsi üçün ali təhsil bazamızı inkişaf etdirməyə xüsusi diqqət yetirəcəyik. Maraqlı tərəflər və tərəfdaş qurumlarla əməkdaşlığı daha da inkişaf etdirəcəyik. İşəgötürənlərlə sistemli və dayanıqlı əməkdaşlıq əlaqələrimizi genişləndirəcəyik. Şəhid ailəsi üzvlərinə, Vətən müharibəsi əlilləri və veteranlarına həm hüquqi, həm maddi və mənəvi dəstəyin göstərilməsi, onların ehtiyaclarının qarşılanması ənənəsini bundan sonra da davam etdirəcəyik. Cənab Prezidentin xarici siyasət kursuna uyğun olaraq beynəlxalq təşkilatlarla və  dünya ölkələrinin qabaqcıl həmkarlar ittifaqları ilə əlaqələri daha da möhkəmləndirəcəyik. Beynəlxalq standartlar tətbiq edilməklə audit və monitorinqlər mütəmadi keçiriləcək. Təhlili əsaslı hesabatlar hazırlanacaq, Konfederasiyanın cəmiyyətdə mövqeyinin daha da gücləndirilməsi üçün müasir tələblərə cavab verə biləcək struktur islahatları həyata keçiriləcək. Nəhayət, görülmüş və görüləcək işlər barədə sosial şəbəkələrdə aktivlik artırılacaq, mediada dolğun təbliğat və təşviqat kampaniyası təşkil olunacaq.

Sədr çıxışının sonunda dedi, qurultayımızın iclası Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın doğum gününə təsadüf edir. Onu bu münasibətlə həm Konfederasiyanın, həm də üzv təşkilatların kollektivləri adından təbrik edirəm. Mehriban xanıma cansağlığı, uğurlar arzulayıram.

 

 

Təqdimat

 

Qeyd edək ki, Sahib Əli   oğlu Məmmədov 1978-ci ildə anadan olub. 2000-ci ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirərək bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb.

2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib.

2001-2007-ci illərdə BMT-nin Proqramların və layihələrin idarəolunmasının əsasları (Azərbaycan), Asiya İnkişaf Bankının İnvestisiyalar (Laos), UNİDO-nun “Qida məhsullarının qablaşdırılması və onun davamlılığının izlənməsi” (Türkiyə), Avropa İttifaqı Tasis layihəsi çərçivəsində “Regional iqtisadi inkişafın dəstəklənməsi” (İrlandiya) üzrə kursları bitirib.

2022-ci ildə Harvard Biznes Məktəbinin “Menecerlər üçün iqtisadiyyat” Sertifikat Proqramını bitirib.

Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallığında Avropa Məsləhətçilər Təşkilatında (ECO) Avropa İttifaqı TACIS layihəsi üzrə ekspert köməkçisi kimi başlayıb.

2002-ci ildə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinin icrası üzrə Azərbaycanda Avropa İttifaqı TACİS layihəsində ekspert işləyib.

2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində “Europe House”, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyində informasiya üzrə məsul şəxs vəzifələrində işləyib.

2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2012-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci ildə “Tərəqqi”    medalları ilə təltif olunmuşdur.

Ailəlidir, 2 övladı var.

ETİKETLƏR:

Foto