Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Narkomaniyaya qarşı mübarizə

həmkarlar ittifaqının fəaliyyətində mühüm yer tutur

18.01.2023 10:18
6
A+
A-

Bu gün dünyanı narahat edən ən təhlükəli problemlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyadır. Bu dəhşətli “ağ ölüm” ölkəmizdə də öz fəsadlarını verməkdədir. Dövlətimiz “Narkomaniyaya yox!” devizi altında davamlı tədbirlər həyata keçirir. Bu amansız bəlaya qarşı mübarizədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatları da fəal iştirak edir. Bu sahədə qəbul olunmuş dövlət proqramlarından, BMT-nin konvensiyalarından və beynəlxalq layihələrdən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı “Fəaliyyət Planı” qəbul edib. Bu sənəddə qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi xüsusi yer tutur.

Fəaliyyət Planına əsasən, 2022-ci il ərzində müəssisələrdə, təhsil ocaqlarında və təşkilatlarda narkomaniyanın ziyanları və törətdiyi fəsadlar mövzusunda tədbirlər təşkil olunmuşdur. Belə ki, Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərinin, Şəki, Salyan, İsmayıllı, Goranboy, Masallı, Hacıqabul və digər rayonların təhsil müəssisələrində həmkarlar ittifaqı komitələri, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə “Narkomaniya bəşəri bəladır”, “Narkotiksiz gələcək naminə”, “İnternetdən təhlükəsiz istifadə”, “Narkomaniya və onun fəsadları”, “Ağ ölüm-narkotikə yox deyək!”, “Sağlam gənclər sağlam gələcəyimizdir” və sair mövzularda maarifləndirmə və təbliğat işləri aparılmış, seminarlar keçirilmiş, videoçarxlar nümayiş etdirilmiş və məktəblilərin sualları cavablandırılmışdır. Tədbirlərdə məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunması, dərsdən yayınma və pis vərdişlərə yiyələnmənin qarşısının alınması ilə əlaqədar çıxışlar edilmiş və fikir mübadiləsi aparılmışdır.

Böyük gənclər kütləsini sıralarında birləşdirən ali məktəblərin tələbə həmkarlar ittifaqı komitələri (THİK) də narkotik maddələrin yayılmasının qarşısının alınması istiqamətində uğurlu addımlar atmışdır. THİK-lər məsələyə kompleks yanaşmış, ədəbi, bədii, elmi, əyləncəli, fiziki xarakterli tədbirlər planı işləyib hazırlamış, ilboyu onları reallaşdırmışlar. Təcrübə göstərir ki, gənclərin maraq dairələrində olan layihələrə cəlb edilməsi onları pis vərdişlərdən uzaqlaşdırır, sağlam həyat tərzinə uyğunlaşdırır.

AHİK, Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında razılaşdırılmış Baş Kollektiv Sazişdə (BKS), üzv təşkilatlar və nazirlik, baş idarələr arasında imzalanmış Sahə (tarif) Kollektiv Saziş və kollektiv müqavilələrdə sosial-iqtisadi və əmək münasibətləri ilə yanaşı, ölkədə narkomanlığın qarşısının alınmasına, gənclərin sosial müdafiəsinin  gücləndirilməsinə, işə düzəlməkdə çətinlik çəkən gənclərin əmək bazarına inteqrasiya olunmasına dair tədbirlər də əksini tapıb.

AHİK-in BKS-də götürdüyü öhdəliklərə uyğun olaraq, artıq 2015-ci ildən başlayaraq hər ilin yekunu üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adı verilir. Bu günə kimi 27 sahə həmkarlar ittifaqından 400 nəfərə yaxın gənc “İlin peşəkar gənci” adına layiq görülüb. Bu gənclər müxtəlif beynəlxalq və respublika səviyyəli seminarlarda, treninqlərdə, təlim kurslarında iştirak edərək sertifikatlar əldə etmiş, müxtəlif layihələrin qalibi olmuş, qəzet və jurnallarda elmi məqalələri çap edilmişdir. Eyni zamanda intellektual yarışlarda, idman və bədii özfəaliyyət müsabiqələrində iştirak edərək AHİK-in Fəxri Fərmanı, döş nişanı və vəsiqəsi ilə təltif olunmuşlar.

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində həmkarlar ittifaqı təşkilatlarının böyük rolu vardır. Artıq 20 ildən çoxdur ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hamiliyə götürdüyü Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan gənc kursantların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müntəzəm olaraq mədəni-kütləvi tədbirlər, baxış-müsabiqələr və idman yarışları keçirir. Hər il liseydə istedadlı gənclərin üzə çıxarılması məqsədilə “Azərbaycan əsgəri” bədii qiraət, “Vətənə xidmət edirik” rəsm, “Qarabağ Azərbaycandır!” və “Bir kərə yüksələn bayraq bir daha enməz!” inşa-yazı müsabiqələrinin, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş bölüklərarası hərbiləşdirilmiş idman, eləcə də Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun xatirəsinə həsr edilmiş şahmat yarışları təşkil olunur, qaliblərə AHİK-in diplomu və qiymətli hədiyyələr verilir. Eləcə də təhsil ilinin yekunlarına görə, yüksək nəticələr qazanan və əla qiymətlərlə oxuyan, liseyin ictimai həyatında fəal iştirak edən kursantlar həmkarlar ittifaqının pul mükafatları ilə stimullaşdırılırlar.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası respublikanın ali təhsil məktəblərində təhsil alan əlaçı və həmkarlar ittifaqı təşkilatının fəalı olan 65 nəfər tələbəni 2021-2022-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə adlı təqaüdə layiq görmüşdür. İndiyə qədər tədrisdə uğurlar qazanmış, fəal ictimaiyyətçi kimi yetişmiş 2 mindən çox tələbəyə həmin təqaüd təyin edilmişdir.

Gənclərin idman, bədən tərbiyəsi ilə məşğulluğu da əsas hədəflərimizdəndir. Bu işi Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinin tərkibində fəaliyyət göstərən “Spartak”, “Məhsul”, “Qarabağ”, “Gənclik”, “Zenit”, “Alpinist və Turist”, “Şahmat və Dama”, “Pəhləvan” və “Atilla” idman təşkilatları həyata keçirir. Onu da qeyd edək ki, bədən tərbiyəsinə cəlb edilən gənclər arasından çox sayda dünya və Avropa çempionatlarının, birinciliklərinin, beynəlxalq turnirlərin qalibləri çıxıb. Azərbaycan həmkarlar ittifaqları idman tədbirlərini ildən-ilə daha genişmiqyaslı, daha kütləvi, daha səmərəli formalarda keçirməyə səy göstərir. Bundan başqa, Elm və Təhsil Nazirliyi ilə birlikdə universiada və spartakiadalar keçirilir, idmanın bir neçə növü üzrə çempionatlar təşkil olunur. Burada əsas məqsəd peşəkar idmançı yetişdirməkdən daha çox, bədən tərbiyəsinə kütləvi maraq oyatmaqdır. Belə ki, idmanla müntəzəm məşğul olan gənc zərərli vərdişlərə, pis əməllərə qurşanmağa həvəs göstərməz.

Həmkarlar ittifaqlarının narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi barədə məlumatlar, bir qayda olaraq, “Ülfət” qəzetində və digər informasiya vasitələrində işıqlandırılır.

İnsanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, bir sözlə, həyatı iflic edən narkomanlığa münasibətdə hər kəs barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıdır.

 

Calaləddin HƏMİDOV,

AHİK-in Sağlamlığın

mühafizəsi və sosial

təminat üzrə

şöbəsinin müdir əvəzi

ETİKETLƏR: