Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşğaldan azad olan torpaqlarımızın 30 illik yaralarını neçə müddətə və necə sağaldacağıq?

Dövlətimizin tapşırığı ilə, məcburi köçkünlərin sağlamlığı naminə, minaların zərərsizləşdirilməsi prosesi zərgər dəqiqliyi ilə yerinə yetirilir.

27.04.2022 12:05
6
A+
A-

“Keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görürük. Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları - biz planlı şəkildə bu işləri görəcəyik”. Bunu respublika Prezidenti İlham Əliyev I rübün yekunlarına dair müşavirədə bu ilin sonuna qədər və növbəti bir-iki il ərzində görüləcək işlərlə bağlı öz tapşırıqlarını verərkən deyib. Bütün bunların tez bir zamanda həlli üçün isə qeyd edib ki, minalardan təmizlənmə prosesini sürətləndirmək lazımdır. “Çünki bu məsələ həll olunmadan biz vətəndaşları o bölgələrə yerləşdirə bilmərik. Ancaq tam əmin olandan sonra ki, o ərazilər minalardan təmizlənib, biz vətəndaşları o ərazilərə yerləşdirə bilərik”.

Bəs erməni tapdağından azad etdiyimiz torpaqlarımızın 30 illik yaralarını neçə müddətə və necə sağaldacağıq? Həm minadan təmizlənmə, həm də bərpa- quruculuq işlərində hazırkı vəziyyət necədir? Burada yerli, yoxsa xarici şirkətlər üstünlük təşkil edir? Yerli sahibkarların cəlbi üçün hansısa təşviqedici addımlar atılırmı? Bu və ya digər suallarımıza Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininn üzvü, millət vəkili Rüfət Quliyev, tikinti üzrə mütəxəssis Elnur Fərzəliyev aydınlıq gətirdilər.

Millət vəkili dedi ki, 20-ci əsrin 30-cu illərindən başlayaraq, bu günə qədər müharibədən çıxan heç bir ölkədə belə sürətli bərpa-quruculuq işlərinin aparılması, infrastruktur layihələrin həyata keçirilməsi müşahidə olunmayıb. Vətən müharibəsi bitəndən dərhal sonra işğaldan azad olunmuş ərazilərin qısa müddətdə, yəni 1-2 ilə yaşayış üçün normal vəziyyətə gətirilməsi respublikamızın iqtisadi imkanları baxımından real görünürdü. Ancaq ANAMA-nın məlumatı göstərdi ki, ermənilər Qarabağ rayonlarını, kəndlərini, necə dəyərlər, mina zəmisinə çeviriblər. İşğal etdikləri torpaqlara 1 milyondan çox mina basdırıblar. Bu minaları zərərsizləşdirmək üçün, bəlkə də 10 il vaxt lazım olacaq. Dövlətimizin tapşırığı ilə, məcburi köçkünlərin sağlamlığı naminə, minaların zərərsizləşdirilməsi prosesi zərgər dəqiqliyi ilə yerinə yetirilir. Tələsmək ölümə bərabərdir. Biz bu həqiqətin şahidi olduq. Postmüharibə dövründə 100-ə yaxın insan ehtiyatsızlıq ucbatından minaya düşərək həyatını itirib və ya ciddi xəsarət alıb. Onların içində hərbçilərlə yanaşı, mülki insanlar, jurnalistlər, həkimlər də var idi.

Millət vəkili bildirdi ki, sualın ikinci hissəsinə gəlincə isə, azad olunan torpaqlarımıza həyatın yenidən qayıtması bizim ən böyük amalımızdır, eyni zamanda respublika Prezidentinin tapşırığıdır. Ona görə də bu sahədə əlimizdən gələn qədər fəal, qətiyyətli olmağa çalışırıq. Qeyd edim ki, sahibkarlığın inkişafı və ya bu istiqamətdə bütün məsələlər investisiya haqqında qanunda əhatəli şəkildə öz əksini tapıb. Qanun investisiyanın ölkə iqtisadiyyatına intensiv cəlb olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının, eyni zamanda beynəlxalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə yönəldilib. İnvestisiya haqqında qanunda isə  təxminən 15 ildən çoxdur köklü dəyişikliklər edilməmişdi, yəni heç yenilənməyib. Hazırda qanunda köklü formada islahatlar aparılır.

R.Quliyev “istər xarici, istərsə də yerli şirkətlərin Qarabağ zonasında fəaliyyətinə münbit şərait yaradılacaq”, - dedi. Məsələn, artıq Şuşa şəhərində bir neçə yerli sahibkar obyektlər tikib. Buradakı yeniliklər, perspektivlər istər- istəməz yerli və xarici sahibkarları, biznesmenləri cəlb edir.

Xarici sahibkarlar daha çox kənd təsərrüfatına, enerji sisteminin qurulmasına, dağ çaylarından istifadə edib enerji qurğuları qurmaq kimi layihələrə cəlb olunublar. Qarabağ və Zəngəzur zonalarında postsovet məkanında ən yüksək səviyyədə işlər aparılacaq. 100 minlərlə insan qayıdıb öz isti nəfəsi ilə oranı əvvəlkindən də yaxşı, cənnət guşəsinə çevirəcəklər.

“Azərbaycanın ümümi sahəsinin 20 faizindən çoxunu təşkil edən bu ərazilərdən 100 minlərlə köçkün var. Həmin əraziləri qısa müddətdə tikib bərpa etmək və çoxsaylı köçkünləri yerləşdirmək fiziki olaraq Azərbaycanın tikinti sektorunun gücündə deyil. Prosesin sürətlə getməsi üçün bura Türkiyə, Rusiya, İtaliya, Gürcüstan və müxtəlif ölkələrdən işçi qurupları, tikinti şirkətlərinin cəlb olunması təbiidir. Amma bu ərazilərdə sahibkarlığın istədiyimiz səviyyədə inkişafı üçün, digər müsahibinizin də dediyi kimi, minalardan təmizlənmə və təhlükəli məsələlər tam bitməlidir. Çünki belə halda həm yerli şirkətlər cəlb olunmur, həm də xarici şirkətlər ərazinin təhlükəli, riskli olması müqabilində yüksək ödəniş tələb edirlər”. Bunu tikinti üzrə mütəxəssis Elnur Fərzəliyev bildirdi. Dedi ki, köhnə MDB ölkələri içərisində inkişaf etmiş ən böyük tikinti sektoru Azərbaycandadır. Bu gün Azərbaycanın tikinti şirkətləri Ukrayna, Qazaxıstan, Türkmənistan, Rusiyanın çox yerlərində fəaliyyət göstərir. Lakin Qarabağda turizm sektorunun inkişafı, aeroportların tikilməsi, dəmir yollarının çəkilməsi, tibb məntəqələrinin, məktəblərin inşası və sairə digər ölkələr ilə müştərək fəaliyyət tələb edir. İşğaldan azad olunan ərazilərdə hazırda kommunikasiya xətlərinin çəkilməsinə daha çox önəm verilir. Yol xətləri, işıq, qaz, su xətləri və sairə, bunları əsasən yerli, aeropaotun tikilməsi ilə bağlı (söhbət əsnasında müsahibim növbəti, ikinci aeroportun tikiləcəyini də bildirdi) dünya standartlarına cavab verən, xarici tikinti şirkətlərə həvalə olunub.

E.Fərzəliyev qeyd etdi ki, Şuşa şəhərindəki tarixi abidələrin orijinal formada bərpası işinə də yüksək peşəkarlığa malik xarici mütəxəssislər cəlb etmək lazım gəlir: “Xarici şirkətlərin cəlb edilməsinin bir üstün cəhəti də odur ki, erməni quldur dəstələri onlara qarşı terror aktı törətməyə cürət etmirlər. Bildiyiniz kimi xarici dövlətlərin işçi qruplarının təhlükəsizliyi sülhməramlıların daha çox diqqətində olur”.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: