Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Naxçıvanın yeraltı duz səltənəti

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən Duzdağ Müalicə Mərkəzində müalicə turizminin daha da inkişafı üçün hərtərəfli şərait yaradılıb.

17.07.2024 11:39
9
A+
A-

O elə bir dünyadır ki,

Havası duz, səması duz,

Hər yanı duz.

Sərvəti də elə duzdur,

Şöhrəti də elə duzdur.

 

Bu misralar dünya sağlamlıq turizminə öz qapılarını açan qədim Nuh yurdunun Yeraltı Duz Mağarasına aiddir. Mağara demək kifayət deyil, əslində Naxçıvanın yeraltı duz səltənətidir.

Bu günlərdə “Duzdağ Müalicə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının balansına keçdi.

Duzdağ Müalicə Mərkəzinə yeni həyat, yeni nəfəs gəlir.

Dəniz səviyyəsindən 1173 metr hündürlükdə olan və dünyanın möcüzəsi sayılan Duzdağ Müalicə Mərkəzi Naxçıvan şəhərindən 14 km, 5 ulduzlu “Duzdağ” otelindən isə iki kilometr məsafədə yerləşir.

Mərkəzin 110 metr dərinlikdə olan yeraltı hissəsi 350 metrə qədər uzanır. Hər küncündə minilliklərin izlərini daşıyan Duzdağ Naxçıvanın rəmzi hesab edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb”.

Keçmişə söykənən, lakin heç vaxt qocalmayan Nuhun diyarında yer altında gizlənən bu mineral misilsiz dəyərə malikdir. Necə deyərlər, min bir dərdin dərmanıdır.

Mərkəzdə ilin bütün fəsillərində havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 30-40 faiz arasında dəyişir. Bu mağaranın duzu ilə nəfəs almaq bir çox xəstəliklərə, bronxial astma, xroniki bronxit, bronxit, astma öncəsi vəziyyət, pollinoz, astmatik komponentli xroniki bronxit və allergik rinitə xeyirlidir. Hazırda mərkəzdə xəstələr üçün 474 çarpayı mövcuddur.

Sağlamlıqlarına qovuşmaq istəyən xəstələrin Mərkəzdə qalma müddəti fərqlidir. Belə ki, 10 yaşına qədər uşaqlar, günorta 4-5 saat olmaqla, 7-14 günə kimi qalır, 12 yaşından yuxarılar isə burada gecələyirlər.

Müalicə Mərkəzi həm də turizmin inkişafında aparıcı rol oynayır. Hər il, xarici qonaqların dili ilə desək, bu yeraltı krallıqda ən azı 4-5 min insan şəfa tapır. Divarları duz qayaları ilə örtülü olan bu sağlamlıq ocağı təkcə yerli insanlara deyil, dünyanın bir çox ölkəsindən gələn turistlərə də xidmət göstərir.

Duz mədənləri digər ölkələrdə də var. Qədim diyarın dünyaca məşhur möcüzəvi məkanı olan Duzdağ Müalicə Mərkəzini digər duz şaxtalardan fərqləndirən əsas üstünlükləri horizontal yerləşməsi, havalandırmanın təbii olması, rütubət və temperaturun daim sabit qalması, mikrob cisimciklərin və allergenlərin yox dərəcəsində olmasıdır.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən Duzdağ Müalicə Mərkəzində müalicə turizminin daha da inkişafı üçün hərtərəfli şərait yaradılıb.

 

Günel NUR,

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Mətbuat katibi

ETİKETLƏR: