Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əmək pensiyalarının minimum məbləği necə müəyyən edilir?

.

01.06.2022 23:19
29
A+
A-

Əmək pensiyalarının minimum məbləği necə müəyyən edilir?

Şəmsi HƏSƏNOV,

Balakən rayonu.

- Əmək pensiyasının minimum məbləği “Əmək pensiyaları haqqında” qanunla müəyyən edilir.

Həmin qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Əmək pensiyalarının minimum məbləği hər il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə artırılır.

 

Razılığı tələb olunmadan vətəndaşa tibbi yardım göstərilə bilərmi?

Sevda İBRAHİMOVA,

Bakı şəhəri.  

 

- Bəli, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 27-ci maddəsinə əsasən, özünün və ya qanuni nümayəndəsinin razılığı tələb olunmadan vətəndaşa qanunvericilikdə müəyyən edilmiş qaydada tibbi yardım (tibbi müayinə, hospitalizasiya, nəzarət etmək, izolyasiya etmək) göstərilməsi ətrafdakılar üçün təhlükəli xəstəliklərə tutulan, ağır ruhi pozuntulardan əzab çəkən, yaxud ruhi xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədən şəxslərə aid edilir. Həmin şəxslərə tibbi yardım göstərilməsi haqqında qərar həkim tərəfindən qəbul edilir.

Xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədən şəxslər, habelə ətrafdakılar üçün epidemioloji baxımdan ciddi təhlükə yaradan və hospitalizasiyadan imtina edən vərəmli xəstələr barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi tibbi tədbirlər tətbiq oluna bilər. Cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində  Mülki Prosessual Məcəlləyə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilir. Yoluxucu xəstəliklərə tutulmuş və epidemioloji baxımdan ətrafdakılar üçün ciddi təhlükə yaradan penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər stasionar müalicədən imtina etdikdə, qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi hospitalizasiya olunurlar.

Onkoloji xəstələrin həyat və sağlamlığı üçün ciddi təhlükə olduqda uyğun müalicə yazılı razılıq olmadan aparıla bilər.

Vətəndaşın, yaxud qanuni nümayəndənin razılığı tələb olunmayan və ya məhkəmənin qərarı ilə müəyyən olunan hallarda hospitalizasiyanın səbəbləri aradan qaldırılanadək vətəndaş müalicə-profilaktika müəssisəsində saxlanılır.

 

Qoca anamın vəziyyətinin yaxşı olmadığına görə köməksiz  özünü idarə edə bilmir. Bacımla növbələşib onun qulluğunda dururuq. O, işləmədiyinə görə güc çox vaxt onun üstünə düşür. İndi yoldaşı məzuniyyətə çıxıb. Ailəliklə dincəlməyə getmək istəyirlər. Mən isə işləyirəm. Bacımın burda olmadığı dövrdə 1 ay ödənişsiz məzuniyyət götürə bilərəmmi?

 

Solmaz QƏDİROVA,

Mingəçevir şəhəri.

 

- Qanunvericiliyə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

Ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

Əmək Məcəlləsinin 130-cu maddəsində işçilərin xahişi ilə bir iş ilində hansı hallarda və müddətdə ödənişsiz məzuniyyətlərin verilməsi təsbit edilmişdir. İşçinin xahişi ilə həmin maddənin “i” bəndinə görə, ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə 7 təqvim gününədək, “h” bəndinə görə isə ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilə bilər. Amma Məcəllənin 129-cu maddəsinin 2-ci hissəsinə uyğun olaraq işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.Valideynə qulluq etmək övladların ən ümdə borclarından biridir. Bu müqəddəs borcu yerinə yetirmək üçün Siz Əmək Məcəlləsinin 129-cu maddəsindən yararlana bilərsiniz.

 

Yaşa görə pensiya almaqla bərabər işləyirdim. Bir aydır ki, işdən çıxmışam. İşsiz kimi qeydiyyata durmaq üçün müraciət etdim. Pensiyaçı olduğuma görə qeydiyyata almadılar, bu, düzgündürmü?

 

Səriyyə QASIMOVA,

Şirvan şəhəri.

 

- Yeni qəbul edilmiş “Məşğulluq haqqında” iqanunda işsiz şəxsin anlayışı verilib. İşsiz şəxs dedikdə, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs başa düşülür. Yaşa görə pensiya alan şəxslər isə əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs hesab edilmir. Qanunun 5.12.4. maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir.

Qanunun 5.11.2. maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslərin “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda onların qeydiyyatı ləğv edilir.

 

Əhalinin sağlamlığının qorunması sahəsində pensiyaçıların hansı hüquqları var?

 

Məmməd QAFAROV,

Qazax rayonu.

 

Pensiyaçıların evdə, dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla, eləcə də sosial xidmət müəssisələrində tibbi-sosial yardımla müvafiq olaraq dövlət və ya yerli büdcə vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunmaq, tibbi rəy əsasında sosial sığorta və ya məcburi dövlət sosial sığorta vəsaiti hesabına güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq və reabilitasiya olunmaq hüquqları vardır.

 

17 yaşım var. İşə düzəlirəm. Deyirlər ki, mütləq tibbi arayış verməliyəm.

Bu, düzgündürmü?

 

Səmayə HACIYEVA,

Yevlax şəhəri.  

 

- Bəli, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 15, Əmək Məcəlləsinin 252-ci maddəsinə əsasən, yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər.

 

Oğlumun 18 yaşı hələ tamam olmayıb. İşə düzəlmək istəyir, deyirlər ki, peşəkar deyilsən, səriştən yoxdur. Axı onun nə yaşı var ki, peşəkar olsun?

 

Sünbülə CƏFƏROVA,

Sumqayıt şəhəri.

- Əmək Məcəlləsinin 248-ci maddəsi ilə yaşı 18-dən az olan şəxslərin işə düzəlməsində təminatlar nəzərdə tutulubdur. Belə ki, həmin maddəyə əsasən, yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz.

 

Bir cinayət işi üzrə hal şahidi kimi  ifadə vermək üçün istintaq orqanına çağırılmışam. Bilmək istəyirəm, istintaqa getdiyim müddət üzrlü hesab ediləcəkmi və mənim əməkhaqqımdan işdə olmadığım müddət üçün pul tutulacaqmı? İşdə buna görə problemim olmaz ki?

 

Sahib ƏLİYEV,

Beyləqan rayonu.

 

- Əmək Məcəlləsinin 179-cu maddəsi ilə işçilərin iş yerinin və orta əməkhaqqının saxlandığı hallar müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir. Maddənin 2-ci hissəsində işçinin iş yeri və orta əməkhaqqı saxlanılan hallar sadalanmışdır.

İşçinin şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırılması da iş yeri və orta əməkhaqqı saxlanılan hallara aid edilmişdir. Əvvəlcədən işdə bilavasitə rəhbərinizi (şöbə, sex müdirini) xəbərdar edib və sonra üzərində istintaq orqanında olmağınızı təsdiq edən qeyd aparılmış çağırış vərəqəsini təqdim etsəniz, Sizin iş yerində heç bir probleminiz olmaz.

 

Əmək Məcəlləsinin 13-cü maddəsinə əsasən, əgər Miqrasiya Məcəlləsinin 64-cü maddəsində nəzərdə tutulmuşsa, işəgötürənlər işə cəlb etmək istədikləri əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün icazə almamalıdırlar. Bura hansı şəxslər aiddir?

 

Sabir VƏLİYEV,

Bakı şəhəri.

 

- Miqrasiya Məcəlləsinin 64-cü maddəsinə əsasən, aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur:

- Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara;

- Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;

- diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;

- beynəlxalq təşkilatlarda işləyənlərə;

- beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə;

- müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;

- Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə;

- kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə;

- dənizçilərə;

- ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;

- incəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;

- dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara;

- xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə;

- Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə;

- Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun;

- qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə;

- insan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə;

- himayəsində 18 yaşına çatmamış və ya I dərəcə əlilliyi olan Azərbaycan Respublikasının vətəndaşlarına;

- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə.

 

Məktəbi qurtarandan sonra işə düzəlmişəm. Sonra vətən qarşısında borcumu vermək üçün hərbi xidmətdə olmuşam. Universitetin axşam şöbəsində təhsil almışam. Təhsil aldığım illərdə də gündüz işləmişəm. Sonra da həmişə işləmişəm. İndi pensiya yaşım çatıb. Bilmək istəyirəm, hərbi xidmətdə olduğum dövr, təhsil aldığım müddət mənim sığorta stajıma daxil edilirmi? Ümumiyyətlə, sığorta stajı nədir və ona hansı dövrlər daxildir?

Məmməd CƏFƏROV,

Bakı şəhəri.

 

- Pensiya qanunvericiliyinə əsasən, hərbi xidmətdə olduğunuz müddət sizin sosial sığorta stajınıza daxildir. Universitetin axşam şöbəsində təhsil aldığınız müddətdə işlədiyinizə görə həmin müddət də sosial sığorta stajına daxil edilir.

“Əmək pensiyaları haqqında” qanunun 1-ci maddəsində sosial sığorta stajının anlayışı belə açıqlanır-sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;

Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərindən “Əmək pensiyaları haqqında” qanunun 21-ci maddəsində bəhs edilir.

Həmin maddəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

Qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər də sığorta stajına  daxil edilir:

- işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;

- yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət;

- müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;

- işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət;

- əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət;

- zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət;

- şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət;

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;

- mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət;

- hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

 

ETİKETLƏR: