Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Multikulturalizm və Azərbaycan

“Bakı prosesi” kimi yadda qalan, Azərbaycan və dünya multikulturalizm tarixinə həkk olan 2008-ci il Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı da belə tədbirlərdən biridir.

15.08.2023 19:59
32
A+
A-

Azərbaycan dünyada bəlkə də yeganə ölkədir ki, burada vətəndaşlar milli-etnik, mənsubiyyətinə, irqinə, inancına görə fərq qoyulmur. Bu həqiqətə əmin olmaq üçün Respublika Prezidenti İlham Əliyevin “multikulturalizmin alternativi yoxdur...” fikrini əsas götürərək, millətlərarası bağların möhkəmlənməsi naminə Azərbaycanın təşəbbüsü ilə atılan addımları nəzərdən keçirmək kifayət edər. Ötən əsrin 90-cı illərində müstəqillik qazanan Azərbaycanda müəyyən qarışıqlıq və idarəsizlik dövrünün ardından multikulturalizm ideologiyasının yenidən bərpa edilməsi məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı sayəsində mümkün oldu.

Prezident İlham Əliyev də bu məqamı dövlət idarəçiliyinin prioritet sahələrindən biri kimi qəbul etmiş və multikulturalizmin nəinki Azərbaycanda, o cümlədən dünyada inkişafı naminə əvəzsiz xidmətlər göstərmişdir. Ölkə başçısı demişdir: “Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir”.

Ölkəmizdə bu istiqamətdə bir sıra nüfuzlu beynəlxalq tədbirlər həyata keçirilmişdir. “Bakı prosesi” kimi yadda qalan, Azərbaycan və dünya multikulturalizm tarixinə həkk olan 2008-ci il Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı da belə tədbirlərdən biridir.

Konfransa Azərbaycanın təklifi ilə ilk dəfə olaraq 10 İslam ölkəsi də dəvət edildi. Bununla da beynəlxalq aləmdə yeni bir formatın əsası qoyuldu. Həmin konfransda Azərbaycanın təşəbbüsü ilə bir ilk yaşandı. Belə ki, “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edildi.

2009-cu ildə Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransı keçirildi. Yenə Azərbaycanın təşəbbüsü ilə İslam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövləti bu konfransa dəvət edildi. Konfrasın ilk günü daha bir əlamətdar hadisə ilə yadda qaldı.

Avropa Şurasına üzv olan dövlətlər və İslam Konfransı Təşkilatına üzv olan ölkələr arasında “Mədəniyyətlərarası dialoq” adlı “dəyirmi masa” keçirildi və birgə kommunike qəbul edildi. Növbəti il BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Prezident İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü qəbul edildi.

Bakıda 2011-ci ildən etibarən 5 dəfə “Bakı prosesi”nin inkişafı çərçivəsində Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. 2011-ci ildəki I Mədəniyyətlərarası Dialoq Forumunda 102 ölkənin 500-ə yaxın nümayəndəsinin iştirakı ilə multikultural əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılmışdır. “Ortaq dəyərlərdə birləşmək, mədəni müxtəliflik ilə zəngin olmaq” təşəbbüsü isə konfransın əsas müddəası idi. Bu müddəanı oxuyarkən Heydər Əliyevin illər əvvəl səsləndirdiyi “Dövlət, ölkə nə qədər xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” sözlərini xatırlamamaq olmur. Tarix onu göstərir ki, Ümummilli Liderin ideologiyası nəinki Azərbaycana, həm də dünyaya doğru istiqamət verəcək parlaq fikirlərlə zəngin idi.

2015-ci ildə Bakıda keçirilmiş III Mədəniyyətlərarası Dialoq Forumunun əsas müzakirə mövzusu “2015-ci ildən sonrakı dövr üçün davamlı inkişaf gündəliyi” oldu. 2017-ci ildə Bakıda sayca dördüncü belə forum təşkil edildi. “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusu forumun istinad nöqtəsi idi. 2019-cu ildə baş tutan V forum da eyni amala xidmət edirdi. Burada əsas məqsəd ölkələrin və təşkilatların müxtəliflikləri, dialoq və qarşılıqlı anlaşmanı dəstəkləməsi üçün şərait yaratmaq və bunu təbliğ etmək idi.

Qeyd edək ki, VI Forumun 2024-cü ilin may ayında Bakıda keçirilməsi üçün hazırlıq işlərinə artıq başlanılıb. Forumun ənənəvi olaraq əsas tərəfdaşlar, o cümlədən UNESCO ilə birgə təşkil edildiyini nəzərə alaraq deyə bilərik ki, bu, ölkəmizlə nüfuzlu beynəlxalq təşkilatlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi baxımından da olduqca vacibdir.

Beləliklə, bütün bu faktlar bir daha onu göstərir ki, Azərbaycan dünyada etnik, irqi, dini və o cümlədən mədəni fərqliliklərin düzgün qiymətləndirilməsi prosesinə istiqamət verən önəmli ölkələrdən biridir. Bu istiqamətin daha da inkişaf etdirilməsi üçün respublikamızda davamlı olaraq işlər görülür. 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycanda mədəni, dini fərqliliklərin öyrənilməsi, müxtəlif bölgələrə aid mədəniyyələrin bir-birinə təmas dərəcəsinin müəyyən edilməsi, tolerant əsasların qorunması və bir çox başqa sahədə müstəsna fəaliyyəti var.

Bu gün əminliklə söyləmək olar ki, Azərbaycan milli, mədəni, dini, irqi müxtəlifliklərə sahib olan bir çox xalqın sülh və sosial bərabərlik şəraitində yaşadığı tolerant, o cümlədən müasir respublikadır.

 

İmran ƏLİYEV

 

ETİKETLƏR: