Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Zəhmət heç vaxt yerdə qalmır

SOCAR-ın istedadlı, perspektivli tələbələrin sosial müdafiəsini gücləndirmək məqsədilə həyata keçirdiyi daxili təqaüdə layiq görülür.

01.03.2023 12:22
46
A+
A-

Məsuliyyətli olmaq bizə çoxlu faydalar gətirir. Bu, həyatımızın istənilən sahəsində məqsədlərimizə çatmağa kömək edə bilər. Məsuliyyət bizə prinsiplər yaratmağa imkan verir və həyatımızı idarə edir. Yuxarıda sadaladıqlarımın bariz nümunəsini Humay Tahirzadənin, 25 yaşlı bir gənc qızın, həyat  hekayəsində sizə çatdırmaq istəyirəm.

Telefon etdiyimdə dəstəyi qaldırıb “alo” deməsindən, canla-başla, sevərək müsahibə verməsindən artıq hər şey bəlli idi. Necə deyərlər, “ət yeyən quş dimdiyindən bəlli olar”. Humay hələ uşaqikən bağçada təşkil olunan tədbirlərdə kiçik rollarla üzərinə düşən məsuliyyəti dərk edərək öhdəsindən məharətlə gəlirdi. Musiqi məktəbində təhsil aldığı müddətdə isə daha geniş tamaşaçı kütləsi qarşısında fortepiano ifaçısı kimi çıxış etmişdir. Bu onda özünə inam və intizam yaratmışdır. Həm musiqi məktəbini, həm də orta məktəbi “qırmızı attestat”la başa vurur. Onbirillik zəhməti onun 672 bal toplayaraq məktəb birincisi olması ilə nəticələndi. Və bu yüksək balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin         (ADNSU) Neft qaz mühəndisliyi fakültəsinə daxil oldu. Həyatın əsas həlledici mərhələsinə qədəm qoyan Humayın üzərinə düşən məsuliyyəti birəbeş artdı. Zərif cinsin mümayəndəsi olaraq yiyələnmək istədiyi peşə o qədər də asan deyildi. Amma bundan qorxmadı. Daha da əzmlə çalışmağa başladı. Dərsləri ilə yanaşı, ingilis dilini mükəmməl öyrənməyi qarşısına məqsəd qoydu və buna nail oldu. Humay universitetin ictimai həyatında da fəallığı ilə seçilirdi. Universiteti fərqlənmə diplomu ilə bitirərək, magistr pilləsi üzrə     ADNSU-nun Neft qaz yataqlarının işlənməsi fakültəsinə daxil olur. Təbii ki, buranı da yüksək qiymətlərlə bitirir.

SOCAR-ın istedadlı, perspektivli tələbələrin sosial müdafiəsini gücləndirmək məqsədilə həyata keçirdiyi daxili təqaüdə layiq görülür. Bu təqaüd onun üçün adi pul məbləği olmadı. Proqram çərçivəsində ali təhsil müəssisəsini müvəffəqiyyətlə bitirdiyi üçün SOCAR-ın qabaqcıl istehsalat sahələrində təcrübə keçməsinə şərait yaratdı. Magistr təhsili alarkən müsahibə mərhələsindən də müvəffəqiyyətlə keçən Humay paralel olaraq SOCAR-ın Neft-Qaz Layihə İnstitutunun Laya və quyudibi zonaya təsirin layihələndirilməsi şöbəsinə mühəndis vəzifəsinə qəbul olundu. Hazırda isə mühəndis-texnoloq kimi fəaliyyət göstərir.

Humay deyir ki, işlədiyim müddətdən işimə çox məsuliyyətli yanaşıram. İşə gələn kimi, birinci günün planını yazıram. Hər şeyi vaxtlı-vaxtında eləyirəm. Əlavə işlər çıxarsa, onları da çalışıram ki, vaxtında yerinə yetirəm. Boş vaxtlarım qalanda isə ixtisasım üzrə onlayn kurslara, vebinarlara qoşuluram.

Öz işinə, peşəsinə məsuliyyətlə yanaşan uğurlu gənclər heç vaxt Azərbaycan həmkarlar ittifaqlarının diqqətindən kənarda qalmır. Humay Tahirzadə də 2022-ci il il üzrə AHİK-in təsis etdiyi “İlin peşəkar gənci” fəxri adına layiq görülən gənclərdən biri oldu. Bu, uğurunu da sevinclə qarşılayan peşəkar gənc öz minnətdarlığını bildirərək dedi ki, mən heç vaxt zəhmətin yerdə qalmadığına inanmışam. Bu  fəxri ada layiq görülməyim məndə xüsusi stimul yaratdı. Çiyinlərimə əlavə məsuliyyət yüklədi.

Humay Tahirzadə, zənnimcə, hər bir Azərbaycan gəncinə  nümunə olmalıdır.

Leyla BƏHRAMQIZI

ETİKETLƏR: