Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycanda orta temperatur artımı

qlobal səviyyədən daha sürətlidir

02.08.2023 14:26
48
A+
A-

İqlim dəyişmələri qlobal problemdir və mütəxəssislərin qənaətinə görə, son vaxtlar insan fəaliyyəti ilə daha da ciddi şəkil almağa başlayıb. Sözsüz ki, təbii baş verən amillər də var. İqlim dəyişikliyi dedikdə yer üzərində olan orta istiliyin hər il daha da artması və mövcud olan, bəşərin öyrəşdiyi hava şəraitinin ciddi şəkildə dəyişməsi nəzərdə tutulur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev dedi ki, qlobal iqlim dəyişmələri son 30 ildə özünü daha kəskin büruzə verməyə başlayıb. Bu, qlobal səviyyədə orta temperaturun 1 dərəcədən çox artması, yağıntıların quraq ölkələrdə azalması, təhlükəli hidrometeoroloji hadisələrin kəskinlik dərəcəsinin və tezliyinin artması ilə özünü göstərir: “İqlim dəyişmələrinin əsas səbəbi odur ki, sənaye ölkələri tərəfindən atmosferə parnik qazlarının, xüsusilə karbon, metan və digər qazların atılması qlobal səviyyədə temperaturun artmasına gətirib çıxarmışdır ki, bu da havaların isti keçməsi, su qıtlığı ilə özünü büruzə verir. Şimal ölkələrində isə buzlaqların əriməsi və okean sularının səviyyəsinin artması daha çox ərazilərin su basması halları ilə nəticələnmişdir. Ona görə də hələ ötən əsrdə bu cür antropogen iqlim dəyişmələrinə gətirən amillərin təsirini nəzərə almaq üçün Kioto protokolu (qlobal istiləşmə və iqlim dəyişikliyi mövzusunda mübarizə aparmağa yönəlik tək beynəlxalq protokoldur) qəbul edilmişdir. Eyni zamanda 2016-cı ildə Paris razılaşması, daha sonra isə bu yaxınlarda Qlazqo razılaşması kimi razılaşmalar olmuşdur ki, bu da iri sənaye ölkələri olan ABŞ, Çin, Rusiya, Yaponiya və sairə tərəfindən atmosferə atılan zərərli qazların miqdarının azalması ilə bağlı öhdəliklərin qəbul edilməsi və yerinə yetirilməsidir. Burada əsas məqsəd temperaturun 1,5 dərəcə selsidə, əgər bu, mümkün deyilsə, maksimum 2 dərəcə selsiyədək artımını saxlamaqdır.

Düzdür, ölkəmizdə atmosferə o qədər böyük miqdarda zərərli qaz buraxılmır. Ancaq iqlim dəyişləmələrinə gətirə bilən zərərli  qazların miqdarının tənzimlənməsi istiqamətində ölkəmiz də öz üzərinə öhdəlik götürüb. Məsələn, biz həmin o qazların miqdarının 35 faizə qədər azalması məsələsini qarşıya qoymuşduq. Enerji istehsalında mazutun əvəzinə, təbii qazdan, bərpa olunan enerji mənbələrindən istifadə etməklə öhdəliyimizin yerinə yetirilməsində müəyyən irəliləyişlərə nail olmuşuq. Qlazqo sazişində, beynəlxalq qurumlarla əməkdaşlıq etməklə, havaya buraxılan zəhərli qazların həcminin hətta 35 faizdən 40 faizədək azaldılması təklifini də irəli sürmüşük. Bundan başqa, Azərbaycan BMT-nin inkişaf proqramı ilə əməkdaşlıq edərək milli iqlim dəyişmələrinə uyğunlaşma planını hazırlayır. Ölkəmiz BMT-nin “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası” ilə tərəfdaşlıq edir. Konvensiya həm iqlim dəyişmələrinə gətirə biləcək səbəbləri azaltmağı, həm də uyğunlaşmanı qarşıya məqsəd qoyub. Uyğunlaşma dedikdə, iqlimə daha uyğun kənd təsərrüfatı məhsulları yetişdirmək nəzərdə tutulur. Buna nail olmaqla bəşəriyyət gələcəkdə baş verə biləcək iqlim dəyişmələrinin insanlara mənfi təsirini qismən azaltmaq imkanı qazanar.

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli dedi ki, plansız sənayeləşmə, plansız tikintilər, meşə yanğınları, meşələrin qırılması, ətraf mühitə tullantıların atılması və sairə problemi bir az da artırıb: “Təkcə atmosferə buraxılan zərərli qazlardan deyil, su ehtiyatlarımızın azalmasından da danışmalıyıq. Bu gün biz transsərhəd suları hesabına faydalanırıq. Bir azdan o sulardan da məhrum olacağıq. Çünki həmin ölkələrdə də artıq su qıtlığı yaranır. Ona görə də əlimizdə olandan səmərəli istifadə etməliyik. Bundan başqa, şəhərləşmə prosesinə diqqət etməliyik, şəhərlərdə məskunlaşma düzgün aparılmalıdır. Bir şəhərə bu qədər adam yerləşməməlidir, Bakı böyük bir şəhər deyil. Universitetlərimizi regionlara daşımalıyıq, orada kampuslar qurmalıyıq. Bu həm təbiətimizə faydalı olacaq, həm də insanlarımızın yerləşim yerlərinin qismən proporsional aparılmasına səbəb olacaqdır. Dünyanın digər inkişaf etmiş ölkələrində də bu proses gedir, orada da qlobal istiləşmənin təsirini görürük. Ancaq insanlar o qədər də narahat deyillər. Çünki bilim insanları orada yaşıl enerjiyə (günəş və külək enerjisi) daha çox üstünlük verirlər”.

Qorxmaz müəllim bir məsələyə də aydınlıq gətirdi. Dedi ki, Ermənistanın Azərbaycanla sərhəddə tikintisini apardığı metallurgiya zavodu sərhədyanı bölgədə görünməmiş ekoloji zərərlərə səbəb ola bilər: “Biz ekoloji təşkilatlar olaraq bu məsələ ilə bağlı öz etirazımızı həm Ermənistanın baş nazirinə, həm də müxtəlif beynəlxalq təşkilatlara müraciət göndərərək bildirmişik. Ermənistan belə bir addım atmamışdan öncə Azərbaycan hökuməti ilə razılaşmalı idi. Təbii ki, bu zavodun fəaliyyəti bizə yetərincə zərər verəcək: həm su, həm də hava yolu ilə. Su yolu ilə axıb gedəcək Araz çayına, ya da yeraltı sular vasitəsilə Naxçıvana. Hətta onu deyim ki, Araz çayına axarsa, Xəzərin aşağı axarlarına qədər gəlib çıxa bilər. Bu baxımdan Ermənistan tərəfi Azərbaycanın tələblərinə biganə yanaşmamalıdır”.

“İqlim dəyişikliklərinin maliyyə və bank sektoruna təsiri” mövzusunda dissertasiya müdafiəçisi, İngiltərənin Sussex Business məktəbinin məzunu Kənan Məmmədov məsələyə münasibət bildirərək dedi ki, iqlim dəyişikliyi ilə mübarizə xarakterinə görə iki qrupa bölünür: mitiqasiya və adaptasiya. Mitiqasiya daha çox təsirlərin qarşısının alınması və azaldılması kimi, adaptasiya isə artıq baş vermiş zərərlərin təsirinin aradan qaldırılması kimi xarakterizə olunur: “Bunu belə izah edim. Neft ölkələrində istehsalla bağlı qlobal iqlim dəyişikliyi ilə mübarizədə effektivliyin artırılması, sənayedə istifadə edilən suların filtirasiyası, yaşıl enerjiyə keçid, tullantıların təkrar emalı və idarəolunması kimi önləyici və təsir azaldıcı tədbirlər görülür. Bu, mitiqasiyadır. Adaptasiya tədbirləri isə neftlə çirklənmiş ərazilərin yenidən bərpası, meşə zolaqlarının salınması, əhali arasında maarifləndirmə aparılması işlərini əhatə edir”.

K. Məmmədov dedi ki, beynəlxalq təşkilatların məlumatına görə, ətraf mühitə buraxılan zərərli qazların 0.15%-i Azərbaycanın payına düşür. Burada əsas pay 79% olmaqla enerji sektorunun, 14% isə kənd təsərrüfatına məxsusdur: “Eyni zamanda mənbə onu da bildirir ki, Azərbaycanda orta temperaturun artım tempi qlobal səviyyədən daha sürətlidir”.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: