Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dərmanların keyfiyyət və qiymət problemi

Millət vəkili onu da qeyd etdi ki, firma dərmanları deyilən bir anlayış yoxdur. Yəni dərmanlar  müəyyən firmalar tərəfindən gətirildiyinə görə belə anlayırıq.

11.05.2022 11:53
56
A+
A-

Son günlər dərmanların keyfiyyətsizliyi və qıtlığı ilə bağlı xəstələrlə yanaşı, həkimlərin də şikayətləri artıb. Dünyada tanınmış, yüksək müalicəvi təsirə malik dərmanlar bu gün Azərbaycanda tapılmır. Digər bir narazılıq doğuran məsələ satılan eyni adda dərmanların tərkibinin eyni olmamasıdır. Qiymətlər də kifayət qədər bahadır.

 Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva ilə söhbətə elə qiymət artımı barədə başladıq.

“Bu gün Respublikamızın bütün apteklərində dərmanlar eyni qiymətə satılır ki, bu da Tarif Şurası tərəfindən tənzimlənir”, - deyə K.Əliyeva bildirdi. Əlavə etdi ki, dərman preparatlarının əksəriyyəti ölkədə istehsal olunmur. Ona görə də digər istehsalçı ölkələr ilə müqayisədə bizdə bu qiymətlər yüksəkdir. Digər məsələ isə, xaricdən dərmanların idxalı zamanı bəzi  şirkətlərin bundan istifadə edərək satış üçün  daha yüksək qiymət təklif etmələridir. Düşünürəm ki, bu problem vətəndaşlarımızı narahat edən ən vacib məsələlərdəndir. Dərmanları ölkəyə həkimlər deyil, işbazlar gətirir. Ona görə də buna Səhiyyə Nazirliyi tərəfindən nəzarət gücləndirilməlidir.  Respublikamızda keyfiyyətsiz dərmanların gətirilməsinin və süni qiymət artımının qarşısının alınmasına ciddi nəzarət olunmalıdır. Açıq formada elan olunmalıdır ki, filan dərmanları filan adamlar gətirir. Qoy insanlar da bilsinlər ki, hansı dərmanlar keyfiyyətsizdir.

Millət vəkili onu da qeyd etdi ki, firma dərmanları deyilən bir anlayış yoxdur. Yəni dərmanlar  müəyyən firmalar tərəfindən gətirildiyinə görə belə anlayırıq. Lakin  həmin dərmanları hər hansı bir ölkə istehsal edir və hansısa firma tərəfindən müxtəlif ölkələrə çatdırıla bilir.

Mən deyərdim ki, sizin qeyd etdiyiniz tendensiya təxminən 5-10 il bundan əvvəl respublikamızda açıq-aşkar şəkildə var idi. Yəni xəstəxanalarda, klinikalarda müəyyən firma işçiləri tərəfindən təklif edilən dərmanların yan təsirləri, keyfiyyəti həkimlər tərəfindən yoxlandıqdan sonra xəstələrə yazılırdı. Amma artıq hamımıza məlumdur ki,  bu, qadağan olunmuşdur. Hazırda bu hallar yoxdur,  olsa da qanundan kənar sayılır.   Yəni artıq məcbur edilə bilməz ki,  xəstələr hansısa aptekdən məhz bu dərmanları alsın.

Xarici ölkələrin ölkəmizdə fəaliyyət göstərən apteklərində dərmanlar bahadır. Səbəbi də həmin apteklərdə satılan dərmanların tərkibində istifadə olunan maddələrin miqdarı ilə bağlıdır.

“Amma çox vaxt bəzi işbazlar keyfiyyətsiz dərmanların Azərbaycana gətirilməsinə də nail ola bilirlər. Keyfiyyətsiz dərman dedikdə burda onun istehsal müddətinin dəyişdirilərək köhnə dərmanların satışa çıxarılması nəzərdə tutulur.  Həmçinin onun tərkibinə qatılan maddələrin norma daxilində olmaması. Belə ki, bəzən qatılan maddələr normada olmadığına görə insanlar bu dərmanlardan istifadə etdikdə təsiri olmur, ya da çox az təsir edir. Buna görə də vətəndaşlarımız tərəfindən çoxsaylı  şikayətlər irəli sürülür. Əlbəttə ki, belə hallar yolverilməzdir. Bu, böyük bir problemdir və ona  görə də belə dərmanların həm keyfiyyətinə, həm də qiymətinə ciddi nəzarət olunmalıdır. Hətta uzun zamandır ki, mətbuatda, sosial şəbəkələrdə bu məsələ aktivliyini qoruyur. Başlıca məqsəd isə insanların sağlamlığını qorumaqdır”, - deyə K.Əliyeva bildirdi.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: