Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Böyük Qayıdış”ın ilk addımı

30 illik həsrət sona yetir

20.07.2022 12:49
59
A+
A-

Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurdlarına qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Artıq həsrət bitir. İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilib ki, bu, Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Ölkə başçısının Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev bütün köç prosesinin dövlətimizin başçısının birbaşa nəzarəti altında olduğunu bildirib. Ümumilikdə “ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürüləcək 41 ailənin, təxminən 200 nəfərin hər cür şəraitlə təmin olunacağını vurğulayıb.

Onun sözlərinə görə, Ağalıda məskunlaşacaq sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunacaqlar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək.

Millət vəkili Sahib Alıyev bildirib ki, məhz bu  gün Ermənistan rəsmiləri özlərinə xas şəkildə, yəni yarımçıq bir halda doğrunu dilə gətirdilər ki, Qarabağın rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan hissəsində hərbçiləri var və onlar sentyabra kimi oradan çıxarılacaqlar. Mənə elə gəlir ki, Zəngilan camaatının öz torpaqlarına qayıdışı ilə Ermənistan rəhbərliyinin Qarabağdakı ordularının tör-töküntülərinin də oradan çıxaracaqlarını bildirməsi arasında bir rəmzlik var.

Bu köç eyni zamanda gələcəyə ismarıcdır. Biz bununla göstərdik ki, bu xalqa heç bir güc öz iradəsini qəbul etdirə bilməz. Bu köç məkrli qüvvələrin ikili standartlara dayanan namərd niyyətlərinin üstündən keçib gedir.

Bəli, Qarabağımızın işğaldan azad edilməsi üçün ilk addım 2016-cı ilin aprel döyüşlərində Lələtəpədən başlamışdır. Lakin tarixi dədə-baba torpaqlarımıza “Böyük Qayıdış”ın ilk qədəmləri isə Zəngilan rayonunun Ağalı kəndində basıldı. Mübarək olsun!

 Tezliklə digər işğaldan azad edilmiş ərazilərimizdə də belə tarixi Qayıdış və görüşlər keçiriləcək.

Millət vəkili Rauf Əliyev isə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsindən 2178,4 milyon manat vəsait xərcləndiyini vurğulayıb. Əlavə edib ki, 2022-ci il üçün bu məqsədlə dövlət büdcəsindən 2670,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

R. Əliyev onu da qeyd edib ki, xalqın ümid və istəklərini hər zaman əsas tutan cənab Prezident    İlham Əliyevin rəhbərliyi və nəzarəti altında Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və bərpa işləri Azərbaycanın öz gücü hesabına aparılır. Doğma Qarabağ və Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinin hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyəti və mənəvi dəyəri var. Müqayisə üçün demək lazımdır ki, azad edilmiş ərazilərin sahəsi dörd Lüksemburq ölkəsi qədərdir,  bir Livan ölkəsinə bərabərdir.

Bu gün Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanması ilə “Böyük Qayıdış” prosesinə start verildi. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təbrik edir, Azərbaycan Respublikasının uğurlu inkişafı naminə yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Əminik ki, cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində “Böyük Qayıdış” Proqramı uğurla həyata keçiriləcək, vaxtilə həmin ərazilərdə yaşayan vətəndaşlarımız  öz ata-baba yurdlarına qayıdacaqlar.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: