İşğaldan azad edilən
ərazilərdə sahibkarlar üçün güzəşt tətbiq olunacaq

İşğaldan azad edilən ərazilərdə sahibkarlar üçün daha bir güzəşt tətbiq olunacaq. Artıq istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar kommunal xidmətlərə görə ödədikləri vəsaitin bir qismini geri ala biləcəklər. İşıq, qaz, su, kanalizasiya xidmətlərindən istifadə üçün büdcəyə ödənilən pulun 20 faizi geri alınacaq.
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov dedi ki, sahibkar tərəfindən ay ərzində fərqli kommunal xidmətlərin istifadəsi zamanı 1000 manat ödəniş həyata keçirilibsə, onun 200 manatı sahibkarın hesabına qayıdacaq. İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə köməkliyinin göstərilməsinə dair Prezident Fərmanına əsasən, ödənişlər aylıq hesablanacaq və sahibkarın hesabına köçürüləcək. On il nəzərdə tutulan güzəşt sahibkarların xərclərini xeyli azaldacaq. Ümumilikdə dövlət dəstəyi tədbirləri ərazidə istehsal olunan məhsulların maya dəyərini azaldaraq rəqabət qabiliyyətini artıracaq. Sahibkarların praktiki olaraq bir tərəfdən vergidən azad olması, digər tərəfdən kommunal xidmətlər üzrə kompensasiya yerli və xarici investorlar üçün Qarabağ və Şərqi Zəngəzurun biznes cəlbediciliyini artıracaq. Bu da, təbii ki, ərazilərimizin daha qısa müddətdə bərpası baxımından vacibdir.