Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ölkədə yeni peşələrə keçid prosesi necə tənzimlənir?

Bu sahədə hansı işlər görülür?  Gələcəkdə hansı peşələrdə mütəxəssis qıtlığı gözlənilir?

11.09.2024 11:26
312
A+
A-

Dünyada və Azərbaycanda peşələr bir neçə amildən, o cümlədən texnoloji inkişafdan, iqtisadi şərtlərdən və əmək bazarındakı dəyişikliklərdən asılı olaraq dəyişir.

Əvvəl dünyada və ölkəmizdə ən çox hansı peşələrə sahib işçilərə ehtiyac olduğunu araşdırdım.

Dünyada ön sırada Texnologiya və IT mütəxəssisləri, daha sonra sağlamlıq sektoru: Həkimlər, tibb bacıları, psixoloqlar, eyni zamanda fiziki terapiya və cərrahiyyə mütəxəssisləri və iqlim dəyişikliyi ilə bağlı tədqiqatçılar yer tutur.

Azərbaycanda isə tələb olunan mütəxəssislər sırasında öndə proqramçılar, sistem inzibatçıları və kibertəhlükəsizlik, neft, qaz və kimya sənayesi və inşaat mühəndisləri, səhiyyə işçiləri, həkimlər, xüsusən ailə həkimləri, həmçinin ixtisaslaşmış tibb bacıları durur.

Ölkədə yeni peşələrə keçid prosesi necə tənzimlənir? Bu sahədə hansı işlər görülür?  Gələcəkdə hansı peşələrdə mütəxəssis qıtlığı gözlənilir?

 Peşə seçimi ilə bağlı prosesin gedişatı mənə bir az da kənd təsərrüfatında illərdir gedən prosesi xatırladır. Belə ki, ölkədə kənd təsərrüfatı sektorunda bir il hansı məhsula ehtiyac olsa, gələn il hər kəs onu becərməyə çalışır. Belə olan halda da həmin məhsulun dəyəri düşür və məhsul fermerin əlində qalır. İxtisas  seçimində də son illər orta məktəb məzunları ən çox 1-ci qrupa, texnologiya sahəsinə yönəlirlər. Demək olar ki, bu il ən yüksək bal toplayanlar da bu qrupdadır. Bəs bu sahəyə kütləvi yönəlmə nə ilə nəticələnəcək?

“Ali təhsilin məqsədi əmək bazarının ehtiyacına uyğun yüksək dərəcəli mütəxəssis hazırlamaqdır. Əmək bazarında araşdırma aparsaq görərik ki, 90% insanı yetişdirən mühitdir. Ali məktəblərin verdiyi bacarıqlar bunun, sadəcə, 5-10%-ni təşkil edir”.

Bu sözləri Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib: “Əmək bazarında İT sahəsinə yönəlmənin bu sahədə mütəxəssislərin çoxluğunun zərəri olmayacaq deyə düşünürəm. Çünki bu sahəyə nəinki ölkədə, dünyada da tələbat çoxdur. Lakin həkim azlığının müşahidə edilməsi qlobal bir problem olaraq diqqət çəkir və bunun qarşısı alınmasa, həqiqətən də təhlükəli vəziyyətlə qarşılaşa bilərik. Hazırda Avropa ölkələrinin bir çoxunda bu hal yaşanmaqdadır. Artıq dünya miqyaslı vakansiyalar elan edirlər. Bu sahəyə marağın olmaması əsasən təhsil və hazırlıq müddətinin uzunluğu ilə bağlıdır.  Həkim olmaq üçün tələb olunan təhsil müddəti çox uzundur. Tibbi təhsil illər alır və tələbələr bu dövrdə böyük akademik və maddi yük altına düşürlər. Bir çox insan bu uzun prosesi keçməkdə çətinlik çəkir və ya başqa peşələrə yönəlir.

Daha sonra yüksək stres və iş yükü: Həkimlər daim yüksək stres və məsuliyyət altında çalışırlar. Həm də uzun iş saatları və növbəli işlər onların şəxsi həyatına mənfi təsir edə bilər, bu da peşənin cazibədarlığını azaldır.

Maaşlar və iş şəraiti: Bir çox ölkədə həkimlərin maaşı onların gördüyü ağır işlə müqayisədə nisbətən aşağıdır. Eyni zamanda iş şəraitinin yaxşı olmaması və kadr çatışmazlığı səbəbindən mövcud həkimlər üzərinə daha çox iş düşür, bu da onların işdən ayrılmasına və ya başqa ölkələrə köçməsinə səbəb olur.

Bəs gələcəkdə həkim peşəsini nə gözləyir?

Tibdə texnoloji inkişaflar, məsələn, süni intellekt, telemedisin və robotlaşdırılmış cərrahiyyə bəzi sahələrdə iş yükünü azalda bilər. Bu texnologiyalar tibbi diaqnozları sürətləndirər və həkimlərin bəzi vəzifələrini yüngülləşdirə bilər, lakin həkimlərə olan tələbatın azalması ehtimalı azdır, çünki insan təcrübəsi və qərarvermə prosesi hər zaman kritik olaraq qalacaq.

Tibb işçilərinin iş və təhsil şəraitini yaxşılaşdırmaq üçün addımlar atılmalıdır. Bununla peşə daha cəlbedici ola bilər.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: