Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


SOCAR və bəzi iri dövlət şirkətləri özəl investorlara veriləcək

İri dövlət şirkətlərinin səhmlərinin özəlləşdirilməyə çıxarılmasında  məqsəd nə ola bilər?

31.01.2024 15:00
30
A+
A-

Hökumət yeni özəlləşdirmə proqramına hazırlaşır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, yaxın 2-3 il ərzində özəl sektorun payının daha da artırılması, bir sıra strateji dövlət müəssisələrinin səhm paketinin özəl sektora verilməsi nəzərdə tutulur.  Belə ki, hazırda iqtisadiyyatda payı 80 %-ə bərabər olan özəl sektorun 2026-cı ildə payının 88 %-ə çatdırılması gözlənilir. Bu hədəf ssenarisinə uyğun olaraq səhmləri dövlətə məxsus iri və rentabelli şirkətlərin bəzi səhmlərinin açıq özəlləşdirməyə çıxarılması həyata keçiriləcək. Həmin müəssisələr sırasında SOCAR, “AzərGold”, Xəzər Dəniz Gəmiçiliyi, “BakTelecom”, “AzTelekom” və Beynəlxalq Bank, “Azərişıq”, “Azərsu”  və s. dövlət şirkətlərinin özəlləşdirilməsi istisna olunmur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib ki, 2025-ci ilə qədər iri dövlət şirkətlərindən bir neçəsinin, o cümlədən SOCAR-ın dövlətə məxsus səhmlərinin bir hissəsinin özəl investorlara satışına dair təkliflər hazırlanacaq. 

Qeyd edək ki, bir neçə il əvvəl Prezident İlham Əliyev xarici iş adamları ilə görüşdə bəyan etmişdi ki, SOCAR-da, Xəzər Dəniz Gəmiçiliyi və digər dövlət şirkətlərində müsbət dəyişikliklər müşahidə edilir və müəyyən bir mərhələdə onların səhmləri satışa çıxarılacaq. Dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq son 4 ildə həmin şirkətlərin korporativ idarəetmə prinsiplərinin təmin edilməsi üçün müşahidə şuraları yaradıldı. Müşahidə şuraları dövlət şirkətlərinin və müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində tədbirlər hazırlayaraq həyata keçirdi və kifayət qədər müsbət nəticələr əldə olundu. Neçə illərdir ki, zərərlə işləyən SOCAR, AZAL və digər iri şirkətlər son 2 ildir ki, özlərini tam doğruldub, gəlirlə işləyir. 2015-ci il devalvasiyasından sonra maliyyə dayanıqlılığı ağır olan və dövlətin dəstəyindən asılı olan Beynəlxalq Bank 3 ildir ki, nəhəng maliyyə institutuna çevrilib, bankın aktivləri 12 milyard manatı ötüb.

Beləliklə, bu proses özəlləşdirməqabağı hazırlıq planlarının əsas hissəsini təşkil etdi və dövlət müəssisələrində institusional islahatların, sağlamlaşdırma tədbirlərinin davam etdirilməsi, dövlətin iştirak payının azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi, korporativ idarəetmənin tətbiqinin şaxələndirilməsi və qiymətli kağızlar bazarının inkişaf etdirilməsi sahəsində addımlar atıldı. Bütün bunlar özəlləşdirməyə hazırlığın ilk mərhələsidir. Hökumət tərəfindən İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri və Azərbaycan İnvestisiya Holdinqinə özəlləşdirmə məqsədilə beynəlxalq məsləhətçi şirkətlərinin cəlb olunması üçün tapşırıqların verilməsi, xarici və yerli investorlarla məsləhətləşmələrin davam etdirilməsi isə artıq özəlləşdirməyə başlamaq üçün düymənin basıldığından xəbər verir.

İri dövlət şirkətlərinin səhmlərinin özəlləşdirilməyə çıxarılmasında  məqsəd nə ola bilər?

Burada əsas məqsədlərdən biri yeni idarəetmə prinsiplərinin tətbiqi, dövlət şirkətlərinin maliyyə sağlamlığının daha da artırılması, beynəlxalq bazarlarda səhm sektoruna inteqrasiyası, xarici investorların Azərbaycanın strateji dövlət səhmdarlarında pay alması və investisiya fəallığının təşviqinin artırılmasıdır. İndiyə qədər dövlətə məxsus həmin şirkətlərin əksəriyyətinin maliyyə idarəetməsindəki problemlər, korporativ idarəetmədəki nöqsanlar aradan qalxdığından dövlət  iri şirkətləri daha güclü və kapital bazarlarında aktiv oyunçu kimi görmək istəyir. Bu məqsədlə bazarın liberallaşdırılması və inhisarsızlaşdırılmasına daha geniş meydan verməklə özəl sektorun iri səhmdarlara çevrilməsinə yaşıl işıq yandıracaq.

İkinci əsas amil qeyri-neft sektorundan daxil olacaq yığımların həcminin daha da artırılmasıdır. Məlumdur ki, hazırda fiskal yığımlarda neft gəlirlərinin payı yüksək olaraq qalır, 2024-cü ildə neftin büdcədəki payı 50,2 faiz və ya 17 milyard 164 milyon manat, qeyri-neft sektorunun payı isə 49,8 faiz və ya 17 milyard  manat nəzərdə tutulub. Hökumət yaxın 4 ildə büdcədə qeyri-neft yığımlarını əhəmiyyətli həcmdə artırmağı hədəfləyib. Eyni zamanda qeyri-neft sektorunun ÜDM-də payını artırmaq üçün digər alətlərin işə salınması planlaşdırılır. Bu məqsədlə hazırda ÜDM-də 77,6 milyard manata bərabər olan qeyri-neft gəlirlərinin 2027-ci ildə 106,8 milyard manata çatdırılması nəzərdə tutulur. Büdcədə isə bu rəqəmin ən azı 22 milyard manata çatdırılması hədəflənib. Ona görə də neftin yerini dolduracaq dayanıqlı potensialları hərəkətə gətirməyə qərar verilib.

Qeyri-neft sektorundan gəlir mənbələrindən biri kimi dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi və icarəyə verilməsindən daxilolmaların həcminin artırılması mümkün hesab edilir. Hazırda əmlakın icarəyə verilməsindən büdcəyə 28 milyon manat, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmaların məbləği isə 550 milyon manat təşkil edir. Halbuki bu müəssisələrin dividend ödənişlərinin məbləğini ən azı 2-3 dəfə artırmaq mümkündür. Bu məqsədlə neçə illərdir ki, yubanan yeni özəlləşdirmə strategiyasının tezləşdirilməsi fayda verə bilər. Xüsusilə də SOCAR, Beynəlxalq Bank kimi nəhəng səhmtutumlu şirkətlərin səhmlərinin özəlləşdirilməsi büdcədə qeyri-neft yığımlarında xüsusi artımlar yaradacaq.

Üçüncü amil dövlətin maliyyə yükünün azaldılmasıdır, iri dövlət şirkətlərinə dövlət hər il müxtəlif investisiya proqramları çərçivəsində maliyyə ayırır, onların xərclərini subsidiyalaşdırır. Xüsusilə də enerji-yanacaq sektorunda dövlət ayırmaları üstünlük təşkil edir. Ona görə də dövlət maliyyə yükündən xilas olmaq istəyir və həmin xərcləri özəl şirkətlərə yönəltməyə çalışır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də bu məsələyə xüsusi yer verilib. Sənəddə dövlət və özəl əməkdaşlığın gücləndirilməsi, yenilikçiliyə malik özəl sektorda aktivliyin daha da canlandırılması, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payının artırılması və bununla da iqtisadiyyata özəl sərmayə cəlbinin artırılması üçün dövlət aktivlərinin bir hissəsinin özəl sektora ötürülməsi ilə bağlı  hədəflər yer alıb.

Hökumət özəlləşdirmə prosesinə xarici investorları cəlb etməkdə maraqlıdır, çünki bu, böyük kapital axını və ölkədə sərmayə iqliminə yeni təşviqlərin gətirilməsi deməkdir. 

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: