Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azad edilmiş ərazilərdə çalışan sahibkarlara

500 milyon manat güzəştli kredit veriləcək

18.01.2023 10:23
2
A+
A-

Məlum olduğu kimi, Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı fərmanla “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilib. Sənəd işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin tərkib hissəsi olmaqla bu bölgədə çalışan sahibkarların güzəştli kreditlərlə təmin edilməsini nəzərdə tutur. Kreditlər ən aşağı faizlə və subsidiyalaşdırılmış şərtlərlə veriləcək.

Sahibkarlar krediti əldə etmək üçün Azərbaycan Biznesinin İnkişafı Fonduna öz fəaliyyətləri barədə zəruri sənədləri və əməkdaşlıq etdikləri müvəkkil bank və kredit təşkilatının qarşılıqlı münasibətlərini tənzimləyən hüquqi sənədləri təqdim edəcəklər. Biznes sahiblərinin çalışmaq istədikləri sahələr üzrə biznes-planı təsdiq edildikdən sonra müvəkkil kredit təşkilatının qərarından çıxarış əsasında Fondun sərəncamı ilə kreditin verilməsi təmin ediləcək.

Kreditlərin məbləği layihənin tutumundan asılı olaraq dəyişə bilər, bir sahibkarlıq subyektinin bütün müvəkkil kredit təşkilatları üzrə dövlət zəmanəti verilən kreditlərinin ümumi məbləği 5 milyon manata qədər ola bilər. Yəni hansısa biznes sahibi bir neçə layihə üzrə, məsələn, istehsal, emal, tədarük və s. istiqamətləri əhatə edən 4-5 layihə icra etmək istədikdə, ona bu layihələrə birlikdə 5 milyon manata qədər kredit veriləcəkdir. Hər layihə üzrə kreditin verilməsi müddəti 30 gün çəkir. Hətta hansısa sahibkar təqdim etdiyi tək bir layihə üzrə 5 milyon manat kredit də almaq hüququna malikdir.

Ümumilikdə Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında iqtisadi layihələrin həyata keçirilməsinə dövlət tərəfindən 500 milyon manat kredit ayrılacaq ki, onun 450 milyon manat məbləğinədək olan hissəsinə dövlət zəmanəti veriləcək. Yəni dövlət həmin kreditlərin 90 faizlik hissəsinə birbaşa özü təminat verəcəkdir.

Kreditlərin aylıq faizi təxminən 1,5% nəzərdə tutulur, illik faiz dərəcəsi isə 15 faizdən çox olmamalıdır. Kreditin qaytarılma müddəti 7 il nəzərdə tutulub. Sahibkar üçün kredit üzrə güzəşt müddəti kreditin müddətinin yarısından çox olmayaraq 36 aydır. Yəni biznes sahibi aldığı kreditləri 3 il ərzində güzəştlərlə idarə edəcək, sonrakı 4 il ərzində həmin vəsaitlərin tam geri ödənilməsini təmin etməlidir.

Məsələ ondadır ki, Azərbaycan Biznesinin İnkişafı Fondu və Kredit Şurası müraciət edən bütün sahibkarların kredit istəyini həll etməyə də bilər. Çünki sahibkarların ötən illərdə dövlətdən aldığı kreditləri qaytarması, vergi məsuliyyəti, həyata keçirdiyi iqtisadi layihələrin səmərəliliyi və s. amillər qiymətləndiriləcək. Əgər sahibkarlıq subyekti barəsində vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət təqibi və ya inzibati xəta üzrə icraat halı varsa, onun müraciəti dərhal geri qaytarılacaq. Yaxud sahibkar Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara əsasən riskli vergi ödəyicisi olduqda onun təklifi qəbul olunmayacaq. Bundan başqa, sahibkarlıq subyektinin fəaliyyət növü təsərrüfat subyektinin uçota alınmasını tələb etdiyi halda, belə təsərrüfat subyekti vergi orqanında uçota alınmadıqda, habelə vergi ödəyicisinin uçot məlumatları arasında uyğunsuzluqlar aşkar edildikdə ona kredit verilməsindən imtina olunacaq. Həmçinin biznes subyektinin kreditin alınması üçün müraciət etdiyi tarixdə fəaliyyəti dayandırılmış olduqda və ya sahibkarlıq subyekti ləğvetmə prosesində olduqda da onun kredit müraciətinə imtina yazılacaq.

Bütün bu proseslərin məmur təması olmadan, şəffaf və ədalətli qaydada həyata keçirilməsi üçün müraciət və qiymətləndirmələr, digər müvafiq əməliyyatlar elektron resurslar vasitəsilə tənzimlənəcək. Bu məqsədlə İqtisadiyyat Nazirliyi tərəfindən yaxın vaxtlarda “Elektron kredit və zəmanət” informasiya sistemi yaradılacaq və sistem Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunacaq.

Hökumət sahibkarları kreditlə təmin etməklə onların fəaliyyətini də davamlı olaraq izləyəcək, aldığı kreditləri hara və necə xərcləməsinə nəzarət edəcək. Belə ki, kreditlərin verilməsindən sonra hər il onun monitorinqi aparılacaq. Müvəkkil bank və kredit təşkilatı ildə bir dəfə, hətta hər rüb kredit verdiyi sahibkarların kreditdən təyinatı üzrə istifadənin monitorinqini aparacaq və bu barədə Azərbaycan Biznesinin İnkişafı Fonduna hesabat verəcək. Əgər sahibkarlar müvəkkil banklardan aldıqları kreditləri azad edilmiş ərazidəki layihələrdən başqa istiqamətlərə yönəldərsə, yaxud həmin kreditlərin təyinatı üzrə istifadəsində kənarlaşmalara yol verərsə, kreditlər geri alınacaq.

Hökumətin proqnozlarına görə, bu addım həm sahibkarlığın inkişafına xüsusi təkan verəcək, onların maliyyə resurslarına çıxış imkanlarını artıracaq, həm də azad edilmiş ərazilərdə iqtisadi fəallığı canlandıracaq. Böyükhəcmli kreditlər hesabına bu ərazilərdə istehsal və emal müəssisələri qurulacaq ki, bu da işğaldan azad edilmiş ərazilərdə istehsal, emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına, iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunmasına imkan verəcək. Nəticədə bölgədə minlərlə yeni iş yerinin açılması gözlənilir ki, bu da həmin bölgəyə geri dönən insanların iş yerləri ilə təmin olunması baxımından da əhəmiyyət kəsb edir.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: