Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əməkhaqqından tutulan məbləğ neçə faiz olmalıdır?

.

30.11.2022 14:27
24
A+
A-

Əməkhaqqından tutulan məbləğ neçə faiz olmalıdır?

 

Sabirə CƏFƏROVA,

Sabirabad rayonu.

- Əməkhaqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması Əmək Məcəlləsinin 176-cı maddəsi ilə tənzimlənir. Qanunvericiliyə əsasən, hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.

Əməkhaqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əməkhaqqının əlli faizi saxlanmalıdır.

Məcəllə ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əməkhaqqından məbləğlərin tutulmasına şamil edilmir.

Uşağın xarici ölkəyə aparılması üçün valideynlərin icazəsi lazımdırmı?

Natiq HƏŞİMOV, Bakı şəhəri.

 

- Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Valideynlərdən biri razı olmadıqda uşağın xarici ölkəyə aparılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər.

Bəzi hallarda uşaq ölkədən gedərkən digər valideynin razılığı tələb olunmur. Bu hallara tərəfin valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmə qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayışın olması daxildir.

 

İstehlakçının tələblərini ödəməyən malı dəyişdirmək hüququ varmı?

 

Mətləb VƏLİYEV, Gəncə şəhəri.

 

- Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.

İstehlakçı, malın alınma günü sayılmamaq şərtilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər.

İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o, dəyişdirilə bilər.

Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı, dəyəri yenidən hesablamaqla, istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir.

 

 

Əmək  məzuniyyətinə çıxarkən qadınlara hansı üstünlüklər verilir?

 

Cəmilə BABAYEVA, Sumqayıt şəhəri.

- Əmək Məcəlləsinin 117-ci maddəsinə əsasən, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin də bu hüququ vardır.

Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

Məcəllənin 126-cı maddəsinə uyğun olaraq, uşaqları övladlığa götürmüş qadınlar da yuxarıda qeyd etdiyimiz əlavə məzuniyyətdən istifadə etmək hüququna malikdirlər.

ETİKETLƏR: