Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib”

.

27.07.2022 10:41
4
A+
A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.

Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib ki, sizə böyük etimad göstərilir. Əminəm ki, bu etimadı öz işinizlə doğruldacaqsınız. İlk növbədə rayonlarda vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır.

Prezident deyib ki, siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.

Əlbəttə, fəaliyyətinizdə sosial ədalət prinsipinə əməl etməlisiniz. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi.

Dövlətimizin başçısı bildirib ki, şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun.

Prezident İlham Əliyev deyib ki, rayonların inkişafı ilə bağlı siz özünüz təşəbbüs göstərməlisiniz. Həm yerli sahibkarları, həm də xarici sahibkarları rayonlarınıza cəlb etməlisiniz. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir - meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir.

Rəhbərlik edəcəyiniz rayonlarda işlərin daha yaxşı getməsi üçün, əlbəttə ki, ictimai nəzarət olmalıdır. Siz ictimai nəzarətdən çəkinməməlisiniz. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək. Ona görə insanlarla bir yerdə olmalısınız, ictimaiyyətlə bir yerdə olmalısınız və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik.

ETİKETLƏR: