Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Texnoloji inkişaf sürətlə gedir

bizə nə yeniliklər gətirəcəyi məlum deyil

10.05.2023 11:34
327
A+
A-

Son illər bir sıra ölkədə həftədə dördgünlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılır. Hətta Birləşmiş Ərəb Əmirliyində (BƏƏ), Niderlandda, Yeni Zelandiyanın, Avropanın bir neçə nəhəng şirkətində  bu sistem artıq tətbiq edilir.

Qonşu ölkələr olan Rusiya, Türkiyə və Gürcüstanda da dördgünlük iş həftəsinə keçidlə bağlı məsələlər əsas müzakirə mövzusudur. Hətta rəsmi Moskva bir neçə dəfə bəyan edib ki, həftədə 4 günlük iş rejiminə keçidlə bağlı uyğun variantlar nəzərdən keçirilir. Lakin Rusiyada 4 və ya 3 günlük iş həftəsinə keçən şirkətlər bunu maliyyə çətinliklərinə görə edirlər. Belə ki, onlar əməkdaşların iş saatı ilə bərabər, məvacibini də azaldırlar. Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyası ölkənin Əmək və Sosial Müdafiə Nazirliyinə dördgünlük iş həftəsinə keçidlə bağlı təklif göndərib. Lakin  təklifində iş günlərinin sayının azalması fonunda əməkhaqqının əvvəlki kimi qalması əsas şərt göstərilib.

 Bir çox dünya mütəxəssisləri isə, özəl qurumlar xaric, yaxın gələcəkdə iş günlərinin və ya saatlarının kütləvi şəkildə dövlət orqanlarında  azaldılmasının mümkün olmayacağını, onun yerinə distant formada, məsafədən işin görülməsinə tələbatın yaranacağını bildirirlər.

90-cı illərdən bəri müasirləşən texnologiyaların yeni fəaliyyət sahələri yaratdığının şahidi oluruq.  Mütəxəssislərin fikrincə, ştatların nəinki ixtisara düşməsi, 5-10 il ərzində  artıq bəzi sahələrdə insan əməyinə ehtiyacın qalmayacağı gözlənilir.  Belə təqdirdə yaxın gələcəkdə Azərbaycanda işçilərin 4 günlük iş həftəsinə və ya növbəli iş rejiminə  keçməsi gözlənilirmi?

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov qeyd etdi ki, Avropada bu sistem eksperiment səviyyəsindədir. Əgər eksperiment özünü doğruldarsa, əməkhaqqı saxlanılmaqla, işçi 5-6 günün iş həcmini 4 gündə yerinə yetirməklə, şirkət  daha çox qazanc götürər, işçinin isə istirahət üçün daha çox vaxtı qalmış olar. Belə ki, müəssisədə enerji sərfiyyatlarından tutmuş, digər müəyyən  xərclərə qənaət edilər. Bu, xüsusilə texnoloji şirkətlər üçün daha əlverişlidir. Onlar iş həftəsini azaltmaqla yanaşı, məsafədən, distant formada işləməyi stimullaşdırırlar. Məsələn, 100 işçini yerləşdirmək üçün 1000 kv.metrlik ofis lazımdırsa, indi tən yarısını məsafədən işlədərək 500 kv.metrlik ofislə kifayətlənirlər.

 Texnoloji inkişaf sürətlə gedir, amma nə yeniliklər gətirəcəyi məlum deyil.  Bizim mənsub olduğumuz region ölkələrdə, bütün müəssisə və təşkilatlarda yaxın 5-10 il ərzində 4 günlük iş rejiminə keçidin mümkün olacağını güman eləmirəm. Hazırda 4 günlük iş həftəsindən daha çox, online formatda işləməyə üstünlük verilir. İşçi yol xərci çəkmir, tıxac yaratmır, ev işlərinə də vaxt ayırır, özünü daha komfortlu hiss edir. Bəli, bununla bağlı yeni qərarların qəbulu gözləniləndir. Distant işləyən işçilərin əməyinin mühafizəsi məsələsinin qanunvericiliklə tənzimlənməsinə ehtiyac var. Çünki işəgötürən istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən işçini sığortalayır. Bəs işçi evdən işləyirsə necə...

Azərbaycanda 4 günlük iş həftəsinə keçidi isə kompleks şəkildə, qanunvericilik yolu ilə həll etməyi, Əmək Məcəlləsinə dəyişiklik etməyi lazımsız sayıram.  Bu, sadəcə, tövsiyə oluna bilər. Çünki kommersiya qurumları 4 günlük iş həftəsini  rahat şəkildə tətbiq edə bilər. 

Bizdə qeyri-formal əmək bazarının miqyası həddən artıq genişdir. Bu şəraitdə bütün işləyənlər üçün qısa iş həftəsindən danışmaq  hələ tezdir. İlk olaraq əmək bazarını tənzimləməli, qeyri-formallığı minimuma endirməliyik. Məsələn, aqrar sektor bütövlükdə, tikinti sahəsinin çox hissəsi və s. qeyri-formal əmək bazarına aiddir. Ölkəmizdə yüzlərlə qeyri-rəsmi əmək kollektivi var. Bunları Əmək Məcəlləsinə bir dəyişiklik etməklə nizamlamaq olmur. Mərhələli şəkildə nizama qoymaq lazımdır. Sözügedən məsələni daha sonra bəlkə eksperiment etmək olar.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: