Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Karbon vergisinin tətbiqinə hazırlıq görülür

Məqsəd biznes sektorunu karbonu azaldan texnologiyalara keçidini stimullaşdırmaqdır

25.07.2024 11:30
14
A+
A-

Azərbaycan hökuməti COP29 çərçivəsində ətraf mühitin qorunması, sənayeləşmənin ekoloji təsirlərinin azaldılması istiqamətində yeni hədəf tədbirləri müəyyənləşdirib. Qlobal ekoloji həmrəyliyin möhkəmlənməsində fəal mövqe nümayiş etdirən hökumət istixana effekti yaradan qazların emissiyasını əhəmiyyətli dərəcədə azaltmaq üçün ardıcıl layihələr icra etməyi planlaşdırır. “Avro 5” standartlarına keçidin sürətlənməsi və avtomobil parkının yararsız, köhnə maşınlardan təmizlənməsi, elektroavtomobillərin istifadəsinə böyük üstünlüyün verilməsi, sənaye fəaliyyətinin mənfi təsirlərinin azaldılması ilə bağlı hazırda tətbiq edilən yeniliklər də bu siyasətə xidmət edir. Qarşıda duran ən başlıca tədbirlərdən biri isə istilik effekti yaradan qazların - karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-fülor birləşmələrin konsentrasiyasının azaldılmasıdır.
Yeni ekoloji siyasət çərçivəsində ətraf mühitə dost texnologiyaların geniş tətbiqi, tükənməyən enerji mənbələrindən istifadənin genişləndirilməsi, istilik elektrik stansiyalarında mazutdan istifadənin dayandırılaraq daha təmiz yanacağa keçilməsi, enerji istehsalında su elektrik stansiyalarının və külək, günəş enerjisi stansiyalarını payının artırılması, məişət tullantılarının idarə edilməsi layihəsi üzrə emal zavodlarının yaradılması, aqroparkların sayının çoxaldılması, az karbonlu enerji səmərəlililiyinin təmin olunması, bərpa olunan enerji texnologiyalarından istifadənin maksimum səviyyəyə çatdırılması nəzərdə tutulur. “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” hədəfinə uyğun olaraq “yaşıl enerji” infrastrukturu quran biznes qurumlarına müxtəlif dövlət dəstəyi veriləcək, eyni zamanda, həmin istehsal sahələrinin sahiblərinə vergi güzəştləri tətbiq olunacaq.
Bununla yanaşı, ekoloji mühitə zərər vuran sahibkarlar üçün sərt vergi nəzarəti tətbirləri görüləcək, onlara qarşı müxtəlif məhdudlaşdırıcı addımlar atılacaq. Karbon emissiyasının qarşısının alınmasında dünyada geniş yayılmış məhdudlaşdırıcı vergi alətlərindən istifadə olunacaq ki, onlardan biri də karbon vergisinin tətbiqidir. Dövlət Vergi Xidməti “yaşıl iqtisadiyyat”ın inkişafı ilə bağlı prosesdə aktiv iştirak edən dövlət qurumu kimi ekoloji səmərəlilik prinsiplərinə üstünlük verən sahibkarlara “yaşıl vergi” güzəştləri verməyi düşünür, eyni zamanda, karbon emissiyasının təsirlərinin azaldılması üçün karbon vergisi tətbiq etməyi düşünür.
Karbon vergisi ölkələrin atmosferə buraxılan zərərli qaz emissiyalarını azaltmasını hədəfləyən və istehsal prosesində meydana çıxan karbon dioksid emissiyalarını məhdudlaşdıran vasitə kimi tətbiq edilir. Vergitutma mexanizmi müəssisənin karbon emissiyasını ölçərək ətraf mühitə vurulan zərərin maddi dəyərini uyğun vergi dərəcəsi müəyyənləşdirir. İlk dəfə bu vergi 1991-ci ildə Finlandiyada qüvvəyə minib. Avropa İttifaqı ölkələri 2005-ci ildən bu verginin tətbiqinə başlayıb, İsveçrə, Norveç, Böyük Britaniya, Kanada, Yaponiya və Yeni Zelandiya kimi ölkələr öz daxili bazarlarında karbon vergisinin müxtəlif növlərini tətbiq edir. Fəaliyyətə görə karbon vergisinin tətbiqi zamanı məhsullara və ya müəssisələrə istehsal etdikləri emissiyalara nisbətdə vergi öhdəliyi müəyyənləşir.
Karbon vergisi tətbiq edən ölkələrin təcrübəsi göstərir ki, bu vergi istixana qazı emissiyalarını effektiv şəkildə azaldır. Karbon vergisi tətbiq edən ölkələrdə ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarından istifadə artıb, ekoloji maarifləndirmə, istixana qazlarının emissiyalarının azaldılması kimi müsbət nəticələr əldə edilib.
Qeyd edək ki, 2026-cı ildən Avropa İttifaqının sərhəddə karbon ticarət sistemi tətbiqinə başlayacaq. Aİ-yə üzv dövlətlərin qərarına əsasən, üçüncü ölkələrdən Aİ-yə idxal edilən sement, alüminium, gübrə, elektrik enerjisi, dəmir və polad kimi məhsullara karbon vergisi tətbiq olunacaq ki, bu da Azərbaycanın ümumilikdə həmin vergiyə keçidini labüdləşdirəcək. Ona görə də, hökumət karbon vergisinin tətbiqi ilə sənaye müəssisələrinin ekoloji problem yaratmaqdan uzaqlaşdırmağa, karbon emissiyasından çəkindirməyə çalışmağı düşünür. Ölkəmizin bu vergi rejiminə keçməsindən sonra karbon vergisinə məruz qalacaq sahibkarlar məlum öhdəlikləri nəzərə alaraq öz gələcək fəaliyyətlərini intizamlı, “yaşıl davranış kodeksinə” uyğun qurmalı olacaqlar. Ən optimal yol isə sahibkarların könüllü şəkildə karbon emissiyasını azaldan texnologiyaların geniş tətbiqinə keçməkdir.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: