Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Boş vəzifə əmək funksiyasının icrası və bu zaman onlara əlavə əməkhaqqı verilməsi barədə məlumat verməyinizi xahiş edirəm.

.

14.09.2022 14:03
375
A+
A-

Boş vəzifə əmək funksiyasının icrası və bu zaman onlara əlavə əməkhaqqı verilməsi barədə məlumat verməyinizi xahiş edirəm.

Leyli ƏSGƏRLİ,

Şirvan şəhəri.

- Boş vəzifə üzrə əmək funksiyasının icrası ilə bağlı məsələlər Əmək Məcəlləsinin 61-ci maddəsinin 2, 3, 4-cü hissələri ilə tənzimlənir. İdarə, müəssisə və təşkilatda işəgötürən işçi ilə qarşılıqlı razılığa gələrək boş olan vəzifə üzrə əmək funksiyasının icrasını ona həvalə edə bilər.

Qanunvericilik belə hallarda nəzərdə tutur ki, işçiyə üç aydan çox olmayan müddətdə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Müddətin işəgötürənlə qarşılıqlı razılıqla artırılması belə mümkün deyil. Bu müddət bitdikdən sonra işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş aşağıdakı hallardan birini tətbiq edə bilər:

1) öz razılılığı ilə işçini həmin vəzifəyə keçirə bilər;

2) əmək funksiyasını genişləndirərək hər iki vəzifəni birləşdirə bilər. Bu zaman işəgötürən yeni əmək müqaviləsi bağlayaraq işçini həmin vəzifəyə təyin edir;

3) işəgötürən boş vəzifəyə yeni işçi götürə bilər.

Sizi maraqlandıran digər məsələ- boş vəzifəni icra edən işçinin əməkhaqqının ödənilməsi də qanunvericiliklə müəyyənləşdirilir. Belə ki, işçi eyni iş vaxtı ərzində həm öz işini, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı almalıdır. Boş vəzifənin icrası zamanı alınacaq əməkhaqqının minimum məbləği Əmək Məcəlləsində qeyd edilsə də, maksimum məbləğ haqqında danışılmır. Bu məbləğ tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Sonda bir məsələni də qeyd etmək istəyirik. Məktubunuzda işçinin öz vəzifəsi ilə icra etdiyi  boş vəzifənin əmək funksiyalarının eyni xarakterdə və ya fərqli olması haqqında qeyd yoxdur. Lakin nəzərinizə çatdırırıq ki, Əmək Məcəlləsinin 61-ci maddəsinin 4-cü hissəsinə əsasən, əgər boş vəzifə üzrə əmək funksiyası işçinin vəzifəsi üzrə əmək funksiyası ilə eyni xarakterdədirsə, onda razılıqla işəgötürən işçinin öz vəzifəsində qalmaqla həmçinin həmin boş vəzifəyə də təyin edə bilər. Bu zaman əməkhaqqı yenə də yuxarıda qeyd etdiyimiz qaydada ödənilir.

Əmək fəaliyyəti sahəsində kişi və qadınların bərabərliyi kim tərəfindən təmin edilir? Bu təminat qanunvericilikdə necə əks olunub?

 

Samirə QULİYEVA,

Bakı şəhəri.

 

- “Gender bərabərliyi haqqında” qanunun 7-ci maddəsinə (Əmək fəaliyyətində işəgötürənin vəzifələri) əsasən, işəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir. Qanuna əsasən, işəgötürən bu sahədə aşağıdakı vəzifələrə malikdir:

- işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən, cinsindən asılı olmayaraq, işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq (maddə 7.2.1.);

- cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq (maddə 7.2.2.);

- cinsindən asılı olmayaraq eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək (maddə 7.2.3);

- adıçəkilən Qanunun 9-cu və 10-cu maddələrinin tələblərini yerinə yetirmək (maddə 7.2.4.); Yəni:

1. Əməyin ödənilməsində bərabərlik:

a) cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir (maddə 9.1.);

b) əməkhaqqı, mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər müxtəlif olduqda, işçinin tələbi ilə işəgötürən əməkhaqqındakı fərqin işçinin cinsi mənsubiyyəti ilə əlaqədar olmadığını əsaslandırmalıdır (9.2.).

2. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi əks etdirən elan:

a) işə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, işaxtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar sorğusuna yol verilmir (maddə 10.1.);

b) aldadıcı məzmunlu, kişi və qadınların hüquq bərabərliyi prinsipinə zidd olan elanların dərc edilməsi qadağandır (maddə 10.2);

ç) yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir (maddə 10.3.);

c) yuxarıda (maddə 10.3.) göstərilən elanların dərc edilməsinə yalnız o halda yol verilir ki, əmək funksiyalarının xüsusiyyətlərinə görə, işçinin cinsi müəyyən edici şərt olsun və ya Əmək Məcəlləsinə (ƏM) uyğun olaraq, həmin işlərə qadın əməyinin tətbiqi qadağan edilsin (maddə 10.4.);

- cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək (maddə 7.2.5.).

Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları (ƏM, maddə 11) və bu sahədə əsas vəzifələri və məsuliyyəti (ƏM, maddə 12) müəyyənləşdirilmişdir. Lakin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun tətbiqi ilə əlaqədar ƏM-in bir sıra maddələrinə, o cümlədən işəgötürənin vəzifələrini və məsuliyyətini müəyyən edən 12-ci maddəyə də bu Qanunun tələblərinə uyğun olaraq dəyişiklik və əlavələr edildi.

ETİKETLƏR: