Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Vahid tələbə kartı nə vəd edir?

Müsahibim Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil üzrə ekspert Kamran Əsədovdur.

09.10.2024 11:41
25
A+
A-

Oktyabrın 15-dən etibarən bir neçə universitetdə vahid tələbə kartı tətbiq olunacaq. Belə ki, bu tətbiq tələbələr üçün təhsil müddətində istifadə edə biləcəkləri əlavə imkanlar və güzəştlər yaradacaq. Bu kartların istifadəsi ilə bağlı bir çox suallar meydana çıxır. Xüsusən də tələbələr üçün maraqlıdır ki, onlar bu kartlardan harada və nə kimi imtiyazlarla istifadə edə biləcəklər. Biz də, mətbuat orqanı olaraq, bu suallara cavab tapmaq qərarına gəldik.

Müsahibim Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil üzrə ekspert Kamran Əsədovdur.

Kamran müəllim dedi ki, vahid tələbə kartı tələbələrə bir sıra imtiyazlar verəcək: “Yeni yaradılan tələbə kartları təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara malik olacaq. Tələbələr kartın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcək. Bu kart eyni zamanda həm tələbələrin təqaüd, həm də universitetlərə giriş-çıxış kartları olacaq. Bu, necə həyata keçiriləcək? Müqavilələr ali təhsil müəssisələri ilə imzalanır və bunun nəticəsində də siyahılar dəqiqləşdirilib Təhsilin İnkişafı Fonduna təqdim edildikdən sonra artıq üzərində tələbələrin adları, fotoşəkilləri, qoloqramaları olmaqla kartlar hazırlanır.

Güzəştlərə gəldikdə isə, bura 300-ə yaxın şirkətin müəyyən güzəşt və endirimləri daxildir. Bunlar da mədəniyyət obyektləri, idman kompleksləri və müxtəlif ticarət obyektlərindəki teatr, muzey, kinoteatr və digər mədəni obyektlərdə, idman kompleksləri və fitnes mərkəzlərində tətbiq olunacaq endirimlərdir. Eyni zamanda müəyyən kafe, restoran və kitab mağazalarında da endirimlərin təqdim ediləcəyi nəzərdə tutulur. Bu güzəştlər xüsusilə tələbələrin gündəlik xərclərini azaltmaq baxımından önəmlidir. Belə ki, təhsil üçün lazım olan materialları, dərs vəsaitlərini və texniki avadanlıqları endirimlə əldə etmək tələbələr üçün əhəmiyyətli bir dəstək olacaq, tələbələrin daha rahat və səmərəli şəkildə tədrisi mənimsəməsinə kömək edəcək”.

Kamran müəllim dedi ki, gələcəkdə bunun digər sahələrə, o cümlədən yeraltı və yerüstü nəqliyyat vasitələrinə də şamil olunacağı nəzərdə tutulur: “Hətta bununla bağlı danışıqlar da gedir. Yəqin ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapmış olacaq.

Mən bir məsələyə də toxunmaq istəyirəm. Düşünürəm ki, ilkin mərhələdə bu kartlar əyani oxuyan tələbələr üçün keçərli olacaq. Ancaq bu, təəssüf ki, qiyabi təhsil alan tələbələrin müəyyən imtiyazlardan məhrum olması deməkdir. Çünki qiyabi təhsil alan tələbələr də universitetlərin müxtəlif resurslarından və kitabxanalarından istifadə edir və onlar üçün də bu cür imtiyazların mövcud olması vacibdir. Onların da vahid tələbə kartlarından istifadə etməsinə imkan yaradılması daha inklüziv bir addım olardı. Təbii ki, bu, bütün tələbələrin təhsil hüquqlarına hörmət göstərəcək bir yanaşma kimi qiymətləndirilə bilər.

Eyni zamanda ödənişli və ya ödənişsiz əsaslarla təhsil alan tələbələr üçün də bu sahədə bərabər imtiyazlar yaradılmalıdır. Əks təqdirdə bu, onların təhsil hüquqlarının bərabərliyi məsələsində suallar yaradacaq”.

Kamran müəllim onu da qeyd etdi ki, vahid tələbə kartı ilkin mərhələdə 170 min tələbəyə şamil olunacaq: “Bilirsiniz ki, açıqlamada yalnız 11 universitetin adı çəkilir. Elə ən çox sual yaradan məqam da budur: bəs digər universitetlər? Səbəb vahid tələbə kartının yalnız Elm və Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulduğu göstərilir. Təbii ki, sonrakı mərhələlərdə təhsilin bütün pillələri üzrə, yəni peşə təhsili, orta ixtisas, kolleclər, digər dövlət və ali təhsil müəssisələrinin tələbələri də vahid tələbə kartından istifadə edə biləcəklər.

Yekun olaraq düşünürəm ki, bu, tələbələrin mənafeyini tam əhatə etməsə də, ancaq ilkin mərhələdə çox gözəl və yerində atılmış addımdır. Sadəcə olaraq, ümid edirəm ki, yuxarıda qeyd etdiyim məsələlər də yaxın zamanlarda öz həllini tapacaq”.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: