Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Vətəndaşları qorumaq üçün daha çox tədbir görülməlidir

.

03.08.2022 13:08
2
A+
A-

Avropa İttifaqına  daxil olan dövlətlərin energetika nazirləri şuranın iyulun 26-da keçirilən növbədənkənar iclasında ölkələrinin qaz istehlakını azaltmaq öhdəliyi barədə razılığa gəliblər.

Təbii qaz istehlakının razılaşdırılmış şəkildə azaldılması öhdəliyi Avropanın Ukraynaya dəstəyinə cavab olaraq Rusiyanın qaz tədarükünü kəsməsi ilə diktə olunur. Bununla belə, Avropada enerji böhranı yeni deyil. Vətəndaşlar bir müddətdir ki, artan enerji qiymətlərinin ağırlığını hiss edirlər. Son qiymət artımı ən çox sosial cəhətdən həssas ailələrə (ev təsərrüfatı ilə məşğul olanlara) zərbə vurub.

Korporasiyalar rekord miqdarda gözlənilməz mənfəət əldə edərkən, Avropada həssas ailələr öz kommunal hesablarını ödəməkdə çətinlik çəkirlər. Bir çoxu artıq enerji istehlakını normaya salır və daha da azaltmağa çalışır. Onların təcili dəstək tədbirlərinə ehtiyacı var. Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Birliyi (EPSU) uzun müddətdir ki, “enerji hüququ”nun qorunmasına ( enerji qiymətlərinin tənzimlənməsi və ya məhdudlaşdırılmasını nəzərdə tutan bir hüquqa) çağırır. Bu tədbirlər enerji yoxsulluğu şəraitində yaşayan insanları qorumaq üçün indi həmişəkindən daha vacibdir. Eyni zamanda enerji səmərəliliyinə, bərpa olunan enerji mənbələrinə və aşağı karbon emissiyaları olan enerji istehsalına böyük həcmdə investisiyalar tələb olunur. Güclü və ədalətli keçid tədbirləri və işçilərin yenidən hazırlanması da həlledici əhəmiyyətə malikdir.

Enerji istehsalı üçün daha çox karbon tutumlu vasitələrdən istifadə edilən fövqəladə tədbirlər yalnız qısamüddətli olmalıdır - onlar 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq üçün təhlükə yaratmamalıdır. EPSU Avropanın Paris Sazişində müəyyən edilmiş iqlim məqsədlərinə tam dəstək verir. Ön xətdə çalışanlar iqlim dəyişikliyinin fəlakətli təsirləri ilə birbaşa üzləşirlər: quraqlıqlar, meşə yanğınları və digər ekstremal hava hadisələri daha tez-tez və intensiv xarakter alır, çox vaxt ictimai xidmət işçilərinin həyatı və rifahı risk altına düşür.

Biz həm də sərt qənaət və liberallaşdırma tədbirlərinin böhranlara cavab vermək qabiliyyətimizə təsirini şübhə altına almalıyıq. Parçalanmış və özəlləşdirilmiş enerji bazarları istifadəçilərin, işçilərin və ya planetin maraqlarına uyğun deyil. EDF-nin yenidən milliləşdirilməsi və Almaniya dövləti tərəfindən Uniper-in 30% payının alınması hökumətlərin böhranlara cavab vermək və enerji keçidini idarə etmək üçün bir vasitə kimi ictimai mülkiyyətin əhəmiyyətini getdikcə daha çox dərk etdiyini göstərir.

Aydındır ki, vətəndaşları və işçiləri qorumaq üçün daha çox tədbir görülməlidir. Üzv dövlətlər indi ədalətli şəkildə qaz qənaətinə nail olmaq üçün çalışmalıdırlar, ilk növbədə enerji yoxsulluğuna ən həssas olanları qorumalı və işığın yandırılmasını təmin etmək üçün çalışan işçilərə qarşı ədalətli olmalıdırlar.

ETİKETLƏR: