Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK bayram ərəfəsində 76 rayona ərzaq yardımı yola saldı

“Hər birimizin müqəddəs borcudur ki, Vətən uğrunda canından keçən oğul və qızlarımızı unutmayaq, onların valideynlərinə, həyat yoldaşlarına, yadigar qalan övladlarına dəstək olaq”.

28.12.2022 12:09
17
A+
A-

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) artıq bir neçə ildir ki, dövlət, milli, dini bayramlarda ölkəmizin 76 rayonunda yaşayan şəhid ailələrinə və aztəminatlı ailələrin bir qisminə pul vəsaiti, bir qisminə ərzaq yardımı göstərir. Bu gün növbəti ərzaq karvanını yola salırıq”.

 

Bunu dekabrın 28-də respublikanın rayonlarına növbəti avtomobil karvanının yolasalma mərasimində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə açıqlamasında deyib.

AHİK sədri qeyd edib ki, qazilərə və şəhid ailələrinə diqqət və qayğı göstərilməsi, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması  hər zaman ölkə başçısının diqqət mərkəzində olub.

Bu sahədə nümunəvi fəaliyyəti ilə fərqlənən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri açılır.

Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları, o cümlədən Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır.

Bu gün yola saldığımız sovqat karvanında olan ərzaqlardan 5500 ailə istifadə edəcək. Ümumilikdə isə sovqat göndərilən ailələrin sayı 26 mini ötüb. İstifadəçilər sırasında blokada şəraitində yaşayan Naxçıvan əhalisi də olacaq. Biz oradakı şəhid ailələrini, qaziləri, aztəminatlı insanları, təbii ki, unuda bilməzdik.

S.Möhbalıyev diqqətə çatdırdı ki, bu, ilin əvvəlindən bəri artıq üçüncü avtomobil karvanıdır ki, yola salınır. Sovqatların məhz ehtiyacı olanlara çatdırılması məqsədilə əvvəlcədən hər bir rayonda müayinə aparılır, şəhid ailələrinin, qazilərin, aztəminatlı ailələrin statistikası öyrənilir və paylama prosesi yerli həmkarlar ittifaqı komitələrinin bilavasitə iştirakı, ciddi nəzarəti altında həyata keçirilir.

Səttar müəllim bildirdi ki, AHİK-in bu bayram hədiyyələrinə qədər sahə həmkarlar ittifaqları, onların rayon və ilk təşkilatları da, dediyim kateqoriyadan olan üzvlərini bayram sovqatları ilə sevindirib və sevindirməkdədirlər.

AHİK sədri sonra dedi, konfederasiyamız eyni zamanda 20 Yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin də bir qismini himayəyə götürüb. 400-ə yaxın şəhid övladına kömək edirik. Uşaqlarına 18 yaşınadək hər ay maliyyə yardımı göstərilir. Vətənimizin bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin övladlarına yardım etmək borcumuzdur.

AHİK hər il iki mindən çox şəhid ailəsini ödənişsiz olaraq istirahət mərkəzlərinə, müalicə almaq üçün sanatoriyalara göndərir.

Şəhid ailələrinin məşğulluğunun təmin edilməsi istiqamətində də işlər görülür. Eyni zamanda Qarabağ Dirçəliş Fonduna və “YAŞAT” Fonduna ianələr edirik. Qazilərimizin tezliklə öz sağlamlıqlarına qovuşmaları üçün imkanımız çatdığı qədər yardım göstəririk.

Ümumiyyətlə, bu sahədə gördüyümüz işləri bir müsahibədə, özü də yolasalma mərasiminin getdiyi bir vaxtda sadalamaq mümkün deyil. Həm də şəhid ailələri, qazilərlə bağlı həyata keçirdiyimiz çoxşaxəli tədbirlər vaxtaşırı AHİK-in saytında və “Ülfət” qəzetində işıqlandırılır. Bu informasiya mənbələrindən istədiyiniz qədər məlumat əldə edə bilərsiniz.

S.Möhbalıyev müsahibəsini aşağıdakı sözlərlə bitirdi:

“Hər birimizin müqəddəs borcudur ki, Vətən uğrunda canından keçən oğul və qızlarımızı unutmayaq, onların valideynlərinə, həyat yoldaşlarına, yadigar qalan övladlarına dəstək olaq”.

Jurnalistlərlə müsahibə başa çatdıqdan sonra AHİK-in binası qarşısında düzülmüş sovqat yüklü maşınlar bir-birinin ardınca mənzil başına doğru irəlilədilər. Bu maşın qatarı təkcə sovqat yox, həm də sayğı sevinci aparırdı.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR:

Foto