Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Böyük dayaq, sadiq silahdaş

.

25.08.2022 10:47
20
A+
A-

Tarix sübut edib ki, bütün dövrlərdə Vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunə olub. Həmin şəxslərin adları isə həm tarixə, həm də insanların könlünə, qəlbinə yazılıb. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xəti ilə daxil olan belə şəxsiyyətlərdəndir.

Onun Vətənə xidmət fəlsəfəsinin təməlində xalqına sonsuz sevgi, Ulu Öndər Heydər Əliyev ideyalarına sarsılmaz inam və Prezident İlham Əliyevin müstəqil siyasətinə yüksək sədaqət hissləri dayanır. Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır.

Özünəməxsus və bənzərsizdir

Azərbaycanın birinci xanımı statusunu ləyaqətlə daşıyan Mehriban Əliyevanın fərdi portret cizgiləri zəngin, rəngarəng, özünəməxsus və bənzərsizdir. O, həm Azərbaycan qadınının layiqli obrazı - həm müasir və mütərəqqi düşüncəyə malik ictimai xadim, həm də humanizm, xeyriyyəçilik ənənələrini yaşadan müsbət obrazdır. 
Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi öz üzərinə düşən ictimai, siyasi, mədəni, humanitar və digər vəzifələri layiqincə yerinə yetirərək etalon yaradıb. O, Birinci vitse-prezident postunda vəzifə səlahiyyətlərini uğurla yerinə yetirməklə yanaşı, xeyirxah və müqəddəs missiyasını da davam etdirir. Humanizm Mehriban xanım Əliyevanın həyatından və fəaliyyətindən qırmızı xətt kimi keçir. O, yardıma ehtiyacı olanlara şəfqət, qayğı, diqqət və mərhəmət göstərir, kömək edir - dəstək verir, müsbət nümunə yaradır, ənənələrimizi yaşadır və gücləndirir. 
Mehriban xanım Əliyevanın çoxşaxəli, uğurlu, səmərəli və nümunəvi fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Dünya miqyasında elm xadimləri, ziyalılar, ictimai-siyasi xadimlər, dövlət adamları və digərləri Azərbaycanın birinci xanımının tarixi missiya yerinə yetirdiyini, bəşəriyyətin bugünkü inkişafına və gələcəyinə layiqli töhfə verdiyini ifadə edirlər. 
Mehriban xanımın fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır və həmçinin ölkənin birinci xanımı fədakarlığı, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə ən böyük mükafat olan ümumxalq sevgisinə layiq olduğunu sübut edir. 
Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir. UNESCO və ICESCO-nun xoşməramlı səfirinin ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, yuxarıda adları çəkilən iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, Mehriban xanımın dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi yüksək töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. 

Genişmiqyaslı fəaliyyətin prioritet istiqamətləri

Mehriban Əliyeva uzun müddətdir ölkənin ictimai və siyasi həyatında ən aparıcı simalardan biri kimi tanınır. Onun deputatlıq fəaliyyəti dövründə də ölkə həyatının elə bir sahəsi olmayıb ki, oradakı problemli məsələlər diqqətindən kənarda qalsın. Mehriban xanım həmçinin bir sıra xarici ölkələrdə məktəb, xəstəxana, katolik və pravoslav kilsələri, sinaqoqların tikintisi, bərpasında köməyini əsirgəməyib. 
Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr təhsil, səhiyyə, mədəniyyət və sosial sferaları, ekologiya, idman və sair sahələri əhatə edir. Onun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları sayəsində on minlərlə insan azadlığa qovuşub. 
Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.
Ümummilli Lider Heydər Əliyevin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Mehriban xanım Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. 
Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür və bu istiqamətdə fəaliyyəti də həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən ən yüksək qiymətə layiq görülüb. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban xanım Əliyeva xüsusi rol oynayıb. 
Prezident İlham Əliyevin söylədiyi kimi, 2012-ci ildə "Avrovision" mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz Mehriban Əliyevanın təşkilatçılığı ilə mümkün olub. 2015-ci ildə Birinci Avropa Oyunlarının standartlarının müəyyənləşdirilməsi, 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının təşkili və yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində reallaşıb. Təsadüfi deyildir ki, ilk Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilib.

Ən layiqli seçim

2016-cı il ölkəmizin tarixinə dərin islahatlar ili kimi yazıldı. Bu islahatların müəllifi isə dünyada gedən siyasi prosesləri düzgün dəyərləndirərək milli maraqlarımız naminə tam müstəqil siyasət yürüdən Prezident İlham Əliyevdir. Məhz ən islahatçı Prezidentin təşəbbüsü ilə keçirilən ümumxalq referendumunda seçicilərin etimadı xalqın dövlət başçısına inamının əyani göstəricisi idi. Xalq İlham Əliyevin elan etdiyi islahatlar konsepsiyasına birmənalı dəstəyini nümayiş etdirdi.
Həmin ildə islahatların tərkib hissəsi kimi ölkəmizdə keçirilən ümumxalq referendumu ilə Konstitusiyaya dəyişikliklər edildi və Azərbaycanda yeni vitse-prezidentlik institutu yaradıldı. Eyni zamanda daha çevik idarəetmə mexanizmlərinin hüquqi bazası formalaşdırıldı. Yeni siyasi və iqtisadi islahatlar kursunun tərkib hissəsi olan dəyişikliklərin əsas mahiyyətini inzibati-hüquqi, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə keyfiyyət üstünlüyünü artırmaq, idarəçilik sistemini müasir çağırışlara cavab verən yönümdə təkmilləşdirmək təşkil edirdi.
Vitse-prezidentlik vəzifəsinin təsis edilməsinin məqsədi dövlət strukturlarının fəaliyyətində səmərəliliyin və çevikliyin yüksəldilməsini, vətəndaşlar qarşısında öhdəliyin daha keyfiyyətli icrasına nail olunmasını, məmur məsuliyyətinin gücləndirilməsini təmin etmək idi. Bu baxımdan cənab Prezident tərəfindən vitse-prezidentlik institutunun yaradılması təklifinin ciddi əsasları var idi.
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il sərəncamına əsasən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması heç də təsadüfi deyildi. Çünki Mehriban Əliyeva həm Milli Məclisin deputatı kimi, həm də Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkə daxilində və beynəlxalq arenada mühüm layihələr həyata keçirirdi. Milli Məclisin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, rəy və təkliflərini öyrənib, sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görürdü. Seçicilərin dərin hörmət və rəğbətini qazanan Mehriban xanım Əliyeva parlamentdə dövlətimizin və xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. Bununla bərabər, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində həyata keçirdiyi layihələr bu istiqamətlərin inkişafına əvəzsiz töhfə verirdi. Həmçinin Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyaya tanıdılması istiqamətində gördüyü işlər beynəlxalq aləmdə böyük əks-səda doğurur, bu layihələr Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirir, ölkəmizin qədim mədəni-tarixi köklərə malik olduğunu sübuta yetirirdi.
Vətəninə sonsuz sevgisi, milli-mənəvi dəyərlərə dərin hörməti, ölkənin ictimai-siyasi həyatındakı xidmətləri, xalqa olan tükənməz sevgisi onun ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillər idi. Artıq beş ildir ki, bacarıqlı siyasi fəaliyyəti, yüksəksəviyyəli təşkilatçılıq məharəti, özünəməxsus idarəçilik xüsusiyyətləri, humanist yanaşma tərzi sayəsində Mehriban xanım Əliyeva bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir.

Beş ildə reallaşan böyük sosial layihələr

Birinci vitse-prezident vəzifəsində öz fəaliyyətini dövlətə, xalqa xidmət prinsipləri əsasında quran Mehriban xanım Əliyevanın bu dövrdə irəli sürdüyü və icrasına birbaşa rəhbərlik etdiyi layihələrin hər biri sosialyönümlüdür. Bu 5 illik dövrə nəzər yetirsək, onun ölkəmiz, xalqımız adına çox böyük işlərin görüldüyünə şahidlik etmiş olarıq. 
Həmin dövrdə torpaqlarımız işğal altında idi. Dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması idi. Bu istiqamətdə Mehriban Əliyevanın gördüyü işlər əvəzsiz qiymətləndirilməlidir. Onun Birinci vitse-prezident təyin edildikdən sonra ilk görüşünü 2017-ci il martın 9-da keçmiş məcburi köçkünlərlə keçirməsi də bu qəbildən olan insanlara həssas yanaşmanın bariz nümunəsi sayılır. 
Birinci vitse-prezident kimi ilk görüşündə Mehriban xanım Əliyeva müvafiq dövlət qurumu qarşısında konkret vəzifə də müəyyən etdi. Bildirdi ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün məcburi köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməli və tezliklə binaların inşasına başlanılmalıdır. Bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır. 
Bu görüşdə verilən tapşırıqlardan sonra Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa dəstəyi sayəsində sözügedən istiqamətdə ciddi uğurlara imza atıldı. Məhz Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həllinə olduqca həssaslıqla yanaşması, bu qəbildən olan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, sosial rifahının daha da yüksəldilməsi məsələsinə xüsusi qayğı göstərməsi özünü yeni inşa olunan "Qobu Park-1", "Qobu Park-2" və "Qobu Park-3" yaşayış komplekslərində də nümayiş etdirdi. 
Azərbaycanın birinci xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdimək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək hədəfi xüsusi yer tutur. Heydər Əliyev Fondunun layihələri çərçivəsində minlərlə məktəb, uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib və təmir olunub. Heydər Əliyev Fondu tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" layihələri, "Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı" təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi və onun məzmununun zənginləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. 
"Təhsilə dəstək" layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2007-ci ildə zəlzələdən zərər çəkmiş Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikilmişdir. 2012-ci ildə isə Pakistan hökumətinin qərarı ilə bu təhsil ocağına xeyirxahlıq mücəssəməsi olan Mehriban Əliyevanın adı verilib. Bu xoşməramlı missiya çərçivəsində Rusiyada, Hollandiyada, Rumıniyada, Misirdə və Gürcüstanda da məktəblər tikilib.
Bu bir həqiqətdir ki, Azərbaycanda uşaq evləri və internat məktəblərindəki kimsəsiz uşaqların ən böyük qayğıkeşi, hamisi də Mehriban xanımdır. Onlara böyük qayğı göstərən, bayramları onlarla birlikdə keçirən Birinci vitse-prezident əsl ana qayğısı göstərir. Heydər Əliyev Fondunun bu istiqamətdə reallaşdırdığı "Uşaq evləri və internat məktəblərinə dəstək" layihəsi çərçivəsində ölkəmizdə 40-a yaxın uşaq evi və internat məktəbi ən müasir standartlara uyğun olaraq təmir edilib. 
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fondun genişmiqyaslı səhiyyə layihələrinə də nəzər yetirsək, görərik ki, bu sahədə çox böyük işlər həyata keçirilib. Buraya xəstəxanalar, klinikalar, müasir avadanlıqların alınması, diabet və talassemiya xəstələrinin müalicəsi daxildir. Bu istiqamət üzrə Mehriban xanımın təşəbbüsü ilə "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin yenidən qurulması və inşası" kimi olduqca əhəmiyyətli layihələrin həyata vəsiqə alması geniş ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu layihələr çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. 
Azərbaycan mədəniyyətinin dünyada təbliği, mədəni irsin qorunması mərhəmətli Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun fəaliyyətinin başqa bir istiqamətidir. Bu istiqamətdə həyata keçirilən layihələr mədəniyyətimizin tanıdılmasında, qorunub saxlanılmasında mühüm rol oynayıb. 

Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış tarixi, dini-mədəni abidələrimizin bərpası

İki il öncə, sentyabrın 27-də Azərbaycan növbəti dəfə işğalçı Ermənistanın növbəti və irimiqyaslı hərbi təxribatının hədəfinə çevrildi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuz Vətən savaşına başladı. 
"Dəmir yumruq" əməliyyatı cəmi 44 gün ərzində Ermənistan rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Nəticədə bölgədə yeni tarixi reallıqlar formalaşdı. Ərazi bütövlüyümüz bərpa edildi, "status", Qarabağ münaqişəsi tarixin arxivinə göndərildi. 
Amma bu da bir həqiqətdir ki, savaş itkisiz olmur. Təbii ki, torpaqlarımızın azadlığı uğrunda savaşa qalxan Azərbaycan igidləri bu Zəfəri canları, qanları ilə qazandılar. Amma onların qanları yerdə qalmadı və bu gün Qarabağda, Şərqi Zəngəzurda dalğalanan bayrağımız, məscidlərdə səslənən azan səsləri onların ruhlarını şad edir. 
Ölkənin birinci xanımı kimi Mehriban Əliyeva bu dövrdə şəhid analarına mənəvi dəstək verib, dərdlərinə şərik oldu. Güclü qadın kimi şəhid ailələrini ailəsi bildi. Qarabağ müharibəsində əlil olan oğullara qardaş dedi, hələ də övladlarının yoxluğuna inanmayan, gözü yolda qalan anaları bağrına basdı, onlara ana dedi, qarşılarında baş əydi. Onun böyüklüyü, əxlaqı, görüb-götürdükləri, ailə dəyərləri böyük ehtiram və məhəbbətlə qarşılanır.
Həm Vətən müharibəsi, həm də ondan sonrakı tarixi mərhələlərdə Mehriban Əliyeva Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı olaraq Ermənistanın insanlıq əleyhinə hərbi cinayətləri ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər etdi. 
İki ildir ki, Azərbaycan xalqı Vətən müharibəsindəki böyük Zəfərin sevincini, qürurunu yaşamaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Qarabağ və Şərqi Zəngəzuru yenidən quran möhtərəm Prezident həm də dünyaya Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirir. Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun fəaliyyətinin ən şanlı səhifəsi Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuq prosesində ön sırada olmasıdır. İndiyə qədər minlərlə abidəyə yeni nəfəs verən Heydər Əliyev Fondu Qarabağdakı dini irsimizin, məscidlərimizin, mədəniyyət abidələrimizin bərpasını reallaşdırmaqdadır. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. 
Əlbəttə ki, işğaldan azad olunan torpaqlarımızdakı abidələrin bərpa edilərək yenidən xalqımıza qaytarılması çox əhəmiyyətlidir. Faktiki olaraq, Qarabağdakı dini abidələrimizin bərpa edilməsi prosesinin başlanması Azərbaycan tərəfindən tarixi gerçəklik missiyasının, ədalətin bərpası deməkdir. Mehriban Əliyevanın müqəddəs işə rəhbərlik etməsi onu deməyə əsas verir ki, bu layihə çox böyük uğurla həyata keçiriləcək. İşğaldan azad edilən ərazilərimizdəki dini abidələrimizin bərpa edilməsi prosesinə xarici mütəxəssislərin cəlb edilməsi də təqdirəlayiq haldır. 
İşğaldan azad edilən ərazilərimizdə ermənilərin dini abidələrimizi, məscidlərimizi vandallıqla dağıdıb məhv etməsi cinayətlərinə dünyanın bütün aidiyyəti təşkilatları sərt reaksiyalar verməlidirlər. İslam Əməkdaşlıq Təşkilatı, Rusiya Müsəlmanları Ruhani İdarəsi, eləcə də dünyanın başqa ölkələrindəki digər müsəlman icmaları bu fakta öz kəskin etirazlarını bildiriblər, erməni vandalizm aktını pisləyiblər. Azərbaycan erməni vandalizmi ilə bağlı bu faktları meydana çıxarmaqla bütün dünyaya sübut etdi ki, ermənilər işğal dövründə tarixi ərazilərimizdə abidələrimizi dağıdıb, məhv ediblər. Bu da yalançı erməni təxribatına ağır zərbə oldu. 
Dövlət başçısı cənab İlham Əliyevlə birgə Mehriban xanımın ölkənin inkişaf strategiyasının hazırlanmasında, həyata keçirilməsində, həmçinin sosial, humanitar və iqtisadi layihələrin gerçəkləşməsində böyük əməyi var. Onun siyasi fəaliyyətinin kökündə humanizm dayanır. Birinci vitse-prezident ölkənin sosial problemlərinin həllinə daha çox diqqət ayırır. O, hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif təşəbbüslər irəli sürür, bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onlara sovqatlar, hədiyyələr göndərilir. 
Bundan başqa, şəhid ailələri və qazilər də Mehriban xanımın diqqətindən kənarda qalmır. Onların, demək olar ki, bütün problemlərinin həllinə şəxsən dəstək olur, evlə, avtomobillə təmin olunmasında yaxından iştirak edir. Həmçinin biz şahidi oluruq ki, Mehriban xanıma səhhəti ilə, təhsili ilə və digər sosial problemləri ilə şəxsən yüzlərlə insan müraciət edir. Bütün bunlara dərhal reaksiya verilir, qarşılaşdıqları problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülür.

Xalq onu sevir və ona inanır

Bu gün ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası daha aydın görünür. Təsadüfi deyil ki, Mehriban Əliyevanın siyasi-ictimai fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünyada Azərbaycan qadınının obrazının formalaşmasında müstəsna rola malikdir.
Xalq onu sevir və ona inanır. Ona görə ki, Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik ənənələri canlanıb. Birinci vitse-prezident insanlara xeyirxahlığa meyil, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. Onun "Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq ənənələri davam etdirməyə çalışırıq" sözləri xeyriyyəçiliyin həyatının kredosuna çevrildiyini bir daha təsdiqləyir.
Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın ötən iki ildə göstərdiyi fəaliyyət, gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əminliklə deyə bilərik ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir. Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatların, daxili və xarici siyasətin ən böyük dəstəkçisi və dövlət başçısının ən sadiq silahdaşıdır. 

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

ETİKETLƏR: