Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK-də görüş

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərdən də söz açılıb.

22.05.2024 11:14
26
A+
A-

Mayın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Neftqaztikinti İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (NİBHİK) Şurasının üzvləri ilə görüşüb.

Qonaqları salamlayan AHİK sədri NİBHİK-in fəaliyyətini, həyata keçirdiyi layihələri yüksək dəyərləndirib. Bildirib ki, qurum üzv təşkilatlar arasında daimi qarşılıqlı əlaqələrin qurulması, qabaqcıl təcrübə mübadilələrinin aparılması, qlobal həmkarlar ittifaqı və ictimai siyasi platformalarda konsolidasiya edilmiş mövqelərin işlənib hazırlanması və təqdim edilməsi istiqamətində mühüm işlər görür.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan Səttar Möhbalıyev xüsusilə son illərdə ölkəmizdə əmək hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması naminə atılmış addımlardan danışıb.

Dedi ki, AHİK-in fəaliyyətinin əsasında ittifaq üzvlərinin tələb və təklifləri durur. Bu tələb və təklifləri vaxtında almaq üçün geniş işlək şəbəkəyə malikik. Seminarlar, birbaşa görüşlər və ilk təşkilatlardan alınan məlumatlar bizə real vəziyyəti görüb, qiymətləndirmək imkanı verir. Misal olaraq deyim ki, vaxtilə Sovet İttifaqında qəbul edilmiş Əmək Məcəlləsinə əsasən, işçinin işəgötürən tərəfindən işdən çıxarılması işəgötürənin razılığı ilə həyata keçirilirdi. Lakin 1999-cu ildə yeni Əmək Məcəlləsi qəbul edilən zaman bu qayda nəzərə alınmayıb. Bu dövrdən başlayaraq həmkarlar ittifaqı fəalları ilə keçirilən bütün görüşlərdə həmkarlar ittifaqı üzvlərinin işdən azad edilməsi məsələsinin həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırılaraq həllinin son nəticədə Əmək Məcəlləsində öz əksini tapması təklif edilirdi. Bunu nəzərə alaraq hökumət və qanunverici orqanlarla apardığımız intensiv danışıqlar öz nəticəsini verdi. Bizim təklifimiz nəzərə alındı, Əmək Məcəlləsinə edilən dəyişikliklər nəticəsində bu məsələ öz müsbət həllini tapdı. Qanun həmkarlar ittifaqı haqlarının 4 gün ərzində məcburi köçürülməsini müəyyən edir. Bu müddətlərin pozulmasına görə cərimələr var.

Onilliklər ərzində həmkarlar ittifaqı hərəkatı qadınlara qarşı ayrı-seçkiliyə, o cümlədən ayrı-seçkiliyə qarşı mübarizə aparmış, respublikamızda gender strategiyasının hazırlanmasında və qəbulunda iştirak etmişdir. İƏT tərəfindən qəbul edilmiş “gender bərabərliyi konsepsiyası” ilə bağlı uzunmüddətli fəaliyyət proqramları həyata keçirilir, Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəz, “Gender bilikləri və texnologiyaları məktəbi” fəaliyyət göstərir. Statistikaya görə, həmkarlar ittifaqı üzvlərinin ümumi sayının 47,7 faizini kişilər, 52,3 faizini isə qadınlar təşkil edir. Üzvlərin 18,9 faizini gənclər təşkil edir. Onların yarıdan çoxu, yəni 9 faizdən çoxu gənc qadınlardır və bu qadınların 6,18 faizi də bütün səviyyələrdə rəhbər vəzifələrdə təmsil olunur.

Respublika həmkarlar ittifaqları həmkarlar ittifaqı büdcəsindən ayrılan vəsaitdən istifadə edərək həmkarlar ittifaqı üzvlərinin işçilərinin müalicəsi və istirahəti üçün yeni şərait yaradır. Tələbələrə xüsusi təqaüdlər verilir, aztəminatlı ailələrin uşaqları üçün pulsuz nahar verilir.

Səttar müəllim son illər özünü məzlum, “sülhpərvər” ölkə kimi qələmə verməyə cəhd göstərən Ermənistanın 30 il ərzində xalqımıza, hətta torpaqlarımıza qarşı etdiyi soyqırımından danışdı. “Biz 44 günlük Vətən müharibəsində haqqı, ədaləti bərpa etdik”,- dedi. Təbii ki, bu bizə insan itkiləri hesabına başa gəldi. Biz torpaqlarımızın bütövlüyü uğrunda canlarını əsirgəməmiş  övladlarımızın ruhuna, ailə üzvlərinə ehtiramla, hörmətlə yanaşırıq.

Təkcə Konfederasiya 300-ə yaxın şəhid ailəsini himayəsinə götürüb.

S.Möhbalıyev iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, ictimai nəzarətin həyata keçirilməsi məsələsinə də toxundu. Bildirdi ki, layiqli əmək şəraitinin təmin edilməsinə diqqəti cəlb etmək məqsədilə 2009-cu ildən hər il “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə keçirilir. Bu il müsabiqədə 2560-dan çox müəssisə iştirak edib, 67 təşkilat qalib elan edilib.

O həmçinin AHİK-in beynəlxalq əlaqələrinə də toxunub. Məlumat verib ki, rəhbərlik etdiyi qurum Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Şurasının üzvüdür, bu təşkilatların işində fəal iştirak edir.

Səmimi qəbula görə, təşəkkür edən NİBHİK-in prezidenti Aleksandr Korçaqin Bakıda olmaqdan, şəhərin gözəlliyindən, tarixi-mədəni abidələrindən və insanların qonaqpərvərliyindən məmnunluğunu ifadə edib. Vurğulayıb ki, Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti ilə tanışdır, onlar işlərinə məsuliyyətlə yanaşır və vəzifələrini layiqincə yerinə yetirirlər.

Aleksandr Korçaqin NİBHİK-in Şura iclasına Bakının ev sahibliyindən razılıq edib. Bugünkü Şura iclasında müzakirəyə çıxarılan məsələlər və qəbul olunan qərarlar barədə danışıb, bunun üzv təşkilatlar üçün əhəmiyyətini qeyd edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərdən də söz açılıb.

Qeyd edək ki, Neftqaztikinti İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası 18 mart 1992-ci ildə yaradılıb. Konfederasiyada Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya, Özbəkistan və Ukraynadan 1,5 milyondan çox işçinin maraqlarını təmsil edən sahə həmkarlar ittifaqları birləşir.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev  Neftqaztikinti İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidentidir.

 

ETİKETLƏR:

Foto