Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Korrupsiya hüquqpozmaları dedikdə nələr başa düşülür?

.

26.10.2022 12:17
3
A+
A-

Səriyyə SADIQOVA,

Gəncə şəhəri.

- Vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi;

- xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi;

- vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi;

- vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə (tarifə) əldə edilməsi;

- vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi;

- müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd edilməsi və ya verilməsi;

- müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin qəbul edilməsi -halları korrupsiya hüquqpozmaları,

- xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq;

- statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında qanunsuz kömək etmək;

- bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq;

- statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə onun səlahiyyət dairəsinə daxil olmayan məsələlər üzrə digər dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların fəaliyyətinə qanunsuz müdaxilə etmək;

- statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək;

- normativ-hüquqi aktların və digər qərarların qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək;

- vəzifə tutduğu və ya ona tabe olan, onun nəzarətində olan, habelə ona hesabat verən orqanların (qurumların) işi üzrə fiziki və ya hüquqi şəxslərin nümayəndəsi qismində iştirak etmək;

- qanunla və ya digər normativ-hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək;

- qanunla və ya digər normativ-hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan məlumatları və sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək;

- dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların maddi və maliyyə vəsaitlərini qanunsuz olaraq namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki fonduna vermək;

- qanunvericiliklə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət fondlarına, dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların təsərrüfat subyektlərinə məxsus olan maddi və maliyyə ehtiyatlarını qeyri-dövlət strukturlarına vermək;

- fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq;

- sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı səlahiyyətləri belə fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə qanunsuz olaraq vermək korrupsiyaya şərait yaradan hüquqpozmalar hesab olunur.

İşçi haqqında arayış başqa yerlərə göndərilərkən onun         razılığı alınırmı?

Samirə ƏLİYEVA,

Sumqayıt şəhəri.

 

- Əmək Məcəlləsinin 88-ci maddəsinə əsasən, işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur.

İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir. Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir.

 

Hansı hallarda sınaq müddəti tətbiq edilmir?

 

Namiq VƏLİYEV,

Şirvan şəhəri.

- Sınaq müddəti müəyyən edilməyən hallar Əmək Məcəlləsinin 52-ci maddəsində göstərilmişdir. Belə ki, əmək müqaviləsi bağlanılarkən sınaq müddəti:

- yaşı 18-dən az olan şəxslərlə;

- müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;

- hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

- təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

- ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;

- iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;

- tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.

 

Məhkəməyə iddia ərizəsi ilə müraciət etmişəm. Lakin iş başqa məhkəməyə göndərilmişdir. Bu, mümkündürmü və ya hansı hallarda ola bilər?

 

Sadiq MƏMMƏDOV, Bakı şəhəri.

-Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir:

- əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə;

- iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;

- hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa;

- iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa;

- hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə.

Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən biri ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir.

 

Özümə aid olan mənzili kirayəyə verirəm. Bunun üçün nə qədər vergi ödəməliyəm?

Azad RÜSTƏMOV,

Bakı şəhəri.

- Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və Vergi Məcəlləsinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.

Qeyd edirik ki, dövlət büdcəsinə ödənilməli olan vergilərin yayındırılmasına görə vergi ödəyiciləri məsuliyyət daşıyırlar.  Belə ki, Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən, həmin şəxslər müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamağa görə 40 manat məbləğində cərimələnir. Verginin  hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən, bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi məbləğləri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsdən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

 

Vərəsəlik şəhadətnaməsi nədir və hansı müddətə alınmalıdır?

    

     Natiq QURBANOV,

     Xaçmaz rayonu.

- Mülki Məcəlləyə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

Mülki Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir.

 

Hərbi qulluqçuların şəxsi sığortası hansı qaydada aparılır?

 

Səməd VEYSƏLOV,

Cəlilabad rayonu.

- “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 6-cı maddəsinə əsasən, sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

Sığortalılar sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığorta haqlarının məbləğini hər il rüblər üzrə dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə ödənilir.

Sığortaolunanlar hərbi qulluqçu statusu əldə etdikləri gündən qeyd edilən qanunla müəyyən edilmiş qaydada sığortalı tərəfindən sığorta olunurlar.

Mülki işdə hansı hallarda iş üzrə icraat   dayandırılır?

Firuzə ƏLİYEVA,

Bakı şəhəri.

- İnzibati Prosessual Məcəllənin 254-cü maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır:

- işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə;

- tərəf fəaliyyət qabiliyyətini itirərsə;

- iddiaçı, yaxud cavabdeh Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi əməliyyatlarında olduqda;

- Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; 

- Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qərarının tanınması və icra edilməsi haqqında ərizə olarsa.

- məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etdikdə;

- “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlandıqda.

Bu hallardan başqa məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər:

- tərəf Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və başqa silahlı birləşmələrində çağırış üzrə hərbi xidmətdə olduqda və ya digər dövlət vəzifəsini yerinə yetirməyə cəlb edildikdə;

- tərəf uzunmüddətli qulluq ezamiyyətində olduqda;

- tərəf müalicə müəssisəsində olduqda;

- bu Məcəllə ilə nəzərdə tutulan hallarda cavabdeh axtarıldıqda;

- məhkəmə tərəfindən ekspertiza təyin olunduqda;

- xarici dövlətlərin məhkəmələrinə məhkəmə tapşırığı göndərildikdə;

- qəyyumluq və himayəçilik orqanının iş üzrə rəy verməsi tələb olunduqda. 

 

Hansı hallarda yaşayış sahəsi qeyri-yaşayış sahəsinə, qeyri-yaşayış sahəsi yaşayış sahəsinə çevrilə bilər?

 

Həsən MƏMMƏDOV,

Lerik rayonu.

- Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə Mənzil Məcəlləsinin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərtilə yol verilir.

Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir.

Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.

Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın.

 

Ümumvətəndaş pasportu almaq üçün nə etməliyəm?

 

Ümid HƏSƏNLİ,

Şəki şəhəri.

 

-Ümumvətəndaş pasportunun alınması üçün aşağıdakı sənədlər lazımdır:

- vətəndaşın şəxsiyyət vəsiqəsi;

- dövlət rüsumunun ödənilməsi barədə sənəd;

- 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, həmçinin müraciət edən valideynlərin və ya qanuni nümayəndələrin şəxsiyyət vəsiqələri;

18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli

Ümumvətəndaş pasportu almaq üçün dövlət rüsumunun məbləği aşağıdakı kimi müəyyən edilmişdir:

on iş günü müddətində verildikdə

- on səkkiz yaşına çatmış vətəndaşlara - 60 manat.

beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- on səkkiz yaşına çatmış vətəndaşlara - 120 manat.

bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- on səkkiz yaşına çatmış vətəndaşlara - 210 manat.

ETİKETLƏR: