Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əlavə gəlirlər Qarabağın yenidən qurulması üçün xərclənəcək

Millət vəkili beynəlxalq maliyyə qurumları vəsaitlərinin prosesə cəlb edilməsinin vacib olduğunu vurğuladı.

14.02.2024 12:26
5
A+
A-

Azərbaycan 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası, Qarabağ və Şərqi Zəngəzur rayonlarının milli iqtisadiyyata reinteqrasiyası əsas prioritetə çevrilib.

Maliyyə naziri Samir Şərifov bildirib ki, biz ilk növbədə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün maliyyələşmə səviyyəsini saxlamağa çalışırıq. Heç şübhəsiz ki, hər bir tədbirin maliyyələşdirilməsi dövlətin maliyyə imkanları ilə bağlıdır. Biz imkan yarandıqca layihələrə vəsait ayırırıq. Ötən ilə fikir versəniz görərsiniz ki, ilkin olaraq həmin məqsədlər üçün büdcədən cəmi 3 milyard manat vəsait ayrılmışdı. Lakin sonradan dövlətin maliyyə imkanları da artdı və 2023-cü ilin iyun ayında ölkə Prezidentinin təqdimatına əsasən, büdcəyə yenidən baxıldı.

Bunun da iki əsas səbəbi var idi. Birinci səbəb, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi idi. Digər səbəb isə, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası üzrə tədbirlərin maliyyələşdirilməsi idi. Yenidən baxılma nəticəsində büdcədən bu məqsədlər üçün əlavə 1,8 milyard manat ayrıldı. Ötən il isə büdcənin icrası zamanı əlavə olaraq həm Prezidentin ehtiyat fondundan, həm də büdcənin ehtiyat fondundan vəsait ayrıldı. Beləliklə, ümumi məbləğ 5 milyard manatı üstələdi. 2024-cü ilin dövlət büdcəsində də müəyyən vəsaitlər nəzərdə tutulub. Dövlətin maliyyə imkanlarından asılı olaraq, əlavə gəlirlər olduqda və yaxud büdcə vəsaitlərinə qənaət olunduqda həmin pullar ilk növbədə qeyd etdiyimiz məqsədlərə yönələcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov dedi ki, 2024-cü ildə həmin ərazilərimizin iqtisadiyyatının formalaşmasına renteqrasiya olmaqdan ibarətdir. Bu baxımdan da 2024-cü ildə dövlət büdcəsi paketində nəzərdə tutulandan daha çox vəsaitin ayrılması mümkün olacaq. 2024-cü ildə həmçinin məskunlaşma və bərpa prosesinin daha sürətlə həyata keçiriləcəyi gözlənilir. Eyni zamanda Xankəndi və Xocalıda məskunlaşma prosesinin həyata keçirilməsi nəzərdə tutulur. Növbəti il Ağdamda genişmiqyaslı məskunlaşmanın olacağı da planlaşdırılır.

Millət vəkili beynəlxalq maliyyə qurumları vəsaitlərinin prosesə cəlb edilməsinin vacib olduğunu vurğuladı. Xüsusən də inkişaf etmiş ölkələrin dəstəyi çox önəmlidir. Amma, təəssüf ki, biz bu istiqamətdə xüsusi bir dəstək görmürük. Təbii ki, ilk gündən etibarən Azərbaycanın haqq işinə dəstək olan ölkələrin dəstəyi hələ də davam edir, amma beynəlxalq maliyyə qurumlarının, inkişaf etmiş ölkələrin bu prosesdə daha fəal olması vacibdir.

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: