Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK-in təşkilatçılığı ilə məcburi əməklə bağlı dəyirmi masa

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək bildirib ki, icbari əmək dünyanın bütün ölkələri üçün qlobal xarakter daşıyan bir problemdir.

29.06.2022 00:58
16
A+
A-

İyunun 29-da Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “BƏT-in icbari əməyi əməyin ləğv edilməsi haqqında 105 saylı Konvensiyasının müzakirələrinin nəticələri barədə məlumat, 205 saylı Tövsiyəsinin tətbiqində həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Avropa bürosunun sektor müdiri Sergiyus Qlovaskas, BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, həmçinin AHİK-in rəhbərliyi və sahə həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək bildirib ki, icbari əmək dünyanın bütün ölkələri üçün qlobal xarakter daşıyan bir problemdir. Adətən icbari əmək kənd təsərrüfatında, inşaatda, dağ-mədən sənayesində, qida məhsullarının işlənib hazırlanmasında və qablaşdırılmasında, əyləncə sahəsində və digər sahələrdə tətbiq olunur.

BƏT-in hesablamalarına görə,  dünyada  21 milyona yaxın insan icbari əməyin qurbanıdır. Bunlardan 880 mini Avropa İttifaqının payına düşür ki, onların da 90 %-i özəl sektorda çalışanlardır. 68 faizi isə kənd təsərrüfatına, inşaata və ev işlərinə zorla cəlb olunanlardır.

Mahiyyət etibari ilə icbari əmək layiqli əməyin antitezisidir. Bu, əmək sahəsində bütün əsas standartların pozulmasıdır. İcbari  əməyə cəlb olunan insanlar etnik mənşəyinə, cinsinə, cəmiyyətdəki səviyyəsinə, ayrı-seçkiliyə görə diskriminasiyaya uğrayanlardır. Diskriminasiya və ağır iqtisadi vəziyyət icbari əməkdən istifadəni şərtləndirən əsas amillərdir.

AHİK sədri deyib ki, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədidir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində rəsmi şəkildə təsbit olunmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi islahatlar proqramına beynəlxalq səviyyədə yüksək dəyər verilir. Azərbaycanın BƏT-in rəhbər orqanına üzv seçilməsi də bunun bir göstəricisidir.

Azərbaycan həmkarlar ittifaqları həmişə BƏT-in Konvensiyalarının müddəalarının əsas prinsip və hüquqlarına əməl olunmasına böyük diqqətlə yanaşır, əmək, sosial və iqtisadi sahədə qanunvericilik aktlarının qəbul edilməsində, qanunların təkmilləşdirilməsi zamanı ekspertizada rəy və təkliflərini bildirməklə fəal iştirak edir.

S.Möhbalıyev bildirib ki, icbari əmək haqqında olan bu Konvensiya BƏT-in fundamental (əsas) konvensiyası kimi qəbul edilmişdir. Bu o deməkdir ki, layiqli işə nail olmaq yolunda icbari əməkdən azad olma eynən birləşmə azadlığı və kollektiv danışıqların aparılması, uşaq əməyinin və iş yerində ayrı-seçkiliyin aradan qaldırılması kimi tam zəruri amil rolunu oynayır.

Azərbaycanda məcburi əmək halları və faktları həmkarlar ittifaqları fəaliyyət göstərən iş yerlərində baş vermir və ümumiyyətlə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ciddi məlumat, müraciət və şikayət daxil olmamışdır.

AHİK sədri deyib ki, hazırda dünyanı bürüyən iqtisadi böhran, COVID-19 pandemiyası, nəhayət, davam edən Rusiya-Ukrayna müharibəsi insanların həyat səviyyəsinə və rifah halına öz mənfi təsirini göstərməkdədir. Belə şərait icbari əməyin əsas qaynaq mənbəyidir. İşsizlik, maddi çətinlik, hərbi münaqişələr əmək miqrasiyasının qeyri-leqal formasını daha da artırır. Gənc qadın və uşaqlar isə adətən bu formanın əsas qurbanına çevrilirlər.

BƏT-in 105 saylı “İcbari əməyin ləğv edilməsi haqqında” Konvensiyasının tələblərinin yerinə yetirilməsi Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyət istiqamətlərində aparıcı yerlərdən birini tutur. AHİK icbari əməyin inkişafının qarşısını müəyyən qədər almaq məqsədilə ölkənin qanunvericilik orqanları ilə sıx əməkdaşlıq edir, əmək qanunvericiliyində dəyişiklik və əlavələr edilməsi üçün təkliflər verir. Təsadüfi deyildir ki, sosial partnyorlarla imzaladığımız Baş Kollektiv Sazişin 4.1.10-cu maddəsi ilə uşaq əməyinin, icbari əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi nəzərdə tutulmaqla tərəflərin öhdəliyinə daxil edilmişdir.

Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində tərəfimizdən icbari əməyin ləğvi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.

S.Möhbalıyev bildirib ki, Beynəlxalq Əmək Təşkilatının qəbul etdiyi sənədlər mahiyyət etibarilə sülhün və sosial ədalətin təmin olunmasına yönəldilmişdir. Belə sənədlərdən biri BƏT-in 2017-ci ildə qəbul olunmuş “Sülhün və qarşıdurmanın potensialının təmin edilməsi məqsədilə məşğulluq və layiqli əmək haqqında” 205 saylı Tövsiyədir. Tövsiyə konfliktli şəraitdə böhranlı vəziyyətlərdən çıxış yolu üçün tərəfdaşlarla birgə tədbirlərin hazırlanmasında yardımçı rolunu oynayacaq bir sənəddir.

Tövsiyə respublikamız üçün də aktual olan konfliktli  şəraitdə insanların sosial müdafiəsi və təhsili baxımından da mühüm  əhəmiyyət kəsb edir. 

Sergiyus Qlovaskas yenidən Bakıda tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib: “Axırıncı dəfə Bakıda 2019-cu ilin dekabrında Azərbaycan və Türkmənistan həmkarlar ittifaqlarının birgə iştirakı ilə keçirilən “İqlim dəyişikliyi və iqtisadi dəyişikliklər. Həmkarlar ittifaqlarının reaksiyası mühümdür” mövzusunda konfransda iştirak etmişəm.  İki il davam edən pandemiya işimizə müəyyən təsir göstərdi, görüşlərimizi, toplantılarımızı tamam fərqli formatda onlayn şəkildə keçirdik. Əvvəl pandemiya, indi isə regionda gedən müharibə bizi böyük çağırışlarla üz-üzə qoyub. Qeyd edim ki, BƏT AHİK tərəfindən göstərilən əməkdaşlığa xüsusi önəm verir. Və indi müzakirə edəcəyimiz məsələlər də bu baxımdan aktuallıq kəsb edir. Üç həftə əvvəl bununla bağlı Bakıda bir tədbir də keçirildi. Düşünürəm ki, ətraflı məlumata yiyələnmisiniz.

S.Qlovaskas BƏT-in yeni baş direktorunun seçilməsi və yaxın aylarda fəaliyyətə başlayacağı, həmçinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katib vəzifəsinə seçkilərin keçiriləcəyi haqqında da məlumat verib. Ümumiyyətlə, fəaliyyət baxımından bu ilin çox məhsuldar keçəcəyini deyib. Bu il həm də yeni çağırışlar baxımından faydalıdır.

BƏT-in sektor müdiri əməyin mühafizəsi ilə bağlı konvensiyaların Azərbaycan tərəfindən ratifikasiya olunmasının vacibliyini bildirib, iqlim dəyişikliyi ilə mübarizə, yaşıl iş yerlərinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Yaşar Həmzəyev deyib ki, BƏT sosial-iqtisadi, insan və əmək hüquqlarını müdafiə edən nüfuzlu beynəlxalq təşkilatdır. BƏT-in Ali orqanı ildə bir dəfə çağırılan Beynəlxalq Əmək Konfransıdır. Qeyd edim ki, bu il Beynəlxalq Əmək Konfransı tərəfindən fundamental işlər görülür. BƏT-in Konfransı əmək sahəsinə dair beynəlxalq normativ sənədlərin qəbulu ilə bağlıdır. Bu sənədlər konvensiya və tövsiyələr şəklində olur. Konfrans həmçinin ölkələrin qoşulduğu konvensiyalara əməl etmələrinə nəzarət edir.

Bu günə qədər Azərbaycan Respublikası tərəfindən BƏT-in 58 Konvensiyası ratifikasiya olunub. Ümidvaram ki, əməkdaşlıq çərçivəsində Azərbaycan BƏT-in 155 və 187 saylı konvensiyalarını da ratifikasiya edəcək. Məcburi əməyin ləğv edilməsi üçün iş yerlərində təməl prinsiplərin stimullaşdırılması BƏT-in strateji məqsədlərindən biridir.

Tədbirdə digər çıxış edənlər məcburi əməyin qurbanı olan şəxslərin hüquqlarının müdafiəsindən, onlara dəyən zərərin ödənilməsindən, maarifləndirmə işinin təşkilindən, bu sahədə əmək müfəttişliyi xidmətlərinin işinin gücləndirilməsindən, həmçinin məcburi əməyin risklərini artıran əsas səbəblərin və amillərin aradan qaldırılması zərurətindən bəhs ediblər.

Qeyd edək ki, tədbir iki gün davam edəcək.

M.AZƏR

ETİKETLƏR:

Foto