Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həyat yoldaşımdan boşanmışam. 2 azyaşlı uşağım var. Məhkəmə tərəfindən uşaqlara aliment kəsilib. Bəzən yoldaşım gəlirini gizlədir. Bu yaxınlarda ixtirasına görə böyük məbləğdə mükafat almışdı, amma ondan aliment ödəmədi. İcraçı deyir ki, bu məbləğdən aliment tutulmur. Bilmək istəyirəm, hansı gəlirdən aliment ödənilməlidir?

.

18.05.2022 14:12
13
A+
A-

Həyat yoldaşımdan boşanmışam. 2 azyaşlı uşağım var. Məhkəmə tərəfindən uşaqlara aliment kəsilib. Bəzən yoldaşım gəlirini gizlədir. Bu yaxınlarda ixtirasına görə böyük məbləğdə mükafat almışdı, amma ondan aliment ödəmədi. İcraçı deyir ki, bu məbləğdən aliment tutulmur. Bilmək istəyirəm, hansı gəlirdən aliment ödənilməlidir?

 

Mədinə SƏMƏDOVA, Sumqayıt şəhəri.

- Nazirlər Kabineti tərəfindən uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müəyyən edilmişdir. Həmin sənədə əsasən, ixtiralara və səmərələşdirici təkliflərə görə birdəfəlik mükafatlardan aliment tutulmur.

Uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əməkhaqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur:

- Əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əməkhaqqından, o cümlədən:

- pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşlarından, vaxtamuzd və işəmuzd qiymətlər və əməyin ödənilməsinin digər sistemləri üzrə əmək haqlarından;

- pul və ya natura ilə əməkhaqqına olan bütün növ əlavələrdən;

- pul və natura ilə verilən mükafatlardan;

- iş vaxtından artıq vaxtda görülən işə görə, habelə istirahət, səsvermə və iş günü hesab edilməyən bayram günlərində, eləcə də ümumxalq hüzn günündə görülən işə görə pul və ya natura ilə verilən əməkhaqqından;

- işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələrdən;

- müvəqqəti əvəzetməyə görə ödəmədən;

- qanunvericiliklə işçilərin iş yerlərinin və orta əməkhaqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanıldığı hallarda ödənilən haqdan;

- qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əməkhaqqından, habelə əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul və ya natura ilə ödənilən pul əvəzindən;

- xidmət illərinə görə işçiyə pul və ya natura ilə verilən birdəfəlik mükafatlardan;

- il ərzində işin yekunlarına görə işçiyə pul və ya natura ilə verilən mükafatdan;

- əmək müqaviləsinə xitam verilərkən ödənilən işdənçıxarma müavinətindən və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əməkhaqqından;

- qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlardan, daimi xarakter daşıyan müəlliflik, artist qonorarlarından və quruluş haqqından.

Qanunvericiliklə müəyyənləşdirilmiş digər gəlirlərdən, o cümlədən:

- məcburi dövlət sosial sığorta ödəmələrinə aid edilən müavinətlərdən və sosial müavinətlərdən (dəfn üçün müavinət istisna olmaqla);

- istehsalatda əmək xəsarəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslərə dəymiş zərərə görə ödənilən ödənclərdən;

- faktiki alınan pensiyadan;

- ali və orta ixtisas məktəblərində və kurslarda oxuyan müddətdə alınan təqaüdlərdən;

- aliment ödəyənin həyətyanı sahəsindən və yardımçı təsərrüfatından əldə etdiyi gəlirdəki payından;

- işsizlikdən sığorta ödənişindən.

- fiziki şəxsin sahibkarlıq fəaliyyətindən, habelə ailə kəndli təsərrüfatından əldə etdiyi xalis gəlirdən.

- mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələrdən.

Onu da qeyd etmək lazımdır ki, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.    

 

Yetkinlik yaşına çatmayan şəxsin sağlamlığı pozulduqda zərərin əvəzi necə ödənilir?

 

Mahir ƏSƏDOV, Abşeron rayonu.

 

- Mülki Məcəllənin 1120-ci maddəsinə əsasən,on dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir.

Zərərçəkən azyaşlı on dörd yaşına çatdıqda, habelə qazancı (gəliri) olmayan on dörd yaşından on səkkiz yaşınadək yetkinlik yaşına çatmayana zərər vurulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs zərərçəkənə sağlamlığın pozulması ilə bağlı xərclərdən əlavə, əmək qabiliyyətinin itirilməsi və ya azalması ilə bağlı zərərin əvəzini də, lakin altı manatdan az olmamaqla, ödəməyə borcludur.

Əgər yetkinlik yaşına çatmayanın sağlamlığı pozularkən onun qazancı olmuşdursa, zərərin əvəzi bu qazancın miqdarı əsas götürülməklə, lakin şərti altı manatdan olmamaqla ödənilir.

Əvvəllər sağlamlığına zərər vurulmuş yetkinlik yaşına çatmayanın əmək fəaliyyətinə başladıqdan sonra ixtiyarı var ki, əldə etdiyi qazanc əsas götürülməklə, lakin tutduğu vəzifə üzrə müəyyənləşdirilmiş muzdun və ya iş yeri üzrə eyni ixtisaslı işçinin qazancının miqdarından çox olmamaqla, zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb etsin.

ETİKETLƏR: