Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əmək müqaviləsi ilə işləyən sığortaolunan vəfat etdikdə onun vərəsələrinə işəgötürən və DSMF orqanı tərəfindən hansı müavinətlər verilməlidir?

Belə ödənişlərin verilməsi qanunvericiliyə əsasən necə olmalıdır və belə müavinətləri almaq üçün  hansı müddətlər müəyyən olunub?

13.04.2022 12:37
215
A+
A-

Əmək müqaviləsi ilə işləyən sığortaolunan vəfat etdikdə onun vərəsələrinə işəgötürən və DSMF orqanı tərəfindən hansı müavinətlər verilməlidir?

Belə ödənişlərin verilməsi qanunvericiliyə əsasən necə olmalıdır və belə müavinətləri almaq üçün  hansı müddətlər müəyyən olunub?

 

Reyhan SALAMOVA,

Quba rayonu.

 

- “Məcburi Dövlət Sosial Sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə əsasən, sosial sığorta hadisəsi baş verdikdə məcburi dövlət sosial sığorta ödəmələri verilir. Bu hüquq sığortaolunan və əmək pensiyaçılarına aiddir.

Əsasnamənin 90-cı bəndinə əsasən, sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir.

Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği  sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir.

Əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosial müavinətlər vaxtaşırı artırılır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2022-ci il yanvarın 1-dən etibarən dəfn üçün müavinət 350 manat müəyyən edilmişdir.

Qeyd edək ki, bu məbləğ sığortaolunanlara DSMF-nin müvafiq orqanları tərəfindən verilir. Bunun üçün müraciətə müvafiq qeydiyyat şöbəsindən alınmış ölüm haqqında arayış və müvafiq bələdiyyə tərəfindən verilmiş ölən şəxsi dəfn etməyi öhdəsinə götürmüş şəxs barədə məlumatı özündə əks etdirən arayış əlavə olunmalıdır.

Qeyd olunan dəfn üçün müavinətdən əlavə sığortaolunana həm də işəgötürən tərəfindən müavinətin ödənilməsi nəzərdə tutulur. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilməsi nəzərdə tutulmuşdur.

Göründüyü kimi, bu müavinətlər eyni təşkilatdan ödənilmir. Vəfat etmiş sığortaolunanlara görə dəfn üçün müavinət DSMF tərəfindən, vərəsələrə çatacaq müavinət isə iş yerindən ödənilir.

Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.

 

Bilmək istəyirəm, Azərbaycanda da tibbi müdaxilədən imtina etmək mümkündürmü?

 

Səfər QƏDİMOV, Şəki şəhəri.

- Bəli, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 27-ci maddəsinə əsasən:

* Qanunvericilikdə nəzərdə tutulan hallar (təcili və təxirəsalınmaz tibbi yardımın zəruri olduğu hallar) istisna olmaqla, vətəndaşın və ya onun qanuni nümayəndəsinin tibbi müdaxilədən imtina etmək, yaxud onun dayandırılmasını tələb etmək hüququ vardır.

* Tibbi müdaxilədən imtina etdikdə vətəndaşa, yaxud onun qanuni nümayəndəsinə mümkün olan nəticələr barədə izahat verilməlidir. Tibbi müdaxilədən imtina edilməsi və onun gələcək nəticələri barədə izahat vətəndaşın tibbi sənədlərində qeyd olunur və onun özü, yaxud qanuni nümayəndəsi, eləcə də tibb işçisi tərəfindən imzalanır.

* Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələri göstərilən şəxslərin həyatı üçün zəruri tibbi müdaxilədən imtina etdikdə, onların sağlamlığının qorunması üçün tibb müəssisələri məhkəməyə müraciət edə bilərlər.

 

İşçinin xeyrinə icbari sığorta müqaviləsi bağlanılmayıbsa, ona dəymiş zərər necə ödənilir?

Məmməd MƏLİKOV, Quba şəhəri.

- İstehsalatda baş vermiş bədbəxt hadis

ədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin və digər əlavə xərclərin, o cümlədən əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Nazirlər Kabinetinin 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nə əsasən ödənilir.    

ETİKETLƏR: