İnsanların yuxarı yaşlarda peşələrini dəyişmək arzusu haradan qaynaqlanır?
“Mən bir kouç kimi tükəndiyini hiss edən insanlara və ya peşəkar sahədə öz yerlərində olmayanlara özlərini anlamağı, müxtəlif sahələrdə özlərini sınamağı, müşahidə etməklə istədiklərini tapmağı və uğur qazanmağı təklif edərdim
Yetkinlik dövründə öz sənətini tapmaq son illərdə aktual bir məsələdir. Araşdırmalar göstərir ki, çalışanların 33%-i son 10 ildə peşəsini dəyişib və 51%-i gələcəkdə bunu etmək istəyir. İnsanların 25, 30, 40 və daha yuxarı yaşlarda peşələrini dəyişmək arzusu haradan qaynaqlanır? Əgər həyat məcbur etmirsə, bu, tükənmişlik sindromudur və ya yeni bir işə can atmaq arzusudur? Biz yeni nəsil olduğumuz üçünmü fərqli olduq, yoxsa dünya sürətlə dəyişir? Fəaliyyət sahəsini qəfil dəyişmək istəyinin arxasında nə dayanır? Tükəndiyi peşə ilə vidalaşmağa və yeni bir sənət seçmək istəyən insanlara nə məsləhət görülür? Bu suallarımı ekspertlərə ünvanladım.
“Hazırda mənim bir kouç kimi insanlarla çalışdığım zaman müşahidələrimə əsasən, səbəb çoxdur. Öncə sürətlə dəyişən dünya və yeni texnologiyalar. Müasir dünyanın yüksək rəqəmsallaşma səviyyəsi və texnologiyalar əmək bazarını sürətlə dəyişdirir. 10-15 il öncə tələb olunan ixtisaslar köhnəlmiş ola bilir və süni intellekt və ya rəqəmsal marketinq kimi yeni ixtisaslar gündən-günə əmək bazarında sürətlə artır. Bu da insanları tələbatda qalmaq və dəyişikliklərə uyğunlaşmaq üçün karyera üzrə planlarını yenidən nəzərdən keçirməyə məcbur edir. İndiki zamanda yeni ixtisaslara malik olmaq üçün imkanlar çoxdur. Bu gün təhsil və ixtisas almaq imkanları onlayn kurslara, vebinarlara və çevik proqramlara əsaslanaraq olduqca sadələşdirilmişdir. İnsanlar asanlıqla yeni biliklərə yiyələnə bilir və bu da onları ixtisaslarını dəyişməyə və ya yeni karyera yollarının axtarışına motivasiya edir”.
Bunu kouç və marketinq üzrə mütəxəssis Nəzrin Quluzadə bildirdi. Dedi ki, ixtisas dəyişiminin ən vacib səbəblərindən biri kimi, özünü realizə etməkdə və şəxsi inkişafda görür. Müasir nəslin istəyi nəinki stabilliyə, əksinə, ən çox öz potensialını reallaşdırma və işlə həyat arasındakı balansa yönəlmişdir. Çalışırlar elə işlə məşğul olsunlar ki, o iş təkcə maliyyə deyil, həm də məmnunluq cəhətdən onları qane etmiş olsun. Bu, əvvəlki nəsillərlə təzad yaradır. Çünki onlar üçün stabillik və uzun müddət eyni yerdə işləmək prioritet təşkil edirdi. Həm də karyera məfhumu dəyişmişdir. Əvvəllər insanın bir ixtisas seçməsi və ona pensiyaya qədər riayət etməsi daha qəbul edilən idi. Bu gün karyera məfhumu daha çevik dərk ediləndir. İnsanlar həyatları boyunca bir neçə ixtisasa malik ola bilərlər və bu, daha qeyri-adi hal və ya riskli sayılmır. Şübhəsiz, nəsillər arasında hələ də fərqlər mövcuddur. Müasir nəsillər, məsələn, milleniallar və Z nəsillər qeyri-qənaətbəxş işlərlə qane olmağa daha az meyillidirlər.
N.Quluzadə onu da qeyd etdi ki, tez-tez ixtisas dəyişikliyinə gətirən seçim sərbəstliyini və imkan müxtəlifliklərini daha çox qiymətləndirirlər: “Mən bir kouç kimi tükəndiyini hiss edən insanlara və ya peşəkar sahədə öz yerlərində olmayanlara özlərini anlamağı, müxtəlif sahələrdə özlərini sınamağı, müşahidə etməklə istədiklərini tapmağı və uğur qazanmağı təklif edərdim. Bunun üçün ən effektiv üsullardan biri kimi aşağıdakı texnikanı təklif edirəm: özünüzə belə bir sual verməyə cəhd edin: əgər maliyyə durumunuz yüksək və kifayət qədər pulunuz olsaydı və sizin indiki işinizə getməyə ehtiyacınız olmasaydı, siz həyatınız boyu nə ilə məşğul olardınız? Tam olaraq bu istiqaməti araşdırsanız, yəqin ki, özünüzü bu həyatda taparsınız”.
Klinik psixoloq Gülşən Rüstəmovaya görə isə, məsələ məhz ixtisas seçimindən başlayır: “Uşaqların erkən yaşda qərar verməsini istəyirik, adətən bu, 9-cu sinfi bitirəndən sonra baş verir. Bu da təxmini 14-15 yaşa təsadüf edir. Həmin yaşda uşaqların kritik dövrü olur, yeniyetmə periodunun sonlanma mərhələsi də adlandırmaq olar. Uşaqlarda baş verən həm fizioloji həm də psixoloji, dəyişikliklər onları təşvişdə, həyəcanda saxlayır. Həmin dövrdə övladlarımızdan tezliklə peşə seçimi etmələrini tələb edirik. Amma peşə seçimində biz nə qədər iştirak edirik? Bir cəmiyyət, valideyn olaraq üzərimizə düşən vəzifələri axıra kimi yerinə yetirə bilirikmi? Əsas sual buradan başlayır”.
G.Rüstəmova vurğuladı ki, peşə seçimi və peşə istiqamətinin təyin olunması təcrübə və nümunələr əsasında olmalıdır. Çünki insanlar bir peşəyə yönümünü, istiqamətini, sevgisini anlamaq, fərqində olmaq üçün onu təcrübədən keçirməlidirlər. Gizli fakt deyil ki, 10-11-ci siniflərdə uşaqlar daha çox repetitorlara üz tuturlar. Bütün günü repetitor yanında və məktəbdə keçirən uşaq vaxtını nəzəri bilikləri almağa sərf edir. Beləliklə, peşə seçimi ilə bağlı o yaşda uşaqlarda hər hansı bir təsəvvür olmur. Bu haqda onlar informasiyanı əsasən ailə üzvlərindən alırlar. Məsələn, valideynlərinin peşəsini davam etmək istəyən uşaqlar. Çünki gördükləri nümunə onlardır. Və yaxud da valideynlərin diktə etdiyi peşələrə yönəlirlər. Beləliklə, ixtisas baxımından uşaqlar bilik, bacarıq və vərdişlərə yiyələnə bilmirlər. Buna görə də peşə seçimi edən zaman uşaqlar bu çətinliklərlə üzləşirlər. Buradan başlayaraq ömrünün hansısa illərində anlayırlar ki, seçimləri heç də onlar üçün uyğun deyilmiş. Bir sözlə, məktəb təkcə nəzəri biliklər ilə kifayətlənməməlidir. Praktik biliklərə daha çox üstünlük verməliyik. Proqramlara peşə seçimi ilə bağlı əlavə dərs saatları salınmalıdır. Əlavə dərs saatlarında mütəxəssislərin iştirakı zəruridir. Öz sahəsində ixtisaslaşmış mütəxəssislər təcrübə cəhətdən ixtisası barədə uşaqları məlumatlandırmalıdır. Sinifdən xaric, məktəbdənkənar ekskursiyalar təşkil edilməlidir. Bu müəssisələrdə uşaqlar ölkəmizə lazım olan ixtisaslara həvəsləndirilməli, təcrübi bilikləri zənginləşdirməlidir.
Əfsuslar olsun ki, çox nadir hallarda məhz peşə yönümünü, peşə seçimini təyin etmək üçün mütəxəssislərə müraciət olunur. Mütəxəssislər uşaqların meyillərini, istəklərini, temperamentini, həyat şəraitini, fiziki göstəricilərini müəyyən edib onlara dəstək göstərə bilərlər.
Beynəlxalq akkreditasiyalı kouç, wellbeing ekspert Xanım Şabanova isə düşünür ki, məsələnin kökündə şəxsi fərqindəlik dayanır: “Son illər insanlar daha çox öz daxili aləmi ilə işləməyə, istəklərinin fərqində olmağa, özünü kəşf etməyə maraq göstərir. Özünü kəşf prosesində mütləq tapıntılarımız olur və bu tapıntılar bir çox hallarda bizim üçün gözlənilməz olur. Fərqində oluruq ki, 20 il çalışdığımız işimiz əslində arzusunda olduğumuz iş deyil, bizi ilhamlandırmır və ya olmaq istədiyimiz zirvə məhz bura deyil. Digər vacib məqam isə əmək bazarının sürətlə dəyişməsidir. Öz bacarıqlarımızı, işimizin imkanlarını, bizə vəd etdiyi gələcəyi əmək bazarındakı digər imkanlarla müqayisə etməyə başlayanda yaranan fərqindəlik bizi dəyişikliyə sövq edir”.
“Hər növbəti gələn nəsil öncəki nəsildən fərqli düşünür, dünyaya baxışı, gözləntiləri və tələbləri fərqlidir. Hətta deyərdim ki, gənclər həm də kifayət qədər cəsarətlidir. Məhz bu cəsarət onları daima dəyişiklik etməyə, zamanı gələndə olduğu yeri tərk etməyə və yeni çağırışlara açıq olmağa təkan verir. Əgər insan özünü tükənmiş hiss edirsə, bu hissin fərqində olmaq artıq ilk addımdır. Çünki biz bu hissin fərqində olanda çıxış yolları axtarmağa başlayırıq. Hazırda biz informasiya selinin içərisində yaşayırıq. Bu qədər məlumatı qəbul etmək, emal etmək və ancaq bizə lazım olanları saxlamaq asan deyil. Ona görə tükənmişlik bəzən bizi doğru olmayan yollara apara bilir”, - deyə X. Şabanova bildirdi.
X.Şabanova hansı işdə işləməyindən asılı olmayaraq, sənin dünyaya verəcəyin fayda önəmli olduğunu söylədi. Əgər bütün ekosistemin var olması üçün sənin verdiyin töhfənin fərqindəsənsə, həm uğurlu olacaqsan, həm də daha çox fayda verməyə can atacaqsan. Və gördüyün iş səni xoşbəxt edəcək. Biz hamımız var olduğumuz üçün dünya var, hər birimizin bu dəryada damla qədər də olsa qatqımız var.
İşini dəyişmək istəyənlərə özünə bu sualları verməyi tövsiyə edirəm: “Özümü necə iş mühitində xoşbəxt hiss edərəm?”, “O mühitdə olmaq üçün hansı addımları ata bilərəm?”, “Xəyalını qurduğum mühitdə olsam, dünya üçün necə faydalı ola bilərəm?”.
Bütün sualların cavabı məhz səndədir.
Günel RAFAYILQIZI