Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Müqəddəs ocağa çevrilmiş adi otaq

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları Xırdalan şəhərində şəhid Veysəl Musibovun övladlarının doğum günündə iştirak ediblər

20.08.2024 22:24
41
A+
A-

Mənzilin bir otağı hələ də Veysəlin idi. Bizi hörmətli qonaq kimi onun otağında qarşıladılar. Üstü şirniyyatla bəzədilmiş masanın yuxarı başında Veysəlin qara libasa bələnmiş anası Səməngül xanım əyləşmişdi. Həyat yoldaşı Məryəm xanımın başı çay tədarükünə qarışmışdı. Övladları - qızı Nilay, oğlu Yədulla isə qonaqlara isinişməkdə çətinlik çəkirdilər. Qonaqların çoxluğu, deyəsən, onları tutmuşdu. Qayğı dolu suallara heç də həvəslə cavab vermirdilər.

Veysəl isə bizdən ucada durmuşdu. Bizə divarlardan baxırdı. O, hələ də cəbhədə idi... Hərbi geyimdə, sinəsinə sıxılmış avtomat silah, baxışlarında qartal vüqarı...

Sıramızdan bir nəfər söhbətə     “Allah rəhmət eləsin” kəlmələri ilə nərdivan qoymaq istədi. Ana bu sözləri eşidəndə diksindi. Başını qaldırıb oğlunun şəkillərinə baxdı və doluxsundu. Görünür, o, indiyə qədər də elə bilir ki, Veysəl bu otaqdadır. İstədiyi vaxt bura gəlib oğlu ilə söhbət edir, ona dərdini deyir, aldığı cavabdan təsəlli tapır.

Nəhayət, Məryəm xanım da qonaqlarla süfrə arxasında əyləşdi. AHİK sədrinin müavini, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov gəlişlərinin məqsədini açıqladı:

“Bir neçə gündən sonra bu gül balaların yaşları tamam olacaq. Həmin günlərdə, bildiyimizə görə, qonaq-qaranız çox olur. Qohum-əqrəba, dövlət qurumları, ictimai təşkilatlar, Veysəlin dostları, döyüş yoldaşları ətrafınıza toplaşır. Bütün bunları nəzərə alaraq biz, necə deyərlər, ad gününü bir qədər qabaqladıq”.

Hikmət müəllim sağında və solunda oturmuş balaca səbəbkarların üzlərindən öpdü, gətirilən hədiyyələri təqdim etdi, evdə, küçədə, məktəbdə davranışlarına dair suallar verdi, əzbər bildikləri şeirlərdən söyləmələrini istədi. Uşaqlardan alınan cavablar nəinki qonaqların, hətta nənənin də üzündə təbəssüm yaratdı.

Süfrə arxasında əyləşənlər çay içə-içə, şirniyyatdan dada-dada uşaq və valideyn münasibətinin incəliyindən, onların gələcəyi naminə valideynlərin üzərinə düşən məsuliyyətdən danışırdılar.

Məryəm xanım dedi ki, övladları hələ uşaq olsalar da, atalarının qoyduğu qanun-qayda ilə yaşayırlar. Tez-tez ataları ilə keçən günləri, məqamları xatırlayırlar. Nənə bu yerdə özünü saxlaya bilmədi: “Yədulla bütün xasiyyəti ilə Veysəl balama çəkib”, - dedi. - “Sərt xasiyyəti var. Düzgünlüyü sevir”. O, bir qədər susub, deyəsən, xəyalən çox uzaqlara getdi: “Elə bu xasiyyəti onu hərb sahəsinə apardı. Naxçıvanda Heydər    Əliyev adına Hərbi Liseyi, sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirdi. Xüsusi Təyinatlı Qüvvələr kursunu keçdi. Harada oxuyurdusa seçilənlər sırasında olurdu. Sonradan bilirdim ki, komandir kimi xüsusi əməliyyatlarda iştirak edirdi. Heç 2016-cı ildə Aprel döyüşlərinə gedəndə də mənə bir kəlmə deməyib. Gördüyü işlər, göstərdiyi igidliklərlə fəxr etməzdi. Onları vəzifə borcu bilərdi. Dəfələrlə hərbi hissə, xarici ordular arasında yarışlara qatılıb. 2018-ci ildə kəşfiyyatçı qrup yarışında birinci yeri tutub. Hayıf mənim igid balamdan! İndi mənə təsəlli verən odur ki, evimdə Veysəlimin yadigar qoyub getdiyi Yadulla böyüyür. Mən Veysəlin ətrini ondan alıram”.

Yədulla nənəsinə sıxıldı və gözləri atasının şəkillərinə dikildi. Bəlkə də o, bu dəqiqələrdə özünü atasının döşü medallarla bəzədilmiş hərbi geyimində hiss edirdi.

Ananın bu hekayətinə hamımız hüznlə qulaq kəsildik. Başa düşdük ki, bu məqamda anaya təsəlli vermək də, nəsə şəhidlərin əbədiyyata qovuşması barədə pafoslu sözlər demək də yersiz olardı.

Yaxşı ki, söhbətin mövzusunu ananın özü dəyişdi. Yenə söhbətlərimizin mərkəzində 8 yaşlı Nilay və 6 yaşlı Yədulla durdu.

Onların ad günü münasibətilə sifariş verilmiş tortlar kəsildi. Ad günü mövzusunda mahnı səsləndirildi.

Xeyli oturandan sonra getməyə hazırlaşdıq. Məryəm xanım bizə dil-ağız elədi: Gətirdiyiniz hədiyyələrə, tortlara, şirniyyat süfrəsinə görə sağ olun. Sizə “qonaq” deməyə dilimiz də gəlmir. Abşeron Rayon Komitəsinin əməkdaşları ilə yaxşı, doğma əlaqələrimiz var. Uşaqlarım da onları çox sevirlər.

Hikmət müəllim bir daha ailənin istək və arzuları ilə maraqlandı. “Təşəkkür” cavabı aldı. “Gəlin, onda belə edək”, - dedi. -  “Vaxtını özünüz müəyyənləşdirin, Sizi, Səməngül ana başda olmaqla, həmkarların vəsaiti hesabına istirahət yerlərindən birinə göndərək”.

Deyəsən, bu təklif ailə üzvlərinin ürəyindən oldu.

- Hansı regionu istəyirsiniz?

- Qubaya yollayış verə bilsəniz lap yaxşı olardı.

H.Osmanovun tapşırığı ilə yollayış məsələsi dərhal həll edildi.

Ailənin 19 avqustdan Quba rayonunda yerləşən “Maajid” İstirahət Mərkəzinə 4 nəfərlik pulsuz yollayışla təmin edilməsi qərara alındı.

Bəyalı RZAYEV

ETİKETLƏR:

Foto