Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“İdmançılarımızın uğurlu çıxışı bu təşkilatın sədri kimi məni çox qürurlandırır”

.

16.08.2022 19:18
30
A+
A-

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi layiqli təmsil edən idmançılardan ikisi “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin (BTİCİB) yetirməsidir. Yarışda cəmiyyətin idmançıları uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıblar.

Cəmiyyətin sədri, Əməkdar bədən tərbiyəsi və idman xadimi Fazil Hadıbəyov qəzetimizə müsahibəsində deyib ki, “Zenit”    BTİCİB ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında, məşqçilərin, idmançıların hazırlanmasında əvəzsiz rol oynayır. “Zenit” BTİCİB-in idmançıları Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, birinciliklərində Azərbaycanı layiqincə təmsil edir, yüksək nəticələr əldə edirlər. İdmana dövlətimizin, Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı bu uğurumuzun başlıca səbəbidir. Bunun nəticəsidir ki, idmançılarımız beynəlxalq arenalarda üçrəngli bayrağımızı daim uca tuturlar.

Fazil Hadıbəyov bildirib ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iştirak edən Əliabbas və Turan idmanın sərbəst güləş növü üzrə ölkəmizi təmsil ediblər.

Yarışın ilk günündə 74 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. T.Bayramovun uğuru hər birimizin uğurudur. Onun qalib olduğu, fəxri kürsüdə yer aldığı yarışları saymaqla bitməz. Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal, gənclər arasında dünya və Avropa çempionu və sair titullar onun bir idmançı kimi ölkəmizə qazandırdığı uğurlardır. Qeyd edim ki, T.Bayramovun peşəkar idmançı kimi yetişməsində məşqçi-müəllimi Habil İbrahimovun böyük rolu var.

Digər sərbəst güləşçimiz Əliabbas Rzazadə 57 kiloqram çəki dərəcəsində mübarizə aparıb. İlk görüşdə məğlub olsa da, rəqibi finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxıb və seneqallı idmançıya qalib gələrək bürünc medal görüşünə vəsiqə qazanıb. Ə.Rzazadə həlledici qarşılaşmada rəqibini məğlub edərək bürünc medala sahib olub.

Əməkdar məşqçi Aslan Ağayevin yetirməsi olan Ə.Rzazadə karyerası ərzində 3 dəfə Azərbaycan çempionu adını qazanıb. O, həmçinin Avropa çempionatının ikiqat bürünc, bir dəfə isə gümüş mükafatçısı olub. Bundan başqa, dünya çempionatının da bürünc mükafatçısı adını qazanıb. 2021-ci ildə isə Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatının qalibi olub.

Bir sözlə, demək istəyirəm ki, “Zenit” BTİCİB-in yetirmələrinin V İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışı bu təşkilatın sədri kimi məni çox qürurlandırır. Bütün bu işlər kollektiv işin məhsuludur. Əgər məşqçi-müəllimlərimiz işlərini düzgün qurmasalar, sözsüz ki, bu gün bu nəticələr, belə istedadlı idmançılarımız olmazdı. Bu işdə bizə dəstək olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə minnətdarlığımızı bildiririk.

 

AZƏR

ETİKETLƏR: