Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Fiziki şəxs öz hərəkətlərinin mənasını başa düşmürsə, o, törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyırmı?

Sadiq MƏMMƏDLİ,

02.08.2023 15:04
21
A+
A-

Fiziki şəxs öz hərəkətlərinin mənasını başa düşmürsə, o, törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyırmı?

Sadiq MƏMMƏDLİ,

Bakı şəhəri, Binəqədi rayonu.

 

- Mülki Məcəllənin 1107-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli fiziki şəxs və ya on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayan öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə mülki hüquq pozuntusu törətdikdə vurduğu zərər üçün məsuliyyət daşımır.

Əgər zərərçəkənin həyatına və ya sağlamlığına zərər vurulmuşdursa, məhkəmə zərərçəkənin və zərərvuranın əmlak vəziyyətini, habelə digər halları nəzərə almaqla, zərərin əvəzini tamamilə və ya qismən ödəmək vəzifəsini zərərvuranın üzərinə qoya bilər.

Mülki hüquq pozuntusu törətmiş şəxs spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməklə və ya başqa üsulla özünü hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətə özü gətirdikdə məsuliyyətdən azad edilmir.

Əgər psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilməyən şəxs mülki hüquq pozuntusu törətmişdirsə, məhkəmə zərərin əvəzini ödəmək vəzifəsini həmin şəxslə birlikdə yaşayan, zərərvuranın psixi pozuntusundan xəbərdar olmuş, lakin onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsini qaldırmamış arvadının (ərinin), valideynlərinin, yetkinlik yaşına çatmış uşaqlarının öhdəsinə qoya bilər.

 

On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi mülki hüquq pozuntusu üçün kim məsuliyyət daşıyır?

Məhəmməd VƏLİZADƏ,

Xırdalan şəhəri.

 

- Mülki Məcəllənin 1103-cü maddəsinə əsasən, on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar.

Əgər qəyyumluğa möhtac azyaşlı müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun qəyyumu olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə azyaşlının vurduğu zərərin əvəzini, əgər zərərin müəssisənin təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, ödəməyə borcludur.

Əgər azyaşlı sosial xidmət müəssisələri və ya ona nəzarət etməyə borclu olan digər müəssisənin və ya müqavilə əsasında nəzarət edən şəxsin nəzarəti altında olduğu dövrdə zərər vurmuşdursa, həmin müəssisə və ya şəxs, zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərər üçün məsuliyyət daşıyır.

Valideynlərin (övladlığa götürənlərin), qəyyumların sosial xidmət müəssisələri və digər müəssisələrin azyaşlının vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə azyaşlı yetkinlik yaşına çatdıqda və ya zərərin əvəzini ödəmək üçün yetərli əmlak əldə etdikdə xitam verilmir.

Əgər valideynlər (övladlığa götürənlər), qəyyumlar ölmüşlərsə və ya zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək üçün yetərli vəsaitə malik deyildirlərsə, tam fəaliyyət qabiliyyətli olmuş zərərvuranın isə bu cür vəsaiti vardırsa, məhkəmə zərərçəkənin və zərərvuranın əmlak vəziyyətini, habelə digər halları nəzərə almaqla, zərərin əvəzinin tamamilə və ya qismən zərərvuranın özünün hesabına ödənilməsi barədə qərar qəbul edə bilər.

 

Kredit müqaviləsi üzrə öhdəlik götürən borcalanla borcverən arasında borcun ödənilməsi hansı hallarla   şərtləndirilir?

Səba ƏLİYEVA,

Ağcabədi rayonu.

 

- Mülki Məcəllənin 390.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilə bağlaya və müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Odur ki, hər bir şəxs kredit götürmək üçün respublikamızda fəaliyyət göstərən banklara və bank olmayan kredit təşkilatlarına müraciət edərək müəyyən girov və ya əməkhaqqı müqabilində onlarla müqavilə bağlayır.

Borcalanla borcverən arasında imzalanaraq bağlanmış müqavilə hər iki tərəfin razılaşdırılmış iradə ifadəsidir.

Mülki Məcəllənin 399-cu maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Hər hansı bir tərəf müqavilə şərtlərini pozduqda, digər tərəf qanunvericiliyin müəyyən etdiyi qaydada məhkəməyə müraciət edə bilər.

MM-in 421.1. maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılığı ilə mümkündür.

Borcun ödənilməsi MM-də və müqavilədə nəzərdə tutulan hallar, bankın kredit siyasəti, zaminlik, kredit götürmək üçün girovun qoyulması, ölmüş şəxsin miras qoyması  (hər hansı bir əmlakın olması) və bağlanmış müqavilənin məzmunu ilə şərtləndirilir.

ETİKETLƏR: