Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Uşaq üç yaşına çatana kimi haqqı qismən ödənilən analıq məzuniyyətində olmuşam. Eşitdiyimə görə, 2013-cü ildən uşaq 5 yaşına çatana qədər haqqı ödənilməməklə (ödənişsiz məzuniyyət) verilir. Bu məzuniyyətdən necə istifadə edə bilərəm?

Ödənişsiz məzuniyyətlərin verilməsi də Əmək Məcəlləsi ilə tənzimlənir. Bu məzuniyyətdən istifadə etmək isə bütün işçilərin hüququdur.

22.08.2023 21:08
56
A+
A-

Uşaq üç yaşına çatana kimi haqqı qismən ödənilən analıq məzuniyyətində olmuşam. Eşitdiyimə görə, 2013-cü ildən uşaq 5 yaşına çatana qədər haqqı ödənilməməklə (ödənişsiz məzuniyyət) verilir. Bu məzuniyyətdən necə istifadə edə bilərəm?

 

Səbinə ƏŞRƏFOVA,

Bakı şəhəri.

 

- Əmək Məcəlləsinin 127- ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.

Ödənişsiz məzuniyyətlərin verilməsi də Əmək Məcəlləsi ilə tənzimlənir. Bu məzuniyyətdən istifadə etmək isə bütün işçilərin hüququdur.

Ödənişsiz məzuniyyətlərin işçilərin xahişi ilə verilməsi Əmək Məcəlləsinin 130-cu maddəsi ilə tənzimlənir.

 Maddənin “a” bəndində uşaq dörd yaşına çatanadək valideynlərdən birinə, yaxud uşağa bilavasitə qulluq edən ailənin digər üzvünə ödənişsiz məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. Lakin bu müddətdə ödənişsiz məzuniyyətin verilməsi üçün qulluğa ehtiyacı olan uşağın xroniki xəstəliyə tutulmasını təsdiq edən həkim məsləhət komissiyasının rəyi olmalıdır. Yəni uşağın dörd yaşı tamam olanadək verilən ödənişsiz məzuniyyətdən başqa hallarda istifadə etməyi qanunvericilik nəzərdə tutmur.

Bu yaş həddinin 2013-cü ildən artırılıb qulluğa ehtiyacı olan uşağın 5 yaşı olanadək müddətə ödənişsiz məzuniyyətin verilməsi barədə Əmək Məcəlləsinin müvafiq maddəsində heç bir dəyişiklik və əlavələr edilməmişdir.

Lakin onu da qeyd etmək istəyirik ki, çalışdığınız müəssisədə əgər kollektiv müqavilə bağlanmışdırsa, ola bilər ki, uşağa qulluq etməyə görə ödənişli və ya ödənişsiz əlavə məzuniyyətlər nəzərdə tutula bilər.

Məhz ona görə də işlədiyiniz idarədə kollektiv müqavilənin olub-olmaması ilə maraqlanmağınız tövsiyə olunur.

 

Etibarnaməyə xitam verilməsinin hansı hüquqi nəticələri olur?

    

Müşfiq BABAYEV, Biləsuvar rayonu.

 

- Mülki Məcəllənin 366-cı maddəsinə əsasən, etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi,etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması əsaslarına görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur.

Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.

 Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar.

Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür.

 

Ölüm harada qeydə alınır?

 

Bəşir HƏSƏNOV,

Bakı şəhəri.

- Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm ölmüş şəxsin yaşamış olduğu yerdə, ölümün baş verdiyi yerdə bu barədə məlumat verən şəxsin seçdiyi və ya ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir.

Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

ETİKETLƏR: