Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ali və orta təhsilə sahib olmayan işçilər haqqında  qanunla hansı qərar verilməlidir?

Ümumiyyətlə, ölkədə nə qədər bağça və körpələr evi var? Burada çalışan işçilərin sayı nə qədərdir? Ali və orta təhsilə sahib olmayan işçilər haqqında  qanunla hansı qərar verilməlidir?

17.05.2023 12:19
116
A+
A-

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində sistemli təkmilləşdirmə işləri görülüb, işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər aparılıb. Məlum olub ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51%-nin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur. Qeyd edək ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər.

Ümumiyyətlə, ölkədə nə qədər bağça və körpələr evi var? Burada çalışan işçilərin sayı nə qədərdir? Ali və orta təhsilə sahib olmayan işçilər haqqında  qanunla hansı qərar verilməlidir? Yeni qəbul olunmuş qərara əsasən, məktəbəqədər təhsil müəssisələrinə işə qəbulun sertifikatlaşdırılması əsasında aparılması bu sahəyə  hansı yeniliklər gətirəcək? Bu və digər suallarımıza təhsil üzrə ekspert Kamran Əsədovla aydınlıq gətirməyə çalışdıq.

Hazırda Azərbaycanda 1693 uşaq bağçası və körpələr evi  fəaliyyət göstərir. Burada 18 minə yaxın işçi çalışır. 2011-ci ildə ölkə Prezidentinin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi icra hakimiyyətlərinin tabeliyinə verildi. Məqsəd həmin müəssisələrin infrastrukturunu yaxşılaşdırmaq, idarəetmədə mobilliyi təmin etmək idi. 10 il ərzində icra hakimiyyətlərinin balansında qalan bu müəssisələr, təəssüf ki, inkişaf etmədi. Xüsusən  uşaqların qəbulu və işçilərin hər hansı müsabiqə və müsahibə olmadan işə götürülməsi nəticəsində ciddi problemlər yarandı. İnfrastruktur sahəsində də elə bir yenilik olmadı. Dünya təcrübəsinə də nəzər salsaq görərik ki, təhsil sahəsində ilk sıralarda yer tutan ölkələrdə bağça məktəbin bir pilləsi, bünövrəsi sayılır. Bizdə isə bu belə deyildi. İşə qəbul prosesi şəffaf deyil, tədris resursları, demək olar ki, yox vəziyyətdə, bağçaların sayı isə, ümumiyyətlə, tələbi ödəmirdi. Müəllimlərin yarıdan çoxunun ixtisasına və ya heç bir təhsilə  yiyələnmədən, illərdir təlim-tədris prosesində iştirakı da bu sahədəki boşluqlardan irəli gələn amildir.

Lakin ölkə başçısının  2021-ci ilin dekabrında növbəti sərəncamına əsasən, uşaq bağçaları və körpələr evi yenidən Elm və Təhsil Nazirliyinin balansına verildikdən sonra bu istiqamətdə müəyyən dəyişikliklər başladı. Azyaşlıların elektron qaydada məktəbəqədər təhsil müəssisəsinə qəbulunun təşkili, bağça müəllimlərinin də sertifikatlaşdırmada iştirakı və çalışanların sahəyə uyğun təhsilinin şərt qoyulması, bu sahədə atılan addımların bariz nümunəsidir. Lakin bir nüansı qeyd edim ki, “Məktəbəqədər təhsil haqqında” qanun 2017- ci ildə qəbul edilib. Qanunun tələblərinə əsasən, uşaq bağçaları və körpələr evində mütləq şəkildə ali və orta ixtisas təhsili olan şəxslər çalışa bilərlər. Lakin məlum olduğu kimi, 2017-ci ilə kimi bu müəssisələrə qəbul edilən müəllimlər arasında hətta hər hansı bir ali təhsili olmayıb fəaliyyət göstərən müəllimlər olub. Hazırda onlar müəyyən edilib və  aidiyyəti qurum tərəfindən tədbir görülməyə başlanılır. Burada isə işçilər və işəgötürənlər arasında müəyyən  narazılıq yarana bilər. Çünki bildiyimiz kimi, ölkədə işə qəbul və işdən azad edilmə prosesi Əmək Məcəlləsinin müvafiq maddələri ilə həyata keçirilir və  Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə  əsasən, qəbul olunmuş qanunun geriyə qüvvəsi yoxdur. Yəni 2017-ci ilə kimi işə qəbul edilmiş şəxslərə həmin ildə qəbul edilmiş qanun şamil edilə bilmir. Onların işə qəbulu zamanı ali təhsil tələbi irəli sürülməyib. Hesab edirəm ki, onlara da, digər bağça müəllimləri kimi, sertifikasiyadan keçmək tələbi qoyula bilər.

Hüquqşünas Əkrəm Həsənov da bu fikirləri təsdiqlədi. Bildirdi ki,  bu şəxslərin kütləvi şəkildə  işdən azad edilmə prosesi, hesab edirəm ki, doğru addım olmayacaq. Çünki müddətsiz  bağlanıldığına görə, onların əmək müqaviləsinə xitam verilə bilməz. Əgər əmək müqaviləsi müddətli bağlanılıbsa (birillik, ikiillik), müqavilənin müddəti bitən andan işəgötürən onun müqaviləsinin müddətini uzada bilməz. 

Əsli TELMANQIZI

ETİKETLƏR: