Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Türkiyənin “Türk-İş” həmkarlar ittifaqları liderlərinin Bakı şəhərində keçirilən toplantısında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin

ÇIXIŞI

02.08.2023 11:57
12
A+
A-

- Əziz qonaqlar!

Hörmətli tədbir iştirakçıları!

Mən türkiyəli qardaşlarımızı, dəyərli həmkarlarımızı Azərbaycanda yenidən görməkdən çox məmnunam. Xoş gəlmisiniz Azərbaycana.

Fəxarətlə deyə bilərik ki, hər iki qardaş ölkənin həmkarlar ittifaqları arasında möhkəm əməkdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr getdikcə genişlənir. Bizim hər il, demək olar ki, bir neçə dəfə qarşılıqlı səfərlərimiz olur, görüşlər təşkil edirik. Bir sözlə, sıx təmasdayıq. Bu da, təbii ki, münasibətlərimizin səviyyəsini göstərir.

Dəyərli qardaşlar!

Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə bu qədər yaxın dost və qardaş olan ölkə yoxdur. Bu əlaqələr tamamilə qardaşlıq prinsiplərinə söykənib və tarixin sərt sınaqlarından üzüağ çıxaraq bugünkü zirvəyə ucalıb. Tarix də təsdiqləyir ki, hər iki qardaş ölkə dar gündə də, şad gündə də hər zaman bir yerdə olub. Bunu şərtləndirən amillərdən ən başlıcası isə eyni soya, eyni kökə və dilə, dinə malik olmağımızdır. 1918-ci ildə dövlət müstəqilliyini əldə edən Azərbaycan ilk müqaviləsini məhz Osmanlı dövləti ilə imzaladı. Bununla da Azərbaycanın müstəqilliyini ilk olaraq Osmanlı dövləti tanımış oldu. Həmin vaxt Bakı şəhəri işğal altında idi. Nuru Paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak qüvvələrindən azad etdi.

Həmçinin nəzərinizə çatdırım ki, ümumilikdə Türk dünyasının parlaq zəfəri hesab olunan Çanaqqala döyüşlərində minlərlə azərbaycanlı öz doğma qardaşlarına dəstək olub. Azərbaycan xalqının xeyriyyəçi övladları Anadoluda Milli Mübarizə Hərəkatına maddi və mənəvi kömək göstəriblər, könüllü olaraq yüzlərlə azərbaycanlı döyüşlərdə iştirak edib, böyük şücaət göstərərək qəhrəmancasına şəhid olublar. Bütün bunlar bizim qardaşlıq münasibətlərimizin tarixi köklərini göstərir.

Azərbaycan-Türkiyə qardaşlığının ən parlaq səhifəsi 44 günlük Vətən müharibəsi dövründə yazıldı. Əks-hücum əməliyyatları başlayan ilk saatlardan cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türk xalqının bizi dəstəkləməsi, sözün həqiqi mənasında, təmənnasız qardaşlığın böyük təntənəsi idi. Türkiyənin dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Hər bir ərazimiz işğaldan azad olunanda Türkiyənin hər yerində bu xəbəri bayram sevinci ilə qarşılayır, şəhidlərimizə bizim qədər kövrəlirdilər. Bu, tarixə düşmüş böyük qardaşlığın əyani əlamətidir.

Hörmətli tədbir iştirakçıları!

Beynəlxalq platformalarda da hər iki qardaş ölkənin liderləri həmrəylik nümayiş etdirirlər. Belə ki, 2014-cü ildə Prezident İlham Əliyevin Praqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin 5 illiyinə həsr olunan plenar iclasında Sarkisyana verdiyi cavab hələ də çoxlarının yaddaşından çıxmayıb. İşğalçı ölkənin rəhbəri sammitdə Türkiyənin iştirak etməməsindən istifadə edib rəsmi Ankaranın ünvanına qərəzli ifadələr işlətdi. Cənab İlham Əliyev bunu sərt qarşılayaraq “Türkiyə rəhbəri burada yoxdursa, mən burdayam” deyərək təcavüzkar dövlətin başçısına layiqli cavab verdi. Həmçinin cənab Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışında Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi barədə söhbət açaraq bildirib ki, Azərbaycan öz qanuni müdafiə hüququndan istifadə edərək və BMT Təhlükəsizlik Şurasının icra edilməmiş qətnamələrini həyata keçirərək öz torpaqlarının işğalına son qoyub. Bu dəstək iki qardaş ölkənin sarsılmaz münasibətlərinin göstəriciləridir.

Hörmətli həmkarlar!

15 iyun 2021-ci il tarixi isə Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Bu günü əlamətdar edən bir sıra məqamlar var. Belə ki, müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Təsadüfi deyil ki, Qarabağın ilk qonağı da məhz qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. Qarabağın beşiyi, mənəvi dəyərimiz olan Şuşa şəhərində Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalandı. Bu tarixi anı unudulmaz edən digər bir məqam isə Şuşa Bəyannaməsinin imzalanmasının Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi idi. 1921-ci il tarixli Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan Türkiyə 100 ildən sonra imzalanan Şuşa Bəyannaməsi ilə bütövlükdə Azərbaycanın, ümumilikdə isə regionun təhlükəsizliyinin zəmanəti qismində çıxış edir.

Ölkələrimiz arasında iqtisadi əlaqələrə gəldikdə nəqliyyat və enerji sektorunda keçirilən layihələrin rolunu xüsusi qeyd etmək lazımdır. Türkiyə Azərbaycanın iqtisadiyyatına kifayət qədər investisiyalar yatırıb. Bu investisiyaların həcmi 1995-2021-ci illər ərzində 13,3 milyard ABŞ dolları təşkil edib. Hazırda ölkəmizdə sənaye, telekommunikasiya, bank və sığorta, inşaat kimi sahələrdə də müxtəlif türk şirkətləri fəaliyyət göstərir. Azərbaycanın Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran dövlətlərdən biri olması və bu investisiyalardakı mühüm artım da təsadüfi deyil. Belə ki, Türkiyədə Azərbaycan sərmayəli 2000-ə yaxın şirkətin fəaliyyət göstərməsi bunu bir daha təsdiqləyir. 1995-2021-ci illər ərzində Azərbaycandan Türkiyəyə yatırılan birbaşa investisiyaların həcminin isə 20,3 milyard ABŞ dolları dəyərində olması bunun təzahürüdür. Qardaş ölkə ilə 2022-ci ildə Azərbaycanın ticarət dövriyyəsinin həcmi 5 milyard 842 milyon dollar olub. 2022-ci ildə Azərbaycanın qeyri-neft məhsullarının ixracatı 3 milyard 47.7 milyon təşkil edib ki, bunun da 713 milyon 704 min dolları Türkiyənin payına düşür.

İqtisadi əlaqələrdən söz düşmüşkən qeyd edim ki, Azərbaycan  və Türkiyənin birgə səyləri sayəsində bir neçə nəql marşrutunun yaradılması iki ölkə arasında enerji sektorunda fəal əməkdaşlığın göstəricisidir.  Ötən əsrin 90-cı illərinin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəql marşrutlarının şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu kəmər Azərbaycan neftinin Avropa bazarlarına daşınması üçün əsas nəql marşrutudur. Əlamətdar haldır ki, Bakı-Tbilisi-Ceyhandan digər ölkələr də faydalanırlar. 2007-ci ildə Azərbaycan və Türkiyənin iştirakı ilə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara buraxıldı.

TANAP-ın adını isə xüsusi vurğulamaq istərdim. Bu layihə Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük önəm daşıyır. TANAP xətti 2020-ci ilin əvvəlindən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə qoşuldu və təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdırır. Bütün bunlar göstərir ki, Türkiyə Azərbaycanın əvəzsiz siyasi tərəfdaşı olmaqla yanaşı, həm də mühüm iqtisadi tərəfdaşıdır.

Əziz qonaqlar!

Hazırda işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağda sürətli və sistemli abadlıq-quruculuq işləri aparılır. Bu işlərdə Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Yeri gəlmişkən xatırladım ki, həm Füzuli rayonunda, həm də Zəngilanda beynəlxalq hava limanlarının açılışı olub. Hər iki açılış mərasimində dost və qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı, Prezident İlham Əliyevlə bərabər hava limanının rəmzi açılışını bildirən lenti kəsməsi bir daha bəyan edir ki, Azərbaycan və Türkiyə dar gündə də, şad gündə də biri-birinin yanındadır.

Mən böyük ürək ağrısı ilə bu ilin fevral ayında Türkiyənin Kahramanmaraş şəhərində baş verən dəhşətli zəlzələni xatırlatmaq istərdim. Minlərlə bacı və qardaşlarımızı itirdik, körpə balaları itirdik. Həmin vaxt Türk xalqı daha dözümlü və mətin oldu. Dövlətin ətrafında birləşərək təbii fəlakətin bütün fəsadlarının aradan qaldırılmasına səfərbər oldular. Diqqətinizə çatdırım ki, baş verən hadisənin xəbəri ölkəmizə çatan kimi, Azərbaycan öz həmrəyliyini nümayiş etdirdi. Dövlətimizin başçısı cənab   İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi və bildirdi ki, hər cür yardım göstərməyə hazırıq. Ardınca telefonla zəng edərək ölkəmizin Türkiyənin dərdinə şərik olduğunu çatdırdı. Həmçinin Prezident        İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində oldu, qardaş ölkəyə bir daha başsağlığı verdi. Zəlzələ bölgəsinə Azərbaycandan xilasedicilər, tibbi heyət, eləcə də ləvazimatlar, avtomobillər, modul səhra hospitalları, yardım vasitələri, çadırlar, yataq dəstləri göndərildi. Bu tədbirlərdə Heydər Əliyev Fondu yaxından iştirak edirdi. Fondun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə humanitar yardımlar zəlzələdən ziyan çəkənlərə çatdırıldı. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bu missiyadan kənarda qalmadı. Orada evsiz-eşiksiz qalmış insanlar üçün 10 ədəd modul tipli ev göndərdik, həmçinin 500 min manat maddi dəstək göstərdik. Yeri gəlmişkən, qeyd edim ki, qardaş ölkədə 2021-ci ildə baş vermiş meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədilə də Türkiyənin həmkarlar ittifaqlarına maliyyə dəstəyi göstərmişdik. Hazırda Azərbaycan dövləti Kahramanmaraşda min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin tikintisini həyata keçirir.

Bütün bu qeyd etdiklərim yalnız qardaşlıq duyğularının təcəssümüdür. Tarixən belə olub, ində də belədir, heç kimdə şübhə yoxdur ki, bu, gələcəkdə də belə olacaq.

Hörmətli tədbir iştirakçıları!

Türkiyə qüdrətli və demokratik ölkədir. Bu il orada baş tutan parlament və prezident seçkiləri qardaş ölkədə dərin kök salan demokratiyanı bir daha göstərdi. Və sübut etdi ki, Türkiyə cəmiyyəti son dərəcə demokratdır, bu ölkənin vətəndaşları yüksək siyasi mədəniyyətə sahibdir. Seçkilərə hazırlıqlar başlayandan prosesin sonunadək bütün işlər qanun çərçivəsində, demokratik prinsiplər üzərində quruldu, türkiyəli qardaşlarımız sərbəst şəkildə öz seçimlərini etdilər. İnanırıq ki, cənab Rəcəb Tayyib Ərdoğan bundan sonra da müdrik idarəçiliyi ilə Türkiyəni daha da inkişaf etdirəcək.

Dəyərli qonaqlar!

Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi dostluq, əməkdaşlıq və qardaşlıq münasibətləri həmkarlar ittifaqları sistemində də mövcuddur. Dostluğumuzun davamlılığı və yaranmış qarşılıqlı inam iki ölkənin həmkarlar ittifaqlarının və işçilərinin xeyrinə olmaqla yanaşı, sıx əlaqələrin qurulmasına xidmət edir. Həmkarlar ittifaqlarının nümayəndə heyətlərinin təşkilatların qurultaylarında qarşılıqlı iştirakları, rəhbər səviyyəsində mütəmadi görüşlər dostluğumuzu daha da gücləndirir.

Dövlətlərimiz arasında münasibətlər necədirsə, biz bu əlaqələri həmkarlar ittifaqları arasında inkişaf etdirməyə çalışırıq. Xüsusilə qeyd edim ki, mütəmadi olaraq təşkil olunan qarşılıqlı səfərlərdə geniş fikir və təcrübə mübadilələri aparırıq, mövzusundan asılı olmayaraq, istənilən məsələlərdə bir-birimizə dəstək oluruq. Həmçinin iki ölkənin həmkarlar ittifaqları arasında əməkdaşlığa dair bir sıra vacib sənədlər imzalanıb. Bu sənədlər də münasibətlərimizin dərinləşməsində hüquqi baza rolunu oynayır. Mən dövlətimiz və təşkilatımız üçün əlamətdar günlərdə türkiyəli həmkarlarımızdan hər dəfə təbrik məktubları alıram. Eləcə də eyni məqsədlə qardaşlarımıza təbriklər ünvanlayırıq. Biz çalışacağıq ki, əlaqələrimiz bundan sonra da dinamik inkişaf etsin. Bu əlaqələr təkcə konfederasiyalarımız arasında yox, həm də sahə həmkarlar ittifaqları arasında, hətta yerli həmkarlar ittifaqı səviyyəsində də təmin olunsun və inkişaf etdirilsin.

Hər birinizə dərin təşəkkür edir, tədbirin işinə uğurlar arzulayıram.

Diqqətinizə görə çox sağ olun.   

ETİKETLƏR:

Foto