Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İstehsal edən də gileylidir, alan da

 Söhbət fermerlərdən və şəhər sakinlərindən gedir

24.07.2024 11:18
10
A+
A-

İstehsal edən də gileylidir, alan da. Söhbət fermerlərdən və şəhər sakinlərindən gedir. Bu qarşılıqlı gileyə səbəb olan nədir və ya kimdir? Səbəbi aqrar sahə üzrə ekspert Akif Nəsirli ilə araşdırdım.

- Akif müəllim, fermerlərlə söhbətlər apardım. Dedilər ki, biz məhsulumuzu rayon mərkəzindəki qiymətlərə uyğun müəyyənləşdiririk. Tədarükçülərə məhsulumuzu rayondakı bazar qiymətlərinin 50 faizi dəyərində veririk. Həmin məhsullar paytaxtımızda, digər şəhərlərdə 3-4 qat bahasına satılır. Şəhər sakinlərindən bir neçəsi ilə də bu mövzuda söhbət etdim. Onlar da şikayətləndilər ki, bazarlarımız qiymət baxımından od tutub yanır. Narazılıq edəndə satıcılar çiyinlərini çəkib deyirlər ki, qiymət məsələsi bizlik deyil. Tədarükçülər də özlərində günah görmədilər. “Biz də qəpik-quruşa işləyirik”, - dedilər. Sualımıza sualla cavab verdilər: Bilirsiniz kənd təsərrüfatı məhsullarını Bakıya gətirib çıxarmaq neçəyə başa gəlir?!”

Zahirən səbəbi bilinməyən bu problemin bir həlli yolu varmı?

- Əlbəttə var. Baxın, bu gün Bakıda bütün kənd təsərrüfatı məhsullarının satışı üçün cəmi bir baza var, o da “Meyvəli bazar”dır. Bəli, orda hər kəs məhsulunu fərdi qaydada sata bilər. Ancaq bunun üçün kəndli, heç olmasa, 3-5 gün əvvəlcədən orada arendaya yer götürməlidir. Bu, problem deyil. Problem ondadır ki, fermer məhsulunu satdığı müddət ərzində şəhərdə qalmalı, yeməli, içməlidir. Bütün bunlar xərclərdir. Bu xərclər onun kənddə yerində satdığı məhsulun qiymətini nəinki üstələmir, heç ona bərabər belə olmur. Ona görə də ilk növbədə kəndlinin Bakı bazarına birbaşa çıxış imkanını təmin etmək lazımdır, kəndli şəhərə gələndə yuxarıda sadaladığım problemlərlə qarşılaşmamalıdır. 3 milyona yaxın əhalisi olan Bakı kimi böyük şəhərdə kənd təsərrüfatı məhsullarının yığıldığı tədarük məntəqəsi təkcə “Meyvəli bazar” olmamalıdır. Şəhərin giriş-çıxış hissələrində bir neçə belə məntəqə təşkil olunmalıdır.

Bilirsiniz, bazar iqtisadiyyatının iki təməl prinsipi var: liberal qiymətlər və amansız rəqabət. Bu prinsiplərdən biri olmadıqda, artıq bazar iqtisadiyyatından söhbət belə gedə bilməz. Bizdə liberal qiymət var, amma amansız rəqabət, demək olar ki, bir çox sahədə yoxdur. Yəni inhisarçılıq rəqabəti sıradan çıxardıb.

Akif müəllim dedi, elə hal da olur ki, təklif tələbi üstələyir. Bu vəziyyətdə də məhsul kəndlinin əlində qalır. Bu isə onun növbəti ildə məhsul əkib-becərməsi üçün qazancının olmaması deməkdir. Belə məqamlarda hökumət tənzimləyici tədbirlər görməlidir. Həmsöhbətim fikrini əyani misalla izah etdi. Dedi, tutaq ki, kəndli çox miqdarda kartof əkib, bazarın tələbatı isə 3 min tondur. Bu zaman hökumət vaxtından əvvəl kartofun məhsuldarlığını müəyyənləşdirir. Necə? Əgər həmin il məhsul bol olsa, dövlət özü tələbatdan artıq hissəsini alır, bazara çıxmasına imkan vermir. Yaxud əksinə, məhsuldarlıq zəif olduqda, qiymət sabit qalsın deyə, hökumət bazara kənardan kartof idxal edir. Bax, dövlətin fundamental, əsaslı şəkildə iqtisadiyyatı tənzimləməsi budur. Ümumiyyətlə, bir məhsul əkiləndə əvvəlcədən həmin məhsulun satılacağı arena, bazarın həcmi, alıcısı müəyyənləşdirilməlidir”.

- Akif müəllim, meyvə-tərəvəz satışa çıxarılmamışdan əvvəl onun keyfiyyəti yoxlanılırmı? Əvvəlcədən bilmək olarmı ki, həmin məhsul dərmanla, yoxsa təbii halda yetişdirilib?

- Öncə onu deyim ki, torpaqdan məhsul götürəndən sonra fermerlər həmin torpağı qidalandırmalıdırlar. Çünki torpağın bütün elementləri o məhsula keçir. Bunu da bərpa etməkdən ötrü ona lazımi gübrələr (orqanik peyin, fosfor, kalium) vermək lazımdır. Bu sadaladıqlarım torpaq üçün bir növ vitaminlərdir. İndi gələk digər məsələyə. Yəqin bazarlarda, marketlərdə iri çiyələyə, kartofa, şüşə kimi parıldayan almaya rast gəlmisiniz. Kənardan baxanda həqiqətən iştahaçıcı görünür. Ancaq bunların hamısı ammonium şorasının nəticəsidir. Ammonium şorası el arasında azot dediyimiz gübrədir. Bu gübrəni ancaq məhsul çiçək açana qədər vermək olar. Çiçək açandan sonra qətiyyən vermək olmaz. Çünki bu zaman azot birbaşa məhsulun tərkibinə keçir. Bizim fermerlər də məhsulun çox şirin və böyük olması, inkişafına güclü təkan verməsi üçün bu gübrədən istifadə edirlər.

O ki qaldı sizin sualınıza, bəli, bunu yoxlamaq üçün testlər var, hansı ki, məhsula yaxınlaşdıranda bilmək olur məhsulun tərkibindəki maddələrin norma və faktiki vəziyyətini. Faktiki vəziyyət normadan yüksək olduqda həmin məhsul bazara buraxılmamalıdır. Düşünürəm ki, bununla bağlı cəza təyin olunsa, fermerlər də bu yola əl atmaqdan çəkinərlər.

- Akif müəllim, bazarda hələ də qiyməti yüksək olan mövsümü meyvələr var. Məsələn, gilas. Qiymət nə üçün düşmür?

- Həmin meyvələrin qiyməti düşməyəcək də. Çünki bu il yaz hədsiz yağıntılı və küləkli keçdi. Xatırlayırsınızsa, hətta dəfələrlə dolu da düşdü. Gilasın salxımları bir-birinə çox yaxındı. Güclü külək əsəndə vurur budaqlara, çiçəkləri tökür. Ona görə də bu il həmin meyvələrin məhsuldarlığı zəif olduğundan, qiyməti yüksəkdir və mövsümü bitənə kimi də yüksək olacaq.

 

Aliyə ARİFQIZI