Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yeni dərs ilində -yeniliklər, gözləntilər

.

14.09.2022 11:37
15
A+
A-

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 484 min 731 şagird təhsil alacaq.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 46 min 200, IX sinfində 37 min 987, X sinfində 26 min 898, XI sinfində 25 min 551, XII sinfində 168 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 35 min 722 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 min 320 beşyaşlının cəlb olunacağı gözlənilir.

2022-2023-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 min 739 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 min 299 tərbiyəçi-müəllim çalışacaq.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb və 340 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Bu il yeni məktəbli formalarının tətbiqi ilə bağlı göstəriş verilsə də bu sahədə hər hansı məcburiyyət yoxdur. Lakin buna baxmayaraq, Bakı Tikiş Evinin (BTE)  qarşısında məktəbli formalarının alınması ilə bağlı uzun növbələr var. BTE-nin rəhbərliyi də məktəblərin başlanmasına qədər bütün şagirdləri məktəbli forması ilə təmin edə bilməyəcəyini bildirir. Məktəbli formalarının məcburi olmaması bildirilsə də Bakı, Sumqayıt və Abşeron məktəblərinin rəhbərliyi bunu israrla valideynlərdən tələb edirlər.

Məsələ ilə bağlı  Elm və Təhsil Nazirliyi bir daha açıqlama verib. Nazirlikdən bildirilib ki, 2022-2023-cü tədris ilində yeni məktəbli formalarının tətbiqi ilə bağlı hər hansı məcburiyyət yoxdur.

Şagirdlər ötənilki formaları ilə məktəbə gələ bilərlər. Bununla bağlı məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də bildirilib ki, yeni dərs ili üçün valideynlər yalnız könüllülük əsasında övladlarına yeni məktəbli formaları ala bilərlər. Yeni məktəbli forması almayan şagirdlər isə məktəbə əvvəlki məktəbli geyimində və ya sadəcə ağ köynək, qara (tünd göy) şalvarda (ətəkdə) gələ bilərlər. Məktəb direktorlarının bütün bu məsələləri nəzərə alması və diqqət mərkəzində saxlaması zəruridir.

Qeyd edək ki, öz seçimi əsasında qərar vermiş valideynlərin yeni məktəbli formalarını “Bakı Tikiş Evi”ndən alması da mütləq deyil.

Məktəb rəhbərləri tərəfindən valideynlərə yeni məktəbli formasının alınması ilə bağlı hər hansı bir məcburi yönləndirmə olarsa, valideynlərdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat vermələri xahiş olunur.

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 66724 nəfər iştirak edib. Onlardan 48841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 13853 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 628 nəfər (o cümlədən 287 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 11846 nəfər qəbul olub.

2022/2023-cü tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqədə müsabiqədə iştirak etmək məqsədilə 3747 abituriyent ərizə təqdim edib.  1443 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 Sentyabr - Bilik Gününün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub:

“Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik!

Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr - “Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb. Valideynlərin isə bu məsələni anlayışla qarşılamaları xahiş olunur”.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

ETİKETLƏR: