Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Erkən və məcburi nikah

sosial həyatın aktual problemi kimi”

30.08.2023 10:00
14
A+
A-

Erkən və məcburi nikah məsələsi sosial problem kimi dünyada aktuallıq kəsb edir. Təcrübəyə nəzər saldıqda görürük ki, bir çox ölkə, xüsusilə müsəlman dövlətlərində bu problem daha çox qabarıq müşahidə olunur. Təbii ki, burada din faktoru da mühüm rol oynayır.

Ölkəmizdə də erkən nikah və onun fəsadları diqqətçəkən mövzudur. Zaman-zaman bu fəsadların səbəb olduğu faciələr, problemlər haqqında danışılıb, bu gün də müzakirələr davam etdirilir. Araşdırmalar nəticəsində bəlli olur ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir.

Mən bu yazıda səbəblərdən biri - erkən nikah probleminin yaranmasında və davam etməsində gender bərabərsizliyinin roluna toxunmaq istəyirəm.

Gender bərabərliyi qadınların və kişilərin, oğlanların və qızların bərabər hüquqları, vəzifələri və imkanları deməkdir. Bərabərlik kişiləri və qadınları eyniləşdirmir, əksinə, onların fərqli ehtiyaclarını, prioritetlərini və maraqlarını nəzərə almağı tələb edir. Azyaşlı qızların valideynləri tərəfindən erkən nikaha məcbur edilməsi gender əsaslı zorakılığın gözəçarpan növüdür və milli qanunvericilik tərəfindən qadağan edilir. Həm beynəlxalq, həm də Azərbaycan qanunvericiliyində nikah yaşı 18 yaş müəyyən edilmişdir. 18 yaşadək bağlanan nikahlar, rəsmi və qeyri-rəsmi  olmasından asılı olmayaraq, gender bərabərliyinin və uşaq hüquqlarının pozulması kimi qiymətləndirilir.

Göründüyü kimi, əksər hallarda erkən nikah düşüncə tərzinin, adət - ənənələrin nəticəsi olaraq ortaya çıxır. Məhz düşüncə tərzi gender stereotipləri yaradır, gender stereotipləri də gender rolları vasitəsilə dəstəklənərək gender bərabərsizliyi yaradır. Bu isə qızların təhsil almasında, iqtisadi, siyasi həyatda iştirak etməsində problemlər meydana gətirir və qızlar ailə işlərinə aid məxluq kimi diskriminasiya olunaraq erkən nikaha məruz qalır. Müvafiq olaraq, əksər hallarda, təhsilsiz, məlumatsız olan həmin qızlar gələcəkdə öz övladlarını da erkən evləndirirlər.

Ümummilli Lider Heydər Əliyev deyirdi: “Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır”.

AHİK gender (kişi və qadın) bərabərliyinə, ailə münasibətlərinin sağlam mühitdə formalaşması və qorunub saxlanmasına diqqətlə yanaşır.

Bu istiqamətdə həyata keçirdiyi siyasətin əsasında statistik göstəricilərin sosial-iqtisadi, hüquqi, mədəni və psixoloji aspektlərinin təhlili durur. AHİK-də qəbul olunmuş “Gender bərabərliyi konsepsiyası” əsasında uzunmüddətli “Fəaliyyət proqramları”icra olunur, “Gender və Qadın problemləri üzrə Mərkəz”, “Gender bilikləri və texnologiyası məktəbi” fəaliyyət göstərir. 26 sahə həmkarlar ittifaqı mərkəzindən daxil olan statistik məlumatlar ümumiləşdirilir, cinslər arasındakı fərqlərin və təcrübələrin təsiri öyrənilir.

Belə ki, ötən il Azərbaycan əhalisinin cins bölgüsündə qadınların sayı - 5081,9 mln nəfər (50 %), kişilər isə - 5074,5 mln nəfər (50 %) təşkil edib. Qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 % təşkil edir. İqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin ümumi sayında qadınların xüsusi çəkisi artaraq 39,5 % olmuşdur. Qadınlar səhiyyə və sosial xidmətlərin göstərilməsində 56,6%, təhsildə 45,4% və istirahət, əyləncə və incəsənət sahəsində 22,4% kişilərdən üstündir. Dövlət qulluğunda çalışanlar arasında qadınlar 28 %, sahibkarlar arasında isə 26,5 %-dir.

Perspektiv proqnozlar göstərir ki, məşğulluq sahəsində gender fərqinin aradan qaldırılması ÜDM-in 35 % artmasına səbəb ola bilər, çünki qadınlar iş yerinə əlavə bacarıqlar gətirir. AHİK Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyası ilə birlikdə sovetlər dövründən qalmış 674 peşə üzrə (vəzifə) iş yerlərində qadınların əməyini qadağan edən “Siyahı”ya yenidən baxış keçirib. Hazırlanmış qanun layihəsi 3 tərəfli komissiyada baxılıb.

AHİK-in Gender statistikası göstərir ki, həmkarlar ittifaqları üzvlərinin ümumi sayında kişilər - 47,7 %, qadınlar isə - 52,3 %-dir. Həmkarlar ittifaqlarının seçkili orqanlarında qadınlar - 47,8 %, bütün səviyyəli rəhbər vəzifələrdə isə 42,5 % təmsil olunurlar.

Sahə həmkarlar ittifaqlarının məlumatına görə, strukturlarında gender və qadın problemləri ilə məşğul olan 2 463 komissiya var, bunlarda ictimai əsaslarla 9 797 nəfər qadın və kişi fəaliyyət göstərir. Azsaylı təşkilatlarda isə bu məsələlərə cavabdeh olan 789 nəfər məsul şəxs təyin edilib.

AHİK-in təsis etdiyi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası bütün yaş qrupunda olan həmkarlar ittifaqı işçiləri üçün gender siyasəti üzrə kurs və treninqlər təşkil edib. Sahə HİRK-lərinin məlumatına görə, yerlərdə 6 min üzvün iştirakı ilə gender məsələlərinə dair 219 seminar, dəyirmi masa və digər tədbirlər keçirilib. Onların əksəriyyəti onlayn formatda olmuşdur.

AHİK Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bağlanmış sazişə əsasən, “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu” mövzusunda silsilə seminarlar keçirir. Ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və inkişaf etməsi ətraflı müzakirə edilir. Sosial tərəfdaşlar və beynəlxalq təşkilatlarla məqsədyönlü layihələr icra olunur.

Hər il Hİ təşkilatları tərəfindən 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Əsas məqsəd ölkə ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Ailələr, onların rifahı, risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşması kimi məsələlər gündəliyə gətirilir.

Bununla belə, hamımızı narahat edən məsələlər, o cümlədən nikahların sayının azalması, boşanmanın və eyni zamanda erkən və qeyri - rəsmi nikahların artması, ailə adət-ənənələrindən imtina prosesinin sürətlə inkişaf etməsi - cütlüklərin nikah müqaviləsiz yaşaması hələ də gündəmdədir. Nəticədə ən çox nikahdankənar doğulmuş uşaqlar əziyyət çəkməli olur.

Həmkarlar ittifaqları, Azərbaycan xalqının təmsilçiləri olaraq, yuxarıda qeyd olunan mənfi halları pisləyir, qətiyyən qəbul etmir və bunu insan hüquqlarının ciddi pozuntusu hesab edir. Bu baxımdan hesab edirəm ki, problemin ciddiliyini nəzərə alaraq daha çox iş görməli, maarifləndirmə işini intensiv şəkildə aparmalıyıq və ailə genefondumuzu qorumalıyıq.

Namiq HÜSEYNOV,

AHİK-in Zəhmətkeşlərin

mədəni-məişət problemləri

üzrə analitik tədqiqat

şöbəsinin müdiri

ETİKETLƏR: