Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Taxıl biçini:

məhsuldarlıq artır

06.07.2022 11:34
45
A+
A-

Respublikanın 61 rayonunda taxıl biçini davam edir. Ümumilikdə taxıl sahələrinin yarıdan çox hissəsində, o cümlədən arpa sahələrinin 75 faizində biçin başa çatıb. Hazırda əsas biçin prosesi buğda sahələrində aparılır. Respublikanın 6 rayonunda -Ağdam, Ağcabədi, Bərdə, Saatlı, Sabirabad və Samuxda buğdanın orta məhsuldarlığı 40-50 sentner təşkil edir.

Hazırda aktual olan bu məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevlə müsahibəmiz oldu.

- Tahir müəllim, buğda sahələrində artan məhsuldarlıq nə qədərdir?

- Hazırda elə sahələr var ki, 30, 35, 50 sentner məhsul verir. Proqnozlara görə, keçən il hər hektardan 32 sentner məhsul götürmüşdük, amma bu il məhsuldarlıq daha yüksəkdir. Çünki havalar yağmurlu keçir, həmçinin cənab Prezidentimizin məhsuldarlığı artırmaq barədə verdiyi tapşırıqlar uğurla icra olunur.

- Bəs biçin başa çatmış sahələrdə təkrar əkin aparmaq mümkündürmü?

- Əlbəttə, mümkündür. Həmin ərazilərə biz qarğıdalı əkə bilərik. Bu, təcrübədə də var. Keçən il arpa biçinindən sonra müəyyən ərazilərdə qarğıdalı biçini aparıldı və məhsul da yaxşı oldu. Bu il isə 46 rayon üzrə 5300 hektar sahədə təkrar qarğıdalı əkini həyata keçirilib.

- Tahir müəllim, bu il fermerlər biçin başa çatmış sahələrdə yay şumu etməyə daha çox üstünlük verir. Bu günədək 87327 hektar sahədə yay şumu aparılıb. Ən çox yay şumu Neftçala (18870 ha), Kürdəmir (10706 ha), Şəki (8195 ha) rayonlarında aparılıb. Bəs yay şumunun əsas əhəmiyyəti nələrdir?

- Əhəmiyyəti odur ki, torpaq yenidən oyanır və münbitləşir. Mütləq taxıl sahələri biçiləndən sonra onu dərin şum etməliyik. Dərin şum edilməsi və günəşin torpağı qızdırması torpaqlarda mineralların əmələ gəlməsinə imkan yaradır. Digər tərəfdən, şum olunanda torpaq nəfəs alır və ora düşən yağış, verilən minerallar, gübrələr torpağın canına daha yaxşı hopur. Əgər orada 2 il taxıl biçilbsə, o, növbəli əkinə saxlanılmalıdır. Çünki ölkəmizdə, eləcə də dünya praktikasında var ki, 2 il  hansı ərazidə dalbadal taxıl əkilirsə, sonra o, yaxşı məhsul vermir. Həmin sahələrə qarğıdalı, pambıq və yonca əkilə bilər.

- Biçin sahələrində kifayət qədər texnika varmı?

- Bəli, var. Biçin prosesində 1503 kombayn iştirak edir. Onlardan 649-u “Aqroservis” ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. Bu kombaynlar ilkin mərhələdə 50 hektaradək olan sahələrdə biçin aparır. Bundan başqa, biçinə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan 854 kombayn da cəlb edilib.

- Fermerlərin, yaxud kəndlilərin biçin zamanı hər hansı problemi olmayacaq?

- Elə sahələr var ki, dağlıqdır, onlar biçinə hələ tam hazırlanmayıb, kələ-kötürdür, həmçinin elə sahələr də var ki, alaqdan yaxşı çıxarılmayıb, o yerlərdə mütləq problemlər olur. Ancaq elə problemlər var ki, o, işin ümumi nəticəsinə bir o qədər də ziyan etmir.

Onu da qeyd edim ki, bəzən gecikmələr olur. Taxılı da gecikdirmək olmaz. Ümumiyyətlə, məhsul yığımı belədir ki, o, optimal müddətdə başa çatdırılmalıdır. Əgər taxıl sahəsi vaxtından gec biçilərsə, məhsuldarlığın 2-3 sentner azalmasına mütləq təsir göstərir. Taxıl quruyur, tökülür, kombayn onu biçəndə yerdən yaxşı götürmür. Digər tərəfdən, həmin məhsul bütün keyfiyyətini itirir.

- Tahir müəllim, ölkəmizdə əkilən buğdanın çox hissəsi texniki sortlardır. Qida üçün yararlı taxıl xaricdən idxal olunur ki, bu da baha başa gəlir. Keyfiyyətli buğda növlərinin ölkədə geniş əkimi üçün hansı real addımlar atılmalıdır?

- Biz ərzaq buğdasını xaricdən çox alırıq. Daha dəqiq rəqəmlər ilə desək, 1 milyon 300 min ton buğda xaricdən gətirilir. Ölkəmizdə isə keçən il 3,3 milyon ton dənli bitkilər istehsal etmişik. Bura arpa, günəbaxan, qarğıdalı, buğda da daxildir.

Lakin bizim ərzaq buğdasına tələbatımız daha çoxdur. Buğdanı əsasən Rusiyadan, Ukraynadan, Qazaxıstandan alırıq. Hazırda Rusiya-Ukrayna müharibəsinə görə Ukrayna öz məhsullarını ixrac etməyə çətinik çəkir. Ona görə də artıq bu işə BMT də qoşulub. Çünki ərzaq təhlükəsizliyi dünyada mütləq təmin olunmalıdır. Verilən proqnozlara görə, dünyada 1,6 milyard insan aclıq riski altındadır. Ona görə belə bir vaxtda ərzaq təhlükəsizliyinin təmin olunmaması dünyada kütləvi aclığa səbəb ola bilər. Mütləq şəkildə Ukraynadan taxıl ixracı üçün dəhlizlər açılmalıdır. Danışıqlar gedir və yaxşı nəticələri olacaq.

Hazırkı proqnozlara görə, biz taxıl ilə bağlı çətinlik çəkməməliyik. Həm ölkədə yetişdirilən taxıl, həm də bununla bağlı xarici ölkələr ilə bağlanan müqavilələr göstərir ki, tələbatımızı ödəyə bilərik. Elə bir böhranlı vəziyyət görünmür. Amma ölkəmizdə ərzaq buğdasının istehsalını artırmalıyıq. Cənab Prezident də dəfələrlə öz çıxışlarında deyib ki, mütləq bu sahəni inkişaf etdirməliyik. Bunu məhsuldarlığı artırmaq hesabına etməliyik. Sahələrin artırılması hesabına yox. Çünki Azərbaycanda həm əhalinin, həm də ərazinin həcminə görə əkinəyararlı torpaqlar azdır. Ona görə biz mütləq məhsuldarlığı yüksəltməliyik.

Dövlət başçısı müəyyən sitatlar da gətirib ki, iri fermer təsərrüfatları hər hektardan 60-70 sentner taxıl götürür. Nəyə görə biz ümumi taxıl istehsalını 32 sentner edək? Elə xarici ölkələr var ki, 90 sentner də taxıl götürürlər. Ona görə də qarşıya qoyulan əsas vəzifə odur ki, taxılın məhsuldarlığı artırılsın. Keyfiyyətli toxum sortları yetişdirilsin və gətirilsin. Sözsüz ki, bunun hesabına biz məhsuldarlığı 10 faiz artıra bilsək, hər hektardan 42-45 sentner taxıl götürmək olar. Bu da real rəqəmlərdir. Çünki mənim təmsil olunduğum rayonlarda elə fermerlər var ki, hər hektardan 50-55 sentner taxıl götürürlər. Belə olan halda niyə başqası da götürməsin?

Ona görə də ən vacib məsələlərdən biri də iri taxılçılıq təsərrüfatlarının yaradılmasıdır. Bəzi sahibkarların 3-10 hektar taxıl sahəsi var ki, həm əkin, həm də yığım üçün əlverişli deyil. Belə olan halda vaxt itkisi gedir, texnika sınır, məhsulun suvarılması, yığılması çətin olur.

Ona görə bizdə də iri taxılçılıq təsərrüfatları yaradılmalıdır və  hər birinin 500 hektar taxıl sahəsi olan fermerlər olmalıdır. Ya da pay torpaqçıları birləşməlidir. Onların 20-si birləşib 100 hektar taxıl əksə, oradan yaxşı da məhsul götürə bilər. Bu, əgər kompakt şəkildə olarsa, məhsul becəriləndə, suvarılanda, yığılanda texnikanın işləməsi də asan olar. Belə olan halda məhsulun maya dəyəri aşağı və ucuz başa gələr.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: